5-11-2016, 07:59
Azərbaycanda xərçəng xəstələrinin sayı ilbəil artır. Bizimyol.info Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, əhalinin cins və yaş qrupları üzrə bədxassəli şişlərlə xəstələnməsi ilə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 2007-ci ildə 7 027, 2008-ci ildə 7 377, 2009-cu ildə 7 540, 2010-cu ildə 7 626, 2011-ci ildə 8 672, 2012-ci ildə 8 645, 2013-cü ildə 9 064, 2014-cü ildə 9 543, 2015-ci ildə 10 183 nəfər olub.

Onkoloji xəstələrin sayı rəsmi deyiləndən 4-5 dəfə çoxdur

Rəqəmlər göstərilən illərdə xəstələrə ilk qoyulan diaqnozu əks etdirdiyindən belə nəticəyə gəlmək olar ki, təkcə 9 ildə bədxassəli şişlərlə xəstələnənlərin sayı 75 677 olub. Lakin, bu ilin sentyabr ayında Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən Azərbaycanda 2015-ci ildə 40 653 nəfər onkoloji xəstəliklər üzrə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub. Dediyimiz kimi ötən il 10 183 nəfərə ilk dəfə bədxassəli şişə yoluxması haqda diaqnoz qoyulub. Onlardan 188 nəfəri ağız boşluğunun və udlağın, 21 nəfəri dodaqların, 366 nəfəri qida borusunun, 1 066 nəfəri mədənin, 482 nəfəri düz bağırsağın, siqmaya bənzər hissənin, anusun, 217 nəfəri qırtlağın, traxeya, bronx, 1 147 nəfəri ağciyərin, 1 693 nəfəri süd vəzisinin, 52 nəfər dərinin melanomasının onkoloji xəstəliklərinə tutulub. Ötən il ilk dəfə onkoloji xəstəliklərə tutulanlardan 4 967 nəfəri kişi, 5 216 nəfəri qadındır. Onlardan 0-13 yaş qrupunda 13 nəfər, 14-17 yaş qrupunda 24 nəfər, 18-29 yaş qrupunda 289 nəfər, 30-34 yaş qrupunda 241 nəfər, 35-39 yaş qrupunda 358 nəfər, 40-59 yaş qrupunda 4 891 nəfər, 60 və yuxarı yaş qrupunda 4 267 nəfər ilk dəfə bədxassəli şişlərlə xəstələnib. Göründüyü kimi, statistikada xeyli dərəcədə uyğunsuzluq var. Rəsmi deyilən rəqəm son 4 ildən bir qədər artıq zaman çərçivəsində olan yenə rəsmi statistikanı əks etdirir. Əslində, 2000-ci ildən bəri olan zaman kəsiyində bu rəqəm 100 mini aşmalıdır.  

“Milli reytinq”-də xərçəng xəstəliyi dördüncü yerdədir

Azərbaycan vətəndaşları daha çox qeyri-infeksion xəstəliklərə yoluxur və ölüm faktları da bu zaman baş verir. Səhiyyə Nazirliyi də qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) kimi xəstəliklərin üstünlük təşkil etdiyini açıqlayıb. 2015-ci ildə ölkədə qan dövranı sistemi xəstəliklərinə 134 225 nəfər, tənəffüs orqanları xəstəliklərinə 752 669 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 53 371 nəfər, bədxassəli yeni törəmələrlə 11 118 nəfər xəstələnib. Yeni törəmələrə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində, Abşeron, Xaçmaz, Kürdəmir, Şəki, Ucar, Lənkəran və Qəbələ rayonlarında yoluxanlar üstünlük təşkil edir. Respublikanın baş onkoloqu Azad Kərimli də keçən il demişdi ki, son 5 ildə Azərbaycanda onkoloji xəstələr 35 faizdən artıq çoxalıb.

Cəmi 3 nəfər azalmanı nazirlik “uğur” kimi qələmə verir

Statistikada onkoloji xəstələrin sayının durmadan artdığına baxmayaraq, nazirliyin web-saytında gedən məlumatlarda qeyd olunur ki, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Belə ki, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Milli Onkoloji Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırılıb. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-yə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib.

Hər 100 min qadınımızın 109-u xərçəngdir

Qadınların bədxassəli şişlərlə xəstələnməsi kişilərdən daha çoxdur. Belə ki, 2007-ci ildə 3 527 (3 500 kişi), 2008-ci ildə 3 785 (3 592 kişi), 2009-cu ildə 3 847 (3 693 kişi), 2010-cu ildə 3 870 (3 756 kişi), 2011-ci ildə 4 439 (4 233 kişi), 2012-ci ildə 4 384 (4 261 kişi), 2013-cü ildə 4 659 (4 405 kişi), 2014-cü ildə 4 930 (4 613 kişi), 2015-ci ildə 5 216 (4 967 kişi) qadına ilk dəfə bədxassəli şiş diaqnozu qoyulub. Keçən il 1 686 qadına süd vəzisinin, 622-nə uşaqlıq boynunun və cisminin, ciftin, 304-nə də yumurtalığın bədxassəli şişi diaqnozu qoyulub. Bunlar bir il ərzində yeni qeydiyyata alınanlardır. Qadınların hər 100 000  nəfərinə düşən bədxassəli yenitörəmələr 109,1 təşkil edir. Halbuki, 2000-ci ildə bu rəqəm 59,8 olub. Göründüyü kimi xəstələnənlərin sayı iki dəfəyə yaxın artıb.

İldə 5.5 milyon qadın döş xərçəngindən öləcək

Dünyada da qadınlar xərçəng xəstəlikləri üzrə kişilərdən öndə gedirlər. Xərçəngdən, əsasən də döş xərçəngindən ölən qadınların sayı durmadan artır və mütəxəssislər bu artımın 2030-cu ilə qədər 60% olacağını proqnozlaşdırırlar. Bu o deməkdir ki, cəmi 14 ildən sonra dünyada hər il 5.5 milyon qadın xərçəngdən öləcək. Azadliq.orq Amerika Xərbəng Cəmiyyəti və «The Lancet»  tibb jurnalında dərc olunmuş hesabata istinadən yazır ki, hazırda dünyada hər 7 qadından 1-i xərçəngdən ölür. Keçənilki rəqəmlər ildə 1.7 milyon qadının xərçəngin qurbanı olduğunu göstərir. Qurbanlar, əsasən, gəliri aşağı, ya da orta olan ölkələrdəndir. Ekspertlər belə ölkələrdə vəsait və himayə çatışmadığından, eləcə də siyasi və ictimai diqqətin azlığı ucbatından qadınların xərçəngdən qurtula bilmədiyini, hər il daha çox qadının döş, ağciyər, bağırsaq, ya da uşaqlıq boynunda yaranmış xərçəng üzündən dünyasını dəyişdiyini deyirlər. Ölümlərə ən çox ürək-damar xəstəliklərindən sonrakı xərçəngin səbəb olduğu bildirilir. Mütəxəssislər söyləyirlər ki, kasıb ölkələrdə xərçəngin diaqnozu və müalicəsinin zəifliyi ucbatından ölüm halları da çoxdur. Döş və ağciyər xərçəngi həm varlı, həm də kasıb ölkələrdə ən çox yayılan xərçəng növüdür. Bağırsaq xərçəngi 3-cü, uşaqlıq boynu xərçəngi 4-cüdür. Uşaqlıq boynu xərçənginin qarşısını peyvənd yolu ilə almaq mümkündür. Mütəxəssislər ölkələri bu problemə diqqət etməyə çağırır, xərçəngin qadınlar arasında geniş yayılmasının cəmiyyətə və iqtisadiyyata vurduğu zərbənin xəstəliklə mübarizəyə qoyulan sərmayədən qat-qat ağır olduğunu bildirirlər.

229 adda dərman onlara pulsuz verilməlidir

Azərbaycanda müxtəlif dövlət proqramları üzrə müəyyən qrup xəstələrə pulsuz dərmanlarla təmin olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Bunlardan “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” başda gəlir. “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı var. Lakin, adıçəkilən prqoramların bir neçəsi üzrə apardığımız aradırmalarda ortaya çıxır ki, bu proqramların adı var, özü yox. Həmin proqramlar üzrə pulsuz təmin olunmalı dərmanlar isə xəstələrə yazılmır, onlara tamamilə başqa, pulla alınan dərman preparatları tövsiyyə edilir.  

Qanunda belədir...

"Onkoloji yardım haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin 442 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin "Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası" haqqında 20 dekabr 2006-cı il tarixli 266 saylı qərarına əsasən onkoloji xəstələr NK tərəfindən müəyyən edilmiş siyahı əsasında dərman vasitələri ilə təmin olunurlar. Onkoloji xəstələr üçün spesifik dərman preparatları ilə təyin olunan müalicə 21 günlük intervalla, 6 kursdan az olmamaq şərti ilə aparılır. Onkoloji xəstələr tibbi göstərişlər əsasında yazılmış həkim resepti ilə zəruri miqdarda narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar ala bilərlər. Onların dərman vasitələri ilə  təminatı xüsusi resept əsasında ambulator-poliklinika müəssisəsinin müqavilə bağladığı aptek vasitəsi ilə həyata keçirilir. Qanunvericiliklə belədir, reallıq isə fərqlidir.

Reallıq isə fərqlidir

Tender reyestrlərində apardığımız araşdımalardan bəlli olur ki, Səhiyyə Nazirliyi Nazirliyi Milli Onkologiya Mərkəzi kifayət qədər böyük satışlar aparır. Bunlar əsasən avadanlıq, tibbi ləvazimat, reaktivlər, ərzaq, təmir işləridir. Nazirliyə tabe olan səhiyyə müəssisələrini isə İnnovasiya və Təchizat Mərkəzi dərmanla təmin edir və onun müxtəlif proqramlar üzrə aldığı tibbi dərman vasitələri və avadanlıqların dəyəri illik 100 milyon civarındadır. Belə olan halda pulsuz müalicə almalı olan xəstələr qıtlıqla üzləşməməlidirlər. Lakin, xəstələr onlara dərmanların verilməməsindən şikayətlənirlər.

“Azərbaycanda uzman həkim və müasir avadanlığa ehtiyac var”

Bir müddət Azərbaycanda özəl tibb klinikaları ilə əməkdaşlıq etmiş türkiyəli cərrah, süd vəzilərinin xərçəngi üzrə mütəxəssis Hamdi Köçər AzadlıqRadiosuna müsahibəsində deyib ki, Azərbaycan mütəxəssis və müasir avadanlıq qıtlğı yaşayır. Hamdi Köçər: “Mastopatiya adlı bir xəstəlik yoxdur, çünki mastopatiya döşün normal quruluşudur, müalicə olunmaz, xərçəngə çevrilməz, əməliyyat edilməz. Anlamadığım səbəblərlə Azərbaycanda bunu müalicə etmək istəyirlər. O cümlədən, süd vəzindəki «kista»ların nə əməliyyata, nə də hər hansı müalicəyə ehtiyacı var. Mən Almaniyada, Fransada çalışdım, mastopatiya adlı xəstəlik yoxdur, - bilirəm. Nədən bunun müalicəsi üçün pasiyentlərə torba-torba dərmanlar yazırlar, - bax, bunu anlamıram. Azərbaycanda xəstələrin əlində patoloji analiz nəticələri yoxdur, di gəl, çox vaxt onlara əməliyyat olmalarının vacibliyi söylənir. Azərbaycanda 2 mindən çox xəstəmdən 100-ü gerçəkdən xərçəng xəstəsi olub. Yerdə qalanların çoxuna Bakıda təklif edilən əməliyyata ehtiyac olmadığını gördüm. Bunların 90 faizi döş ağrısı ilə gəlib, ya da süd vəzisində şiş diaqnozu ilə”.
“Azərbaycanda nəyə ehtiyac daha çoxdur: ixtisaslı həkimlərə, yoxsa modern texnologiyaya”, sualına cavabında belə deyib: “Hər ikisinə ehtiyac var. Uzman həkimlərin sayı artmalıdır və düşünürəm ki, bu, çox önəmlidir. Onların sayı artdıqca, ölkədə sağlamlıq durumunun səviyyəsi də yüksələcək”.
loading...