Baxış sayı: 86
7-08-2017, 18:01

 Son zamanlar ərəblərin Azərbaycana turist kimi gəlməsi, ovçuluq sahəsində qanun pozuntularına yol verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən, paylaşılan video-foto görüntülərdən də görmək olur. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri cənab Daşqın Şikarovla Sputnik Azərbaycan-a müsahibəsində bu və digər məqamlara toxunub.


- Son zamanlar Azərbaycana ərəb turistlərinin axını müşahidə olunur. Siz necə düşünürsünüz, ərəb turistlər ölkəmizi nəyə görə daha çox seçirlər? Bütünlüklə ərəblərin, xüsusən də BƏƏ vətəndaşlarının mental xüsusiyyətlərinə bələd olan peşəkar diplomat kimi deyə bilərsinizmi, onların Azərbaycanda məmnun və narazı qaldıqları nüanslar hansıdır?

— İlk növbədə, irəli sürdüyünüz təşəbbüsə görə, sizə təşəkkürümü bildirir və şərəfli peşəkar karyeranızda davamlı uğurlar arzulayıram. Bildiyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev geniş coğrafiyanı əhatə edən ərəb dövlətləri ilə qarşılıqlı ehtiram, bir-birinin daxili işlərinə qarışmama kimi mühüm prinsiplər əsasında səmərəli ikitərəfli əlaqələr qurmağa müvəffəq olmuşdu. Bu kurs zamanın tələblərinə uyğun müəyyən modernizasiyaya məruz qalaraq, bu gün Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilir.

İllərin təcrübəsi onu göstərir ki, ərəb ölkələrinin, ələlxüsus da zəngin maliyyə resurslarına malik Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv 6 ölkənin müsəlman, tolerant, əmin-aman, eyni zamanda, dünya arenasında öz sözünü deyən və mürəkkəb regionun lideri sayılan Azərbaycanla bütün sahələrdə, əsasən də ikitərəfli əməkdaşlıq gündəmini formalaşdıran ticari-iqtisadi, turizm, humanitar, mədəniyyət kimi sektorlarda hərtərəfli əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlıdırlar. Özəlliklə qeyd edilməlidir ki, BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın istəyinə əsasən, onun ölkəmizə rəsmi səfərinin tarixi "Bakı 2017 İslam Həmrəyliyi Oyunları"nın qapanış mərasiminə uyğun tərtib edilib və cənab nazir dünyaya yenidən səs salan bu möhtəşəm idman bayramından dərin təəssüratlarla ayrıldığını, habelə Azərbaycan liderinin ölkəsini qlobal miqyasda idman ölkəsi kimi bir daha tanıtması yolunda uğurlu və gələcəyə hesablanan addımlarını yüksək təqdir etdiyini etiraf etmişdi.


Öz növbəsində, cənab Prezidentin Körfəz ərəb dövlətləri, o cümlədən Ərəb Əmirlikləri ilə ikitərəfli əlaqələrə verdiyi xüsusi diqqətin məntiqi nəticəsidir ki, 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları və 2016-cı ilin dekabrından başlayaraq bu ölkənin rezident vizasına malik əcnəbi vətəndaşlar ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza almaq hüququ əldə ediblər. Bunun müqabilində, Azərbaycan vətəndaşları üçün BƏƏ vizasının birdəfəlik aradan qaldırılması istiqamətində Səfirlik olaraq BƏƏ-nin aidiyyatı qurumları ilə sıx təmaslar həyata keçiririk. Düşünürəm ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq.

Dövlətimizin başçısının məlum göstərişləri Birləşmiş Ərəb Əmirliklərindən inanılmaz dərəcədə turist axınına təkan verib. Belə ki, 2016-cı ilin statistikasına müraciət etsək, görə bilərik ki, həmin ildə ölkəmizi 70 minə yaxın BƏƏ turisti ziyarət edib ki, bu da 2015-ci illə müqayisədə 40 dəfə çoxdur. Bu ilin ilk altı ayında BƏƏ-dən ölkəmizə təqribən 45 min turist səfər edib və bu rəqəmin ilin sonuna qədər 80%-90% civarında artacağını gözləyirəm.

Bununla yanaşı, əgər 2015-ci ildə Bakı-Dubay-Bakı istiqamətləri üzrə reyslər hesabına iki ölkə arasında həftəlik 6 uçuş olubsa, bu günlərdə həmin rəqəm Şarca-Bakı-Şarca və Dubay-Qəbələ-Dubay marşrutları sayəsində 45-a çatıb və hazırda iki paytaxt arasında birbaşa uçuşların təsis edilməsi yönündə Əbu-Dabi hökumətinə məxsus "Etihad" Hava Yollarının rəhbərliyi ilə sıx təmaslar həyata keçirilir və qarşı tərəfin hədsiz marağı ilk uçuşun tezliklə başlayacağını ehtimal etməyə əsas verir.

Çox qürurverici haldır ki, BƏƏ-li həmkar və dostlarımız, onlarla söhbətimizdə Azərbaycan rəhbərliyinin müdrik siyasəti sayəsində respublikamızın qısa müddət ərzində nəzərəçarpan iqtisadi, sosial və ictimai göstəricilərə imza atdığını və bunun da təbii olaraq, xalqımızın bütün sosial təbəqələrinin rifahının yüksəlməsinə böyük təsir göstərdiyini qabardırlar. Bəzi MDB ölkələrinin Əbu-Dabidə akkreditə olunmuş səfir həmkarlarım zarafatla "BƏƏ-li turistləri əlimizdən almısan" kimi atmacalar atırlar. Ancaq buna baxmayaraq, möhtərəm Prezidentimizin turizmin inkişafı ilə bağlı siyasətinin müəyyən hissəsini həyata keçirmək şərəfini əldən verən deyiləm və çox ümidvaram ki, yaxın illərdə BƏƏ-dən turtist axını və bunun ardınca ticarət mübadiləsi yenə də yüksələcək.


Yerli turistlər ölkəmizin təbii zənginliyinin, gözəl, müasir, təmiz və səliqəli paytaxtımızın vurğunlarına çeviriblər. Müxtəlif ölkələrdə gözəl təbiət və paytaxtlar vardır. Ancaq müasir turizm infrastrukturu ilə yanaşı, coğrafi yaxınlıq, tolerantlıq, dini amillər, ictimai sabitlik və ən əsası insanlarımızın qonaqpərvərliyi və gülərüzlüyü ölkəmizi seçim məsələsində prioritet edir. Hətta deyim ki, BƏƏ-də nəşr olunan ən böyük oxucu kütləsinə malik "Əl-İttihad" qəzetində yerli vətəndaşların ən çox Azərbaycana, Türkiyəyə və Bosniya-Herseqovinaya üz tutduqları barədə məlumat gedib. Bütün bunlar cənab İlham Əliyevin müxtəlif sahələrdə olduğu kimi, turizm sahəsinin də inkişafına verdiyi əhəmiyyətindən qaynaqlanır. Nəticə etibarı ilə, ölkəmizin turizm sektoru ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan ayrı-ayrı sahələrdə çalışan vətəndaşlarımızın rifahı daha da yaxşılaşır.

Təmaslarda olduğumuz bütün BƏƏ vətəndaşları yalnız dil problemindən gileylənirlər. Bəziləri isə bu problemin turpaketlərin sifarişi zamanı ərəbdilli bələdçi xidmətinin əlavə edilməsi ilə aradan qalxdığını dilə gətirirlər.

- Azərbaycanda ərəblərin adı daha çox qanunsuz ovla bağlı qayda pozuntuları ilə hallanır. Sizcə buna səbəb nədir?

— Sizə deyim ki, BƏƏ ərəbləri öz ölkəsində qanunun aliliyinə o dərəcədə diqqət yetirirlər ki, artıq bu cür yanaşma onların həyat tərzinə çevrilib. Lakin çox əfsuslar olsun ki, bəzi qeyri-azərbaycanlılar ölkəmizdəki demokratik şəraitdən və BƏƏ-lilərin ovun böyük həvəskarı olduqlarından sui istifadə edərək, onları müxtəlif üsullarla cəlb edir və aldadırlar. Lakin apardığımız işin müəyyən nəticələri onu göstərir ki, zərər çəkən BƏƏ ovçularının sayı get-gedə azalır.

- Bəs, Azərbaycandan Ərəb Əmirliklərinə turist axını varmı? Ötən illərlə müqayisədə vəziyyət necədir?

— Manatın devalvasiyasının təqdim edilən turistik xidmətlərin dəyərlərinə təsirsiz ötüşməməsinə baxmayaraq, Ərəb Əmirlikləri hər zaman Azərbaycan vətəndaşlarının əsas istirahət və şoppinq istiqaməti olaraq qalacaq. Ötən illərlə müqayisədə, 2016-cı ildə turist axını cüzi şəkildə azalsa da, bu ilin ilk altı ayında rəqəmlərin yaxşı səviyyədə olduğunu demək olar. Eyni zamanda, BƏƏ tərəfi Azərbaycandan turist axınını artırmaqda olduqca maraqlıdır. Buna nail olmaq üçün vətəndaşlarımıza münasibətdə BƏƏ vizasının aradan qaldırılması yönündə ciddi işlər gedir.

- 4 ərəb ölkəsi (Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı) ilə Qətər Dövləti arasında vəziyyət sizcə hazırda hansı mərhələdədir?

— Məndə olan rəsmi məlumata əsasən, hazırkı böhran bir neçə il ərzində üst-üstə yığılan fikir ayrılıqlarının qaçılmaz nəticəsidir. Digər ölkələrin daxili işlərinə qarışmayan, eləcə də bütün problemlərin ilk növbədə danışıqlar vasitəsi ilə həllinin tərəfdarı olaraq, Azərbaycan eyni etno-mədəni və dini bağlılıqlara malik qardaş ölkələr arasında yaşanan xoşagəlməz situasiyanın tezliklə aradan qalxacağına inanır.