Baxış sayı: 156
7-12-2016, 12:14
Dünən Milli Məclisinin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədov bildirib ki, gündəliyə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfi daxildir və üç davam edəcək müzakirələrdə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlara, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq. İclasda bas nazir Artur Rasizadə və hökumət üzvləri də iştirak edirlər.
Oqtay Əsədov çıxışında qeyd edib ki, dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib. “Neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub.

Buna görə də Azərbaycan Mərkəzi Bankının monetar siyasətində müvafiq dəyişiklik edilməsi zərurəti yaranıb. Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. 2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.

Büdcə zərfini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət milli mənafenin qorunmasına xidmət edən siyasət aparır.

Onun sözlərinə görə, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, təşkilatı iqtisadi tədbirlər görülür: "Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır".

Kommunal tariflərinin dəyişməsi büdcəyə 300 milyon manat artırıb 
Maliyyə naziri Samir Şərifov çıxışında deyib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur.  Onun sözlərinə görə, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin differensiallaşdırılması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb. Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88%, xərcləri isə 1,81% artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində nəzərdə tutulur.
Qeyd edək ki, buna qədər gələn il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 334 706,0 min manat, yerli gəlirləri 620 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 911 286,0 min manat, yerli xərcləri 688 714,0 min manat) məbləğində nəzərdə tutulmuşdu.
Nazir həmçinin bildirib ki, 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də ölkədə fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək. O vurğulayıb ki, Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır: "Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub".

Şahin Mustafayev: “Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb”
İqtisadiyyat naziri Şahin Mustafayev də çıxışında bildirib ki, dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib, ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. O qeyd edib ki, problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb.

Onun sözlərinə görə, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb".
Nazir bildirib ki, 2017-ci və qarşıdakı 3 il üçün neftin qiyməti 40 dollar götürülüb: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir".
Nazir vurğulayıb ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.

Elman Rüstəmov: «Bu il böhranı hiss etdik»

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, 2008-ci ildən başlayan böhrandan ötən 9 ildə biz yalnız bu il böhranı hiss etdik. Onun sözlərinə görə, AMB-nin idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyəti olub: "Cari ildə ilin əvvəli ilə müqayisədə manat cəmi 11% ucuzlaşıb. 2016-cı ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir".
Elman Rüstəmov əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasəti davam etdirəcək. Onun sözlərinə görə, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: "Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə faiz dərəcələri səviyyəsinə baxılacaq. Ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaq".