Bölmə: Təhsil
Baxış sayı: 173
6-01-2017, 12:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi başlayıb


Shefeq.az xəbər verir ki, idarədən “Report”a verilən məlumata görə, layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində hər ay məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunacaq. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırma aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aylıq mövzunun reallaşdırılmasında təhsil müəssisələrinə sərbəstlik verilib.

Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Ayın mədəniyyət və tarix məktəbi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”,“Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ekoloji aylıqlar” layihəsidir.