•  – Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq 
  •  – Prezidentlə xanımı Qaraçuxurda 
  •  – “Azərbaycanın spesifik iqtisadi modeli var” – Vahid Əhmədov 
  •  – Əli Həsənov: "İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil" 

Azərbaycana Novruz gəlir, yaz gəlir...

Müasir dünyamızda hamılıqla sevinəcəyimiz çox az, bəlkə də barmaqla sayılacaq qədər tarixi günlərimiz vardır.

Bu tarixi günlər arasında bir gün də vardır ki, həmin məqam yaxınlaşdıqca hamının gözündə həyat eşqi parlayır. Hamı bir-biri ilə bayramlaşmağa daha çox yaxın olur. Bu bayram Tanrının biz bəndələrinə bəxş etdiyi ən xoş gün kimi dəyərləndirilə bilər. Öz ətri, öz qoxusu olan bu bayramın adı Novruz kimi tarixə düşsə də, əslində bu, daha çox milli birlik, tükənməz ümid və sabaha inam bayramıdır. "Novruz" sözünün mənasını yeni gün, yeni güc, təzə il kimi yozanlar heç də yanılmamışlar. Ən azı ona görə ki, bu bayram əkinçiyə bol məhsul, xəstəyə sağalmaq eşqi, evsizə ev almaq ümidi, işsizə iş tapmaq inamı verir, millətə inamla yaşamaq həvəsi vəd edir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Novruz milli birlik bayramıdır.

Milli birlik millətin bütün olması, bu bütünlük içində ayırıcı və bölücü ünsürlərə əsla yer verilməməsi kimi qiymətləndirilirsə, onda Novruz bayramının belə bir missiyaya xidmət göstərməsi danılmazdır. Novruz min illərdir ki, bütün koloritləri ilə xalqımızın milli birlik ideyalarının qorunması, mili-mənəvi dəyərlərinin yaşadılması, bütün bunların inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsi kimi olduqca mühüm bir vəzifənin öhdəsindən uğurla gəlir.

Bu bayramın bütün elementləri insanlığa ünvanlanmış müsbət enerji üstə köklənmişdir. Bütün bunlar bir daha sübut edir ki, Novruz dostluq, barışıq, ünsiyyət, təmizlik, yenilik, ülfət və səmimiyyət bayramıdır. Ona görə ki, bu sadaladığım pak və ülvi dəyərlər olmadan heç bir milli birlikdən söhbət gedə bilməz. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daim gözəl zəmin yaratmışdır.

Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular yaradaraq insanı təbiətə yaxınlaşdırır.

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər.

Şərqin böyük alimlərindən olan Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Heç təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı "Novruzu", "Novruzgülü" kimi xalq rəqsləri bu bayrama olan sevgidən qaynaqlanmışdır.

Xalqımızın özünüdərkində və təfəkkürünün inkişafında böyük rol oynayan, təbiətin əbədi qanunları ilə həmahəng olan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir. Gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən Novruz bayramı hər ilin martında qeyd edilərək insanları baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə müjdələyir. Bu bayram tarixin ən çətin anlarında insanların həyatına daxil olaraq onlarda xoşbəxt gələcəyə inam duyğusu yaratmışdır. Ulularımızın daxili aləminin zənginliyini nümayiş etdirən Novruz günlərində ölkəmizin hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür.

Sovet ideologiyasının tüğyan etdiyi dövrlərdə bu bayrama qadağalar qoyulsa da, xalqımız adət-ənənəsini yaşatmağı bacarmışdır.

Qədim zamanlardan hər bir azərbaycanlı ailəsində yaşanan Novruz bayramı respublikamızın müstəqillik əldə etməsi ilə artıq neçə ildir ki, dövlət səviyyəsində qeyd olunur. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir.
Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlətimizin başçısı demişdir: "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq".

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi də ölkəmizin milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi də məhz bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Müqəddəs Novruz artıq ölkəmizə qədəm qoymaqda, ilaxır çərşənbələri ilə Azərbaycan xalqının həyatına sevinc, şadlıq gətirməkdədir. Bu bayram neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Məşəqqətli günlərə, sıxıntılı həyata son qoyub tükənən gücləri bərpa edir. İnsanların gözlərinə işıq, qollarına qüvvət, dizlərinə güc verib, qəlblərini ümid və inamla doldurur. 

Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olmuşdur. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək, Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.

Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz yeganə bayramdır ki, insanlar onun müjdəsinə bir ay qalmış çıxır və bayram hazırlıqları görür. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. 

Deyilənə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Üçüncüsü yel çərşənbəsidir. Yel artıq azacıq oyanmış torpağı, təzəcə cücərmiş yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.

Bu çərşənbələrin hər birində insanları birliyə səsləyən bir çox nadir dəyərlər vardır. Ən azından bütün bu müqəddəs elementlər insanların bulaq başında, yanan ocağın ətrafında, torpağa tum səpəndə, əkində-biçində bir yerdə olmasının göstəricisidir.
Azərbaycan xalqının adət-ənənəsinə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.

Adətən bayramqabağı evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır. Novruz bayramında şirniyyat (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, dünyasını dəyişənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. 

Novruz bayramında "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar. Bütün bunlar isə Novruz bayramının milli birliyə xidmət edən bir-birindən maraqlı elementlərindədir.
Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları müxtəlif xarici ölkələrdə də geniş qeyd edilir. Bu mərasimlərdə yaranan xoş ünsiyyət onları bir-biri ilə sıx şəkildə bağlayır, hər bir soydaşımızda milli mənlik şüurunu, azərbaycançılıq hisslərini və duyğularını gücləndirir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır.

Qarşıda bizi bir-birimizə Novruz qədər yaxınlaşdıracaq daha bir bayram gözləyir. Bu, Qarabağın azadlığı günü olacaqdır. Həmin gün də insanlar bir-birini bağrına basıb on illərin həsrətlisi kimi görüşüb, təbrik edəcək, uşaqlar ev-ev, məhəllə-məhəllə gəzərək böyüklərdən muştuluq alacaq, hər evdə ən gözəl yeməklər bişiriləcək, insanlar ən gözəl paltarlarını geyinib biri-birini qurduqları şənliklərə dəvət edəcəkdir. O gün uzaqda deyil, inşallah tezliklə gələcək və biz yeni bir həmrəyliyi, milli birliyi bayram edəcəyik.

[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube