•  – Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol 
  •  – Eks-nazir Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU 
  •  – Prezidentdən yeni sərəncam - 5,7 milyon manat ayrıldı 
  •  – DİQQƏT! Prezident sərəncam imzaladı 

Bazarda günbəgün ucuzlaşma: Faraş kartof-soğan su qiymətinə, meyvələr isə...

Kənd təsərrüfatı bazarlarında bu ilin əvvəlindən start götürən bahalaşma səngiməkdə, həftə-həftə bazara çıxarılan yeni məhsulların həcmi artdıqca qiymətlər ucuzlaşmaqdadır.

May ayının sonuna doğru yaxınlaşdığımız bu günlərdə, aqrar sektorun termini ilə desək, ilkin yaz dövründə qiymətlərdə bahalıq müəyyən qədər özünü göstərir. Ancaq gündəlik ərzaq səbətində mühüm yer tutan kartof, soğan, sarımsaq, pomidor, xiyar, lobya, badımcan kimi tərəvəzlərdə ciddi ucuzlaşma qeydə alınıb.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, hazırda faraş kartofun qiyməti 50-70 qəpiyə qədər ucuzlaşıb. Təzə soğanın kiloqramı 40-50 qəpikdir, 3 kiloqramı 1 manata təklif olunan soğan da var. Xiyarın qiyməti də ötən həftə ilə müqayisədə sürət enib, 1 kiloqramı 50-60 qəpiyə təklif olunur. 3-3.50 manata satılan pomidor da ucuzlaşaraq, 2-2.50 manata düşüb. Hazırda bazarda Zirə pomidoru ilə yanaşı, ən çox tələbat Qazax və Şəmkir pomidorunadır. Bəzi piştaxtalarda Qazax pomidoru 1.80 manatdan təklif olunur. Satışda olan məhsulların demək olar ki, hamısı istixana və ya "örtükaltı" məhsullardır. Yəni açıq sahə tərəvəzlərinin yığımı hələ başlanılmayıb. Tərəvəzlərdən bibərin qiyməti baha olduğundan ədədlə satışı həyata keçirilir, şirin və acı bibərin 1 ədədi 20 qəpiyədir. Badımcan hiss olunacaq dərəcədə ucuzlaşaraq, 1.50 manata düşüb. Təzə lobyanın 1 kiloqramının qiyməti 5-7 manatdan 2.50 manata düşüb. Sarımsağın qiyməti ilə bağlı ötənilki tendensiya yenidən təkrarlanır. Öncəki illərdə qiyməti 5-7 manatdan aşağı olmayan təzə sarımsağın kiloqramı yenə 1 manata satılır. Alıcıların ən çox üz tutduğu məhsullardan biri də bu mövsümün sevimlisi sütül qarğıdalıdır ki, onun 1 ədədi 1.50 manata satılır və hələ ucuzlaşmayıb. Mətbəximizin sevimli yeməklərindən biri yarpaq dolmasının hazırlanmasında istifadə olunan tənək yarpağının da mövsümüdür, kiloqramı 4.50 manata satılır. Bostan meyvələrindən yemiş hələ ki, bazarda gözə dəyməsə də, qarpız satanların sayı artıb. Qiymətində isə elə bir dəyişiklik yoxdur, 1 kiloqramı 3 manatdan təklif olunur. Bu isə o deməkdir ki, orta ölçülü 6-7 kiloqramlıq bir qarpız almaq üçün 20 manatdan keçməlisən.

Meyvələrə gəlincə, bu mövsümün sevimlisi çiyələk və alçadır ki, onların da qiyməti artıq hər kəs üçün əlçatan səviyyəyə düşüb. Hazırda çiyələyin 1 kiloqramının qiymçəti 1.50-2 manat arasında dəyişir. Alçanın kiloqramı isə 3-3.50 manatdan başlayır, 10 manata kimi yüksəlir. Göycədən söhbət gedirsə, qiymət 15 manata qədər qalxır. Hələ ki,Ş kütləvi şəkildə bazara daxil olmasa da, ərik və gilas da satışda var. Əriyin kiloqramı 6 manata,ağ gilas 12 manata, qırmızı gilas isə 22 manata satılır. Digər meyvələrdən alma 2 manat, banan 2.50 manat, kivi 3 manata, apelsin 1.80 manatadır.


Kənd təsərrüfatı bazarının hazırki durumunu dəyərləndirən aqrar sahə üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, hazırda mövsümün elə dövrünü yaşayırıq ki, bütün kənd təsərrüfatı məhsulları kütləvi şəkildə yetişərək bazara daxil olmayıb: "Hələ ki, kartof, soğan və bəzi tərəvəz məhsulları bazara yüksək həcmdə çıxıb ki, onların da qiymətində son bir həftədə ucuzlaşma baş verib. Mövsümi olaraq hansı məhsulun məhsulun yetişmə dövrü başlayıbsa, o bazarda öz yerini tutmağa və ucuzlaşmağa başlayıb. Ancaq bu ilkin yaz dövrüdür və bütün məhsullar yetişməyib. Ərik və alçanın hələ tam yetişməsi baş verməyib, ona görə qiymətləri bahadır. Bir müddət sonra çəyirdəkli meyvələr bazara çıxacaq və qiymətlər düşəcək. Bu mövsümlə bağlıdır. Burada digər amil də odur ki, açıq sahə bostançılığı və tərəvəzçiliyi fəaliyyətə başlasın. Hələ ki, istixana məhsulları bazardadır, açıq sahələrdə əkilən bostan və tərəvəz məhsullarının yığımı başlanmayıb. Ona görə də, qarpızın qiyməti indi bahadır. Bu məhsulun yetişmə vaxtı iyul ayıdır. Hazırki məhsullar örtükaltı şəraitdə yetişdirilənlərdir. Kütləvi açıq sahə yığımı başladıqdan sonra ucuzlaşma baş verəcək. Bu 2-3 həftədən sonra olacaq".

N.Nəsirli onu da vurğuladı ki, hazırki təzə meyvə-tərəvəz məhsullarından istifadə edərkən diqqətli olmaq lazımdır:"Həm bitkiçilik sahəsində, həm də bostançılıq və tərəvəzçilikdə mineral gübrələrin tətbiqi faktı var. O gübrənin vurulması bütün hallarda zərərli deyil, çünki onu insan yemir, bitki tərəfindən sorulur. Gübrənin müəyyən sorulma dövrü var, bitki onu mənimsəyir və potensial məhsuldarlığını yüksəltməyə başlayır. O zaman zərərli ola bilər ki, fermerlər gübrəni, xüsusən də nitrat tərkibli gübrəni normadan artıq istifadə etsin. Nitrat maddəsi insan orqanizmi üçün həddindən artıq zərərlidir, xüsusən də həzm sistemi, mədə-bağırsağa ziyan vurur. Bunu bilmədən normadan artıq gübrə vurularsa zərərli ola bilər. Çünki aqrokimyada belə bir 1qayda var ki, hər bir bitkinin mineral maddə mənimsəmə indeksi var. 1 hektar əraziyə məsələn, 250 kiloqram gübrə verilə bilər. Ancaq bizim fermerlər eyni həcmdə gübrəni 1 sot əraziyə tətbiq edir. nəticədə bitki həmin kimyəvi maddələri tam mənimsəyə bilmir, mənimsədiyi hissəni məhsula göndərir. Ona görə də, ən çox bostan məhsullarında və pomidorda bu maddənin miqdarı hər il normadan artıq olur. Onu yeyən insanın orqanizmində də müxtəlif pozuntular yaradır. Xüsusən də mövsümündən əvvəl yetişdirmək üçün örtükaltı təsərrüfatlarda mineral gübrəni bir qədər də çox verirlər, problem də ondan yaranır. Hökumət istehsalçılar arasında maarifləndirmə işi aparmalıdır, regionlarda buna baxan bitki mühafizə xidmətləri var, aqrokimya laboratoriyaları var. Bizim təsərrüfatlarda ən ciddi problemlərdən biri də aqronom problemidir. Bəzən fermerlər ümumiyyətlə gübrəni az verirlər və məhsul ala bilmirlər. Ona görə də tövsiyə edirik ki, hər bir məhsulu insanlar mövsümündə istehlak etsinlər. İndiki mövsümdə yetişən qarpız mütləq mineral gübrənin köməyi ilə yetişir. Həmçinin açıq sahə pomidoru da iyun ayının ilk ongünlüyündən sonra satışa çıxacaq. Bu dövrü gözləmək lazımdır".

Bazarda günbəgün ucuzlaşma: Faraş kartof-soğan su qiymətinə, meyvələr isə...- REPORTAJ - FOTO
Bazarda günbəgün ucuzlaşma: Faraş kartof-soğan su qiymətinə, meyvələr isə...- REPORTAJ - FOTO
Bazarda günbəgün ucuzlaşma: Faraş kartof-soğan su qiymətinə, meyvələr isə...- REPORTAJ - FOTO
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube