•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

Məni zorlamayıb....amma

Bakıda sabiq məmurun güllələnməsini sifariş verən Günel Süleymanova və sifarişi yerinə yetirən Ramil Hüseynli növbəti dəfə hakim qarşısına çıxarılıb. Bildirək ki, bu iş üzrə daha üç nəfər təqsirli bilinərək həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu iş üzrə Günelin atası Rasim Süleymanov da həbs edilib. Digər həbs edilən şəxslər isə Həsənov Ramin və Kübarov Kübardır. Onların güllələdiyi şəxs isə Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımov olub. Məhkəmədə sabiq məmur da ifadə verib.

Bildirək ki, hadisə 2016-cı ilin aprelində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında baş verib. 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib. Hadisəni törədən şəxs 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli olub. Araşdırmalar zamanı məlum olub ki, bu cinayəti sifariş verən isə onun tanışı Günel Süleymanova imiş.

Ramil Hüseynli qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, GünelləHüseyn Qasımovu 40 min manat müqabilində güllələməsi barədə razılığa gəlib.Ramil Hüseynli qanunsuz olaraq gəzdirdiyi “Kalaşnikov” markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə dəfə atəş açıb.
Araşdırmalar zamanı o da məlum olub ki, Günel atası ilə əlbir olaraq sabiq məmurun həbsdə olan oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına kömək edəcəklərini vəd edərək onun külli miqdarda pulunu ələ keçiriblər.
Məhkəmədə ifadə verən sabiq məmur Hüseyn Qasımov güllələnməsinin səbəbləri haqda danışıb.

O, deyib ki, Günel ondan 33 min manat pul alıb: “Oğlum həbsdədir. Bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyərək bu qədər pulu məndən aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir.Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi”.
Bu işdə maraqalı olan məqam isə qətlin sifarişinin Günel tərəfindən 40 min manata verilməsidir. Əgər Hüseyn Qasımov Güneldən 33 minini tələb edirdisə və Günelin də 40 minlik sifariş vermək imkanı var idisə, niyə bu hadisə baş verdi?
Bu suallar ətrafında yaranan qaranlıq məqamlar barədə hakim sabiq məmurdan soruşub.

Hakim:“Səncə səni niyə öldürmək istəyiblər? Pula görədirsə, niyə 33 min pulu verməmək üçün 40 min verib səni öldürtsün?”
Hüseyn Qasımov:“Düzdür, çox maraqlıdır. Mənim pulumu vermədiyi üçün mən onu sıxışdırdım. Mən pulumu tələb edirdim. Xaləddin müəllim də, yoldaşı da rayonda deyirdi ki, “görsünlər biz onun başına nə oyun açacağıq”.Xaləddinlə yanımda danışmayıb. Xaləddinin nömərsini də mən vermişdim ona”.

Hakim daha sonra təqsirləndirilən Günel Süleymanovaya sual verərək Hüseyn Qasımovu öldürtmək istəməsinin səbəbini soruşub. Günel isə ziddiyyətli fikirlər bildirib.

Hakim: “Günay, sən suala cavab vermirsən ki, bu adamı niyə öldürtmək istəmisən?”

Günel:“Xeyir. Mən onu öldürtmək istəməmişəm”.

Hakim: “İttiham belə verilib. Yaxşı, amma sən izah elə görək niyə onu güllələtdirmisən?”

Günel:“Aramızda söyüş olmuşdu. Buna görə”.

Hakim: “İlk ifadəndə dedin ki, bu şəxs səni zorlayıb, videoya çəkib. Bunun üçün də qisas almaq istəyibsən”.

Günel:“Xeyir.Zorlama olmayıb”. 

Hakim: “İstintaqda da bir neçə fərqli ifadə vermisən. Axı bir yekun fikrini de görək. Məhkəmə istintaqında da gündə bir söz deyirsən”.

Günel:“Əvvəl dediyim kimidir. Aramızada söz-söhbət olmuşdu”.

Hakim: “Hansı söz-söhbət? İzah elə”.

Günel:“Deyə bilmərəm”.

Zərərçəkmiş sabiq məmur da Güneldən həmin söz-söhbəti məhkəməyə danışmasını istəyib. Amma Günel yenə də susub.


Qeyd edək ki, məhkəmə proseslərindən birində Günel Süleymanova demişdi ki, Hüseyn Qasımovu döyməyi və gözünün odunu almağı Ramil Hüseynliyə tapşırıb. Onun dediyinə görə, sabiq məmur hadisədən bir müddət əvvəl onunla cinsi əlaqədə olub və bunu gizli şəkildə lentə alıbmış. Günel həmin diski H.Qasımovdan almaq istədiyini söyləmişdi.

Sifarişi həyata keçirən Ramil Hüseynli də məhkəmədən söz istəyib. Adam oğurluğuna görə 12 il həbsdə yatan Ramil Hüseynli də Güneldən məhkəmədə doğruları danışmasını istəyib.

“Günel mənə dedi ki, “bir söhbət var. Onu yoluna qoya bilərsən? Bir nəfəri döymək lazımdı”. Mən də razılaşdım. Fikrim bu idi ki, pulu fırladım. Görüşəndə soruşdum ki, nə temadır? Mənə dedi ki, “bir nəfər var bərdəlidir. Mən onun oğlunun işini həll eləmişəm. Amma pulu vermək əvəzinə məni aldadıb aparıb zorlayıb. Sonra da videoya çəkib. Ondan qisa almaq istəyirəm”.

Mən əvvəlcə 50 min istədim. 40 min verəcəyini dedi. Mən də dedim ki, sən 33 minlik işə görə 40 min verisən? Başın plakatdır sənin? Dedi yoxe, “mən diski istəyirəm”. Mən də uşaq deyiləm ki, neçə il yatıb çıxmışam. Həmin ərəfədə də uşağımı da xəstəxanaya aparmaq istəyirdim. Təcili pul lazım idi. Dedim nə verə bilərsənsə, ver. Dedim ki, döyməyək. Sən pulu ver, gedim avtomat alım. Dedi “hələ pul yoxdu”. 2500 manat istədim. Sonra 1200 verdi. Dedi qalanını da sabah verəcək. Dedim bəs sən mənə 40 mini necə verəcəksən? Maya qədər verəcəyini söylədi. Sonra qayıtdı ki, “əgər bu iş xuliqanlıqla olsa, güləşçi Xəzər İsayev mənim tanışımdı. O, sənə kömək edəcək. Dedi avomatla vurma”. Dedim ala, qorxma.
Sonra silahı götürüb getdim Hüseynin evinin qabağına. Gözlədim ki, çıxsın. Telefonla danışa-danışa dayanacağa tərəf gedəndə atdım. Onun getdiyi yolun əksinə atdım. Qorxutmaq istəyirdim. Belə pis çıxmasın bu AST Telman, Abromoviç zad deyil ha. Özüm idmançı oğlanan, atıcılıq qabiliyyətim də var. 8 metrdən adam vura bilmirəm?Deyir kostyumuma, dabanıma güllə dəyib”. 

Ramil Hüseynlinin sözünü kəsən hakim ona sual verib: “Deyirsən ki, idmançısan. Qorxutmaq istəyirsənsə, gedib döyərdin". 

R.Hüseynli: “Pulu nağd vermirdi. Sözünü dəyişdi. Bilirdim ki, verməyəcək. Dedim nə alaram alaram”. 

Hakim:“Nə dəxli var? Sən pulu almısan. 1200-ə razılaşmısan. Məqsədin də qorxutmaq idi”.

R.Hüseynli bu suala cavab verə bilməyib.

Sabiq məmur Hüseyn Qasımov isə məhkəmədən söz istəyərək deyib ki, əgər ağacın arxasında gizlənməsəydi güllələr ona dəyə bilərdi.
Bu sözlər Ramil Hüseynlini qəzəbləndirib: “Böyük adam zadsan? Mən gülləni atanda sən əks istiqamətdə idin. Nə deyirsən, ala. İstəsəydim elə 8 güllənisənin qarnına doldurardım. Əlimi görürsən? Bilirsən niyə əyridi? Burun, diş, qabırğa qırmaqdan. Mən özüm səni vurmadım ki, oğlun “srokda”dır. Onun yanına gedəndə utanmayasan. Namusuma tüpürüm yalan deyirəmsə. Mən 15 yaşımdan özümünkünü şaqqalayıram.Mən səni neyniyirəm ala. Səndən baha geyinirəm, səndən baha yaşayıram. Başımı xarab eləmə. “Ma güllə atıf” deyir. Sən kimsən ki, “sa güllə atım? Bütün başımı xarab elədin”.

Ramil Hüseynli sonda üzünü Günelə tutaraq məhkəmədə doğruları danışmasını istəyib: “Camaatı niyə dolaşığa salırsan? Nə var onu danış”.
Günel: “İstəmirəm internetdə yayılsın”.
Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham edilirlər.


criminal.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube