•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

Əmrah Fəqanoğlu: “Diletant səviyyəli yazı müəlliflərinin özlərini jurnalist adlandırması mənə həmişə pis təsir edir.

Suallarımızı tanınmış  jurnalist Əmrah Fəqanoğlu cavablandırır


– Əmrah müəllim, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdiniz. Media yolunuzsa gərək ki,  1991-ci ildən başlanıb. Hansı mərhələlərə bölərdiniz bu yolu?


-Mənim jurnalistikanı seçməyim, nə qədər kədərli olsa da, ailəmizə üz verən və ömrümün sonuna qədər də məni ağrıdacaq faciə ilə bağlıdır. 1980-ci ilin noyabr ayında ailəmizin ilki – qardaşım Ehtiram Kənd Təsərrüfatı İnstitutunun birinci kursunda oxuyanda qəflətən dünyadan köçdü. O zaman mən beşinci sinifdə oxuyurdum. Dəhşətli dərəcədə sarsılmışdım, yaşamaq istəmirdim, özümə Allahdan yalnız ölüm diləyirdim… Həmin dövrdən başlayaraq kədərimi poetik  dillə ifadə etməyə çalışırdım və bu mənə bir qədər təskinlik verirdi. Sonra başqa səpkili şeirlər və hekayələr yazdım. Altıncı sinifdə oxuyanda “Pioner” jurnalına göndərdiyim şeir çap olundu və ədəbiyyat müəllimim bu uğuruma görə sinif yoldaşlarımın qarşısında məni o ki, var təriflədi. Həmin jurnalda “Bağışla, ana!” adlı hekayəm işıq üzü görəndə də müəllimimdən “sən əməlli-başlı yazıçısan ki” tərifini eşidib fərəhlənmişdim. Şeir və hekayələrlə yanaşı, “Pioner” jurnalında və “Azərbaycan pioneri” qəzetində məqalələrim də çap olunurdu və buna görə mənə xeyli miqdarda qonorar da göndərirdilər.  Doğulub böyüdüyüm Ağsu rayonunda çıxan “Birlik” qəzetində də məqalələrimə yaşıl işıq yandırmışdılar, hətta az sonra həmin qəzetin ştatdankənar müxbiri seçildim. Azərbaycan radiosuna göndərdiyim publisistik yazıların efirdə səsləndirilməsinə də artıq bir növ adət etmişdim.

O vaxt jurnalistika fakültəsinə qəbul olunmaq üçün 2 il iş stajı tələbi qoyulması ucbatından imtahanları uğurla versəm də, stajı olanlara üstünlük verildi. Hərbi xidmət illərində Pribaltika hərbi dairəsinin nəşri olan “Za rodinu” qəzetində” müxbirlik edirdim.  Sonra isə sevimli Bakı Dövlət Universitetim, tələbəlik illəri… Azərbaycan televiziyasında və radiosunda hazırladığım, aparıcısı olduğum müəllif proqramları… Bu  proqramların sırasında 1992-93-cü illərdə cəbhə xəttindən, hərbi hissələrdən, poliqonlardan, hərbi toplanış məntəqələrindən və hərbi hospitallardan hazırlanmış radioreportajlar da yer alır. Bəxtimdə Mövlud Süleymanlı, İntiqam Mehdizadə, Oktay Şamil kimi böyük qələm sahiblərinin təcrübəsindən bəhrələnmək, onlardan dəyərli məsləhətlər alıb tətbiq etmək şansı da varmış…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin reklam-nəşriyyat şöbəsindəki işim də xeyli maraqlı idi,  idarənin “Məğulluq” qəzetində baş redaktor müavini kmi dövlətimizin sosial siyasətinin uğurla həyata keçirilməsinə öz töhfələrimi verirdim…  “Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışsam da özümü həmişə sıravi müxbir, reportyor kimi hiss etmişəm. Bu gün də elə həmin hisslərlə yaşayıram.

-KİV-də çalışmaq maraqlıdır, yoxsa hansısa qurumun mətbuat xidmətində?

– 2006-cı ildə sevimli qəzetim “İki sahil”in xeyir-duası ilə ARDNŞ-in Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətə başladım.  Medianın işərisindən gəldiyim üçün elə bir çətinliyim olmadı. Ən əsası da bir jurnalist olaraq yazmağa son vermədim. “İki sahil” qəzetində, “Modern.az” saytında aktual mövzularda yazılarım çıxdı. Bu indi də davam edir. Vüqar Rəhimzadə ilə söhbət edəndə həmişə deyirəm ki, baxmayaraq, o qəzetdən siyasət bölməsinin müdiri kimi ayrılmışam, amma unutmayın,mən günü bu gün də o qəzetin sıravi müxbiriyəm.

Regionlardakı Müalicə-Diaqnostika mərkəzlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən açıq ürək əməliyyatı aksiyasını  işıqlandırmağımız yaxşı yadımdadır. “Xəzər” televiziyasını təmsil edən Hacı Nuran da Füzuli və Şamaxı rayonlarında reallaşdırılan açıq ürək əməliyyatı aksiyasının çəklilşlərində bizimlə bərabər olub.  Fürsətdən istifadə edərək, Nuran qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm.  Sonrakı mərhələdə böyrək transplantasiyası aksiyaları da geniş vüsət aldı və həkimlərin xidmətindən təmənnasız şəkildə yararlanan insanların və onların doğmalarının sevinc hisslərini duymaq çox təsirli idi…

8 il ARDNŞ-də çalışdım və sonra Dövlət Sosial Müdafiə Fondunda  mətbuat xidmətinin rəhbəri oldum. Tam səmimi deyirəm ki, bu müddət ərzində heç bir jurnalistdən narazılığım olmayıb. Əksinə, jurnalistlər arasında özümə yeni və çox etibarlı dostlar qazanmışam.

Mənim üçün KİV-də, mətbuat xidmətində çalışmaq eyni dərəcədə maraqlıdır.

-Bizim jurnalistikanın kadr potensialı barədə danışaq.

-Bu gün Azərbaycanda azad söz, azad fikir bərqərardır və qələm adamları da bu imkandan yetərincə yararlanır. Amma necə və hansı şəklidə yararlanır, bax əsas məsələ də bundadır. Bəzən hətta  inşa yazısı yazmaq qabiliyyəti olmayan şəxslər bir-iki cızma-qaraya imza atmaqla, özlərini peşəkar jurnalist hesab edirlər. Mən jurnalistikda təcrübənin vacibliyinin tərəfdarı olsam da, yaşın çox olmasının tərəfdarı deyiləm. Çünki elə gənc jurnalistlər var ki, illərini jurnalistikda yola vermiş yaşlılardan yaxşı yazırlar və oxunurlar da. Amma diletant səviyyəli yazı müəlliflərinin özlərini jurnalist adlandırması mənə həmişə pis təsir edir. Bu gün saytlar, xəbər portalları həddən artıqdır, təbii ki, onların sırasında nüfuzluları da yetərincədir. Bəzi xəbər saytlarında isə əsasən bir-birindən köçürülmə və əksər halda da “reketçilik” iyi verən məqalələr (əgər onlara məqalə demək də mümkündürsə) yurd salıb. Məsələn, guya hansısa məmuru tənqid edirlər, amma əslində tənqid adı ilə təqdim etdikləri boş söz yığınından savayı bir şey deyil, ortada konkret fakt və dəlil yoxdur. Orfoqrafik səhvlər də elə ilk cümlədən adamın gözünə girir. Düşünürəm ki, Mətbuat Şurası insanların şərəf və ləyaqətini aşağılayan yazılarla ad çıxarmış xəbər saytlarına qarşı ciddi ölçü götürməli, onların bağlanmasına nail olmalıdır. Həmin saytları işlədənlər nəhayət, tənqidlə təhqirin fərqini anlamalıdırlar.

Ümumiyyətlə, jurnalistika geniş anlayışdır. Onun kadr potensialı əlbəttə, kasad olmamalıdır. Amma fikrimcə, əsl jurnalistlər daha çox praktiki fəaliyyət zamanı yetişdirilir. 1995-ci ildən 1999-cu ilə qədər çalışdığım “Avrasiya” qəzeti yeni nəsil jurnalistlərin yetişdirilməsində bir konveyer rolunu oynayırdı və “Avrasiya məktəbi” deyilən o institutun yetirmələri hazırda medianın müxtəlif sahələrində öz sözlərini layiqincə deyirlər. Bildiyim qədər, ANS Şirkətlər qrupu da müasir dövrün tələbləri səviyyəsində jurnalist yetişdirilməsi işini uğurla gerçəkləşdirir.  Son onillikdə Bakı Dövlət Universitetinin və digər ali təhsil ocaqlarının jurnalistika fakültəsini bitirənlərin əksəriyyətində isə jurnalistikaya maraq hiss olunmur. Çünki bizdən fərqli olaraq, onlar fənn üzrə imtahanlara qabiliyyət imtahanına cəlb olunmadan buraxılıblar. Bizim dövrümüzdə isə fənn imtahanlarına yalnız qabiliyyət üzrə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə verənlər buraxılırdı. Hətta sənəd qəbulu zamanı qəzet və jurnallarda dərc olunmuş yazıların təqdim edilməsi başlıca şərt kimi götürülürdü. Bütün kəm-kəsirlərə baxmayaraq, ümid edirəm ki, Azərbaycan jurnalistikasının sabahı indikindən daha parlaq olacaq.

– Erməni təcavüzündən yetərincə danışa bilirmi mediamız? Və danışdıqlarımız Biləcəri sərhəddini keçə bilirmi görəsən?

-Məncə, bu sahədə mediamızın fəaliyyətini alqışlamaq olar. Həqiqətən də, bizim jurnalistlərin vətənpərvərliyi və Qarabağımıza olan sevgisi çox yüksək səviyyədədir. İstər telekanal, istər qəzet, istərsə də sayt əməkdaşlarının. Sizin saytın bu sahədə apardığı fəaliyyət də olduqca təqdirəlayiqdir. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı işğal etməsinə dünya birliyi bilərəkdən göz yumsa da, Prezident İlham Əliyevin apardığı siyasət bizi bu işğala son qoyulması tarixinə günbəgün yaxınlaşdırır. Bu ilin aprel ayında cəbhədə baş verənlər bu inamımızı bir daha möhkəmləndirdi və bütün xalq Ali Baş Komandanın ətrafında bir daha yumruq kimi birləşdi.

Mediamız erməni təcavüzündən yetərincə danışmaqla bərabər, şəhidlərimizn tanıdılması və onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirməlidir. Xalqımız öz qəhrəmanlarını yaxından tanımalı, bugünkü və gələcək nəsillər vətənpərlik baxımından onlardan örnək götürməlidir.

Erməni təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi məqsədilə iş aparan mediamızın fəaliyyətini normal hesab edirəm. Unutmayaq ki, bu kimi  məsələlərin həllində maliyyə təminatı da mühüm rol oynayır. Maliyyə nə qədər güclü olarsa, peşəkar kadr və texniki təminat problem də bir o qədər tez həll olunar. Azərbaycan dövləti bu yöndə mediamıza daim hərtərəfli dəstək verir.

-Sonda sizinlə bağlı sual. Media mükafatlarınız da var,  kitablarınız da.  Planlarınız necə? Media ilə bağlı planlarınızı nəzərdə tuturam.

-“Media açarı”, “Qızıl qələm” media mükafatlarına analitik yazılarıma görə layiq görülmüşəm. Azərbaycan Ombudsmanının insan hüquqları mövzusunda keçirdiyi ən yaxşı məqalələrə dair müsabiqənin və “Avrasiya” qəzetinin 1997-ci ildə öz oxucuları arasında keçirdiyi “ən yaxşı yazılar müəllifi” nominasiyasının qalibi olmuşam.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin jurnalistləri əhatə edən layihəsi əsasında Avropa Əsas İnsan Hüquq və Azadlıqları Konvensiyası üzrə hüquqi biliklərə yiyələnməklə xüsusi sertifikata layiq görüldüm. 2006-cı ildə ölkənin bir qrup tanınmış jurnalisti ilə birgə Qahirədə müasir jurnalistika sahəsinə dair 20 günlük kursun iştirakçısı olmaqla, beynəlxalq əhəmiyyətli sertifikat qazandım.

“Şəfəqi solmayan ömür” və “Gözümü açandan Vətən sən oldun!” adlı kitablarım işıq üzü görüb. Hazırda “Yaşamağa məhkum” adlı 3-cü kitabımı çapa hazırlayıram. Kitabda müxtəlif illərdə qələmə aldığım şeir, hekayə, publisistik yazılarım toplanıb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube