Baxış sayı: 383
9-11-2016, 16:28

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insan­la­rı­mız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı döv­ründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əziz­lə­nib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Bir­li­yin­dəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asıl­ma­sını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan in­sanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

Çoxdandır ayrı  düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də möv­cud olan  bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ay­pa­ranın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qay­naq­lan­dı­ğın­dan yetərincə məlumatlıyıqmı?

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azər­baycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əv­vəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, de­mok­ratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azər­baycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qur­tuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə bir­ləş­di­rən bir hərəkatdır”.

M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cüm­huriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cüm­hu­riy­yətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə ba­xıl­dıq­da işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cüm­huriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və da­ha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cüm­huriy­yəti )”.

M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə ma­yın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında  hə­min ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qə­rar­dan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin  bayrağı ilə ey­nilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bay­ra­ğın­dakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cüm­huriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Tür­kiyə­sində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz  bununla türk xal­qı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edir­dik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsa­düfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hər­bi müqaviləni də  məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl möv­cud olan Zaqafqaziya Seymində  fəaliyyət göstərən  Azərbaycan nü­ma­yəndələri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətin  Türkiyə olaca­ğını müəyyənləşdirmişdilər.

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun koman­diri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparır­dı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayan­dır­mış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin mə­qam­lar­da – ikinci hökumət kabinəsi formalaşandan  dörd gün sonra verilmişdi.

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haq­qında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng– müa­sir­li­yi, yaşıl  rəng– islam ideologiyasını ifadə edir.

Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, av­ro­palaşmaq (firəngləşmək)” üçlük düsturunu böyük bir şüara çevirən ilk də­fə kim olub?

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çev­rilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri,  Rusiya və Türkiyə universitetlərində təhsil almış  əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir.  1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z. Göyalp tərəfindən in­kişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azər­baycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda rənglər bu ardıcıllıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?

1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq” (“Açıq söz”, N 1, 2 oktyabr 1915-ci il).

Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə  1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq  müasirliyi  önə  çəkmişdi.

 M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayında  yenə “Açıq söz” qəzetində çap edilən “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun – mümkün deyil...”

M.Ə.Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da  təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü.   

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən  bu mu­siqiyə oxşar   bir marşla düşmən üzərinə  hücum etmişdilər.

 1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi ola­raq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Mü­sa­vat” Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində ya­zırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri ,yəni iclas ke­çirilən­də icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dal­ğa­lansın, iclas  bitən  kimi  bayrağımızın  endirilməsini  tələb edir­dilər.

1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rə­sulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av­ropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç bo­yalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dal­­ğala­nacaqdır). Bir daha qaldırılmış bayraq  bir daha en­mə­yəcək­dir!”

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəm­məd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bay­raq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bay­raqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldır­mış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İm­pera­­torluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. “Təqvimlər keç­miş­də və bu gün”. “Elm”, 1998, N 1).

Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu  ulduz  səkkiz hərfli  Od  yurdu”.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr  tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların  zəfər  yürüşlərini  əks  etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşə­lim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”

Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və sək­kizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans im­periyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü il­də Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərə­fin­dən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan baş­qa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasi­yasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.

Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,

         Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan  imanı,

Ürəklərə dolmalı.

Bu al boya- azadlığın, təcəddüdün  fərmanı,

Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rə­sul­zadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında de­miş­di: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mə­dəniy-yə­ti­nin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsas­la­rının simvoludur”.

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsul­za­də olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkə­lərində mühacirətdə qorudular, yaşatdılar.

Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra  üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan  12-13 ilə qədər həbsə məhkum etdilər.

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı.

 

 

 

 

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

 

“Bir kərə yüksələn bayraq  bir daha enməz!”

M.Ə.Rəsulzadə.

 

Bayraq. 1988-ci ildə  Azadlıq hərəkatı başladıqda Üçrəngli bay­raq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyab­rın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyiş­diril­məsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qa­nun­vericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Res­publika­sı­nın Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haq­qın­da məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Res­pub­likasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yu­xarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qır­mızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və sək­kiz­guşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlan­mış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət ger­bi­mi­zin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.

Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Him­nimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsas­na­mə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

 

Nəsiman Yaqublu

Tarix elmləri doktoru