•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Benefisiar sahibliyin açıqlanması: Azərbaycan buna hazırdımı?

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Standartları (MSŞT Standartları) sahəsində Azərbaycanın qarşısında duran öhdəlikərdən biri də benefisiar sahibliyin açıqlanmasıdır. Benefisiar sahibliyin açıqlanması barədə MSŞT standartına tövsiyə xarakterli bənd 2013-cü ildə daxil edilib. Həmin zaman bu bəndin 2016-cı ildən tövsiyə deyil, icrası məcburi olan tələb kimi qəbul olunacağı nəzərdə tutulurdu. Lakin bu ilin fevralında EİTİ Beynəlxalq İdarə Heyəti bəndin daha 4 il – 2020-ci ilədək tövsiyə xarakterli qalmasına dair qərar qəbul edib. Standartın 3-cü tələbinin 3.6.c) yarımbəndində göstərilir ki, neft, qaz və mədən sektorunda fəaliyyət göstərən şirkətlərin, həmçinin dövlət təşkilatlarının tabe şirkətlərində və birgə müəssisələrində olan benefisiar sahiblik açıqlanmalıdır. 

Benefisiar sahibliklə bağlı Azərbaycanda 3-cü qiymətləndirmə öncəsi Beynlxalq İdrə heyətinin irəli sürdüyü tövsiyələrdə də bənd var. Həmin tövsiyəyə əsasən, MHŞT üzrə Çoxtərəfli Qqrup səhm kapitalı və sahiblik hüququnda dəyişikliklərlə əlaqədar bütün detalların SOCAR tərəfindən açıqlanmasını təmin etməlidir. ÇQ bunun SOCAR-ın neftin emalı, neft məhsullarının paylanması və marketinqi sektorunda fəaliyyət göstərən törəmə şirkətlərinə də şamil olunmasını nəzərdən keçirməlidir.

Benefisiar sahiblik nədir və hansı ölkələrdə tətbiq edilir?

Benefisiar sahiblik – bir və ya bir neçə nəfərin hər hansı şirkətin faktiki, yaxud dolayı sahibi olması, və yaxud şirkətin formal sahiblərinə nəzarət imkanına malik olması, həmin şirkətin maliyyə və qeyri-maliyyə aktivlərindən birbaşa və ya dolayı yolla bəhrələnməsi deməkdir.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü icra edən region ölkələri arasında benefisiar sahibliyin açıqlanması tələbini qanunvericiliyə daxil edən ilk ölkə Ukraynadır. Bu ölkədə 2015-ci ilin fevralından “Cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulmasının, terrorizmin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşməsinə qarşı mübarizə və qarşısının alınması haqqında” Qanun qüvvəyə minib. Bu qanunda benefisiar sahibkar anlayışının dəqiq izahı verilərək, onun formal sahibinin kimliyindən asılı olmayaraq, hər hansı hüquqi şəxsin fəaliyyətinə təsir etmək imkanlarına malik fiziki şəxslər olduğu qeyd edilir. Bu zaman benefisiar sahib hüquqi şəxsin

Bütün aktivlərinə və ya aktivlərinin əhəmiyyətli hissəsinə sahib ola, və ya onlara təsirlərə malik ola,

Səsvermənin nəticələrinə və müqavilələrin həyata keçirilməsinə təsir edə

İdarə orqanına(direktora) əmr vermək, yaxud onun funksiyasını həyata keçirmək imkanına malik ola

Nəhayət, hüquqi şəxsdə birbaşa və ya dolayı yolla 25 faiz və daha artıq paya malik ola bilər.

Qanunda dəqiq qeyd olunub ki, hüquqi şəxsin nizamnamə kapitalının 25 faiz və daha artıq hissəsinə formal sahiblik və ya səs hüququna malik olan, lakin agent, yaxud vasitəçi rolunu oynayan şəxslər son benefisiar sahibkar ola bilməzlər. Ukraynada biznes fəaliyyəti göstərən bütün hüquqi şəxslər benefisiar sahiblərinə dair məlumatları Vahid Dövlət Reyestrinə təqdim edməlidilər.
Avropa Parlamenti isə 2015-ci ilin mayında “Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə 4-cü qətnamə”sini qəbul edib. Qətnaməyə əsasən Avropa Birliyinin üzvü olan bütün ölkələr benefisiar sahibliyə dair reyestr yaratmalı, Avropa İttifaqı dövlət və hüquq-mühafizə orqanlarının oradakı məlumatlara çıxışını təmin etməlidilər. Bu ilin yayında qətnaməyə edilən dəyişikliyə əsasən üzv ölkələr reyestrlərindəki şirkətlərin benefisiar sahibliyinə dair və trastların (qarşılıqlı etibara əsaslanan şifahi və ya yazılı razılaşma əsasında yaradılan şirkətlər) kommersiya fəaliyyəti ilə bağlı bir sıra məlumatlara açıq girişi təmin etməlidilər.

Azərbaycanın mədən sənayesində benefisiar sahiblik – açıqlanırmı?

Azərbaycanda MHŞT üzrə QHT Koalisiyasının təşəbbüs üzrə ölkənin hesabatlarına olan rəylərində göstərilir ki, benefisiar sahibliyin açıqlanması sahəsində bir sıra problemlər mövcuddur. Belə ki, MHŞT hesabatlarında SOCAR-ın benefisiar sahibliklə bağlı açıqladığı məlumatlarda birgə və asılı müəssisələrdə dövlət şirkətinin payı, gəlir və aktivlərin həcmi və borc öhdəlikləri ifadə olunub. Bütün bu məlumatlar yalnız SOCAR-a aiddir. MHŞT standarları isə tələb edir ki, dövlət müəssisləri MHŞT hesabatlarına birgə və asılı şirkətlərin kapitalındakı payı, həmçinin layihə dövrünün müxtəlif mərhələlərində xərcləri ödəmək cavabdehliyi, məsələn: tam ödənmiş kapital, sərbəst kapital və yarımaktiv (nominal) iştirak paylarını daxil etsin (Hesabatda dövlətin payları haqqında məlumatlar təsvir edilir). Həmçinin MHŞT Hesabatı müddətində hökumət və dövlət təşkilatlarının sahiblik səviyyəsində dəyişikliklər baş verərsə, hökumətdən və dövlət təşkilatlarından transaksiyanın şərtlərini, o cümlədən qiymətləndirmə və gəlirlərə dair təfərrüatları açıqlamaq tələb olunur. Eyni zamanda hökumət və dövlət müəssisəsələri ölkə daxilində fəaliyyət göstərən mədən, neft və qaz şirkətlərinə kredit və ya kredit zəmanəti verdikləri hallarda, bu əməliyyatların təfərrüatları MHŞT Hesabatında açıqlanmalıdır.
2013-cü il hesabatında göstərilir ki, bu hesabatlılıq müddətində hökumət və SOCAR arasında benefisiar sahiblik səviyyəsində dəyişiklik olmayıb. Eyni zamanda, hesabatlılıq müddətində SOCAR-ın tabe şirkətlərində və birgə müəssisələrində benefisiar sahibliyində də heç bir dəyişiklik olmayıb. Lakin şirkətin 2013-cü il üzrə İcmal Maliyyə Hesabatını izlədikdə məlum olur ki, dövlət şirkətinin benefisiar sahibliklə bağlı bir çox məlumat və dəyişiklikləri MHŞT hesabatı çərçivəsində açıqlanmayıb. Həmin ildə şirkətin birgə və asılı müəssilələrdində nizamnamə kapitalına əlavələr, investisiya qoyuluşu və başqa dəyişiklər baş verib.

Benefisiar sahibliyin açıqlanmasına mane olan qanunlar var

Sentyabrda keçirilən referendumda Konstitusiyaya benefisiar sahibliyin açıqlanması prosesini əngəlləyən dəyişiklik edilib. Dəyişikliklər birbaşa mülkiyyət sahibləri və dövlət şirkətlərinn fəaliyyətindən faydalananlarla bağlı məlumatlara çıxış imkanlarının məhdudlaşdırılmasına yönəlib. Bundan əlavə, 2012-ci ildə mövcud qanunvericilikdə aparılan dəyişikliklərlə Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar yasaqlanıb. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara müvafiq dəyişikliklər edilib. Hazırda konfidensial hesab olunan bu məlumatlara çıxışın qapalı olması bir tərəfdən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, eləcə də korrupsiyaya qarşı mübarizə imkanlarını məhdudlaşdırır, digər tərəfdən isə Azərbaycanın beynəlxalq miqyasda götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.

MHŞT Koalisiya Şurasının koordinatoru Qubad İbadoğlu deyir ki, Azərbaycanın da qoşulduğu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) beynəlxalq idarə heyətinin Limada keçirilən 25 fevral 2016-cı il tarixli iclasında qəbul edilmiş qərarda göstərilir ki, üzv ölkələr mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı Yol Xəritəsi hazırlamalı və 2020-ci ilədək bu sahədə milli qanunvericilikdə olan bütün hüquqi baryerləri aradan qaldırmaqla, həmin ildən bu təşəbbüsü məcburi olaraq tətbiq etməlidir: “Hətta MHŞT üzrə Çoxtərəfli Qrupun 29 iyun 2016-ci il tarixli iclasında Beyker və Makkenzie şirkəti benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsini hazırlayacaq şirkət olaraq seçilib. Belə olan halda Konstitusiyanın 32-ci maddəsinə olunan əlavələr MHŞT-nin benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair tələbinin Azərbaycanda tətbiqində baryer yaradacaq. Nəticədə dövlət şirkətlərində payı olanlar, həmin şirkətlərin fəaliyyətindən bəhrələnənlərə dair məlumatların əldə edilməsi mümkün olmayacaq. Aydındır ki, bu əlavələr məhz mülkiyyət sahiblərinin və ondan faydalananların mənafeyinə xidmət edir və beynəlxalq təşəbbüslərlə əksdir”.



MHŞT Koalisiya Şurasının üzvü, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanovun sözlərinə görə, 2013-cü ildə qəbul olunmuş MHŞT standartını tətbiq edən ölkələr üzrə tələblər mövcuddur: “MHŞT-nin bu tələbindən biri də odur ki, MHŞT hesabatları aydın başa düşülən və ictimaiyyət üçün faydalı olmaq məqsədilə mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələri ilə bağlı ictimaiyyətə açıq olan kontekstual məlumatla müşayiət edilməlidir. Bu məlumatlara benefisiar sahibliyə tətbiq edilən hər hansı müddəanın icmalı da daxil edilməlidir. Çoxtərəfli qrup MHŞT hesabatı üçün kontekstual məlumatın hazırlanmasına dair prosedur və vəzifələri razılaşdırmalıdır. Məlumatın mənbəyi aydın şəkildə göstərilməlidir.



Qanunvericilikdə hansı dəyişikliklər edilməlidir?

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda qanunvericiliyə benefisiar sahibliyin açıqlanmasını əngəlləyən dəyişikliklər edilib: “2012-ci ildə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna xüsusilə medianın işinə problemlər yaradan dəyişiklik edildi. Jurnalistlər araşdırma apararkən məlumatlara çıxış imkanları vardı. Xüsusilə satınalmaların, tenderlərin şəffaflığı, sifarişçinin yaxınlarına verilib-verilməməsi görünürdü. Siz bir araşdırma aparır və bu araşdırma çərçivəsində gedib bir yerə çıxa bilirsizsə bu araşdırma obyektiv nəticələnir. Amma araşdırma aparır gedir subyektin təsisçilərini görə bilmirsizsə deməli, ordakı bağı qurmaq imkanı yoxdu. Bu, əslində ictimai nəzarət funksiyasını həyata keçirən jurnalistika üçün demək olar ki, bir qara quyudur. Bu qanuna dəyişiklik boşuna edilmədi. Ona qədər olan səs-küylü araşdırmalar hansı ki, bu və ya digər vəzifəli şəxslərin ofşorlarla olan əlaqələrini üzə çıxardı, ondan sonra tələm-tələsik, deyərdim ki, qeyri-legitim olan dəyişiklik edildi. Ona görə qeyri-legitim deyirəm ki, “Korrupsiyaya qarşı mübarizə haqqında Qanun”da da korrupsiyaya nəzarət funksiyalarından biri mediaya aiddir. Bu dəyişiklər Azərbaycanı çox geri atdı”.
 
Ə.Məmmədlinin sözlərinə görə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda kommersiya hüquqi şəxslərin təsisçiləri və payları haqqında məlumatların gizlinliyini təmin edən müddəa qanundan çıxarılmalıdır: “Bu reyestr bazası açıq olmalıdır. Digər tərəfdən, “Korrupsiyaya qarşı mübarizə haqqında Qanun”da nəzərdə tutulan və məmurların, siyasilərin, dövlət büdcəsindən vəsaitlərin xərclənməsinə hökm edən şəxslərin mal-varlıqları haqqında bəyannamələri hər il yenilənməli və cəmiyyətə açıq olmalıdır. Çünki burada hər hansı sirr ola bilməz”.

Həbibə ABDULLA 

AFN.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube