•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik...

Fəsillərin dəyişməsi müxtəlif problemlərin üzə çıxması üçün münbit şərait formalaşdırır. Qışa yaxınlaşdıqca havanın daha erkən tutqunlaşması nəticəsində ruhi yorğunluq yaranır, evdən bayıra çıxmağa həvəs olmur, həyatdan zövq almaq hissi azalır. Enerji azlığı, istəksizlik, halsızlıq isə ruhun yorğunluğundan xəbər verir. Bəzi insanlarda meydana çıxan səbirsizlik və əsəbilik hissi də bundan irəli gəlir.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verib.
O qeyd edib ki, qış fəsli bir çox insanlara həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir. Qış depressiyası və ya mövsümi affektiv pozuntu adlandırılan bu hal qışın başlanğıcından yaza qədər davam edə bilər: "İstənilən yaş qrupunda rast gəlinən qış depressiyasından əsasən 18-30 yaş arasında olanlar əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən bu pozuntuya dörd dəfə daha az meyillidirlər".
Depressiyasının əlamətləri haqqında danışan psixoloq deyib: "Havanın tez qaralması, soyuq havanın təsiri, evdən kənar fəaliyyət və məşğuliyyətlərin azalması nəticəsində insan daxili dünyasına qapanır. Bunun nəticəsi olaraq uzun müddətli pessimizm, durğunluq, ifrat yorğunluq, ümidsizlik, başağrısı, dağınıqlıq, yuxuya həddindən artıq meyillilik, iştaha dəyişkənliyi, şəkərli və nişastalı qidalara tələbat, işə getmək istəyinin azalması və tənbəllik kimi hisslərlə qış depressiyası özünü büruzə verir.
Depressiyaya məruz qalanlar qış aylarında düşünmək, kitab oxumaq və digər işlərlə məşğul olmaq əvəzinə yatmağa daha çox üstünlük verirlər. Qəribədir ki, bəzən çox yatmağa baxmayaraq dincəlmək olmur və əksinə daha da yorğunluq, halsızlıq hissi yaranır. Bəzən isə cəmi 20 dəqiqəlik yuxu bütün yorğunluğun aradan qalxmasına , gümrahlıq hissinin yaranmasına kömək edir. Bu zaman faydalı qidalardan vaxtında və qədərində istifadə gün ərzində beyni oyaq saxlamağa kömək edə bilər. Şəkər və ağ çörəyi imkan daxilində rasiondan çıxarmaq məsləhət görülür".
Qış depressiyasından xilas olmağın yolları barədə danışan psixoloq deyib: "Depressiyadan xilas olmaq üçün ən səmərəli üsullarından biri Günəş işığıdır. Ona görə də imkan daxilində açıq havada daha çox vaxt keçirməyə çalışmaq lazımdır. Səhərlər yarım saatlıq gəzinti həm fiziki, həm də psixoloji cəhətdən sakitlik yaradır. Orqanizmin kifayət qədər oksigen alması üçün Günəş doğulduğu saatlarda pərdələri açıq saxlamaq, otağı səhər tezdən və gün ərzində havalandırmaq lazımdır. Depressiyaya səbəb olan amillərdən biri də oturaq iş şəraitidir. Həftədə 3-4 gün məşq etmək gümrahlıq və rahatlıq yaradır, zehni açır, əhvali-ruhiyyəni yüksəldir. Ona görə də fasilələrlə gəzməyə və hərəkət etməyə çalışmaq, aktiv həyat tərzi keçirmək, insanlarla ünsiyyətə girmək, tənhalıqdan uzaq olmaq lazımdır. Asudə vaxt və istirahət günlərini yaxın və doğma adamlarla birgə keçirmək də depressiyanı uzaqlaşdırır. Evə və ofisə daha çox günəş işığı düşməsini təmin etmək, ailə üzvləri, doğma və yaxın adamlarla vaxt keçirmək, tətilə çıxmaq, kino və teatra getmək, evdə olarkən maraqlı filmlər izləmək də bu sahədə faydalı təsir göstərir".
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube