Baxış sayı: 216
23-07-2017, 23:13


Jurnalistlərə mənzillər paylandı. Haqqı olanların xoş halalı. Dövlətimiz, Prezidentimiz sağ olsun.

Atam haqqında yazmaq keçdi könlümdən. Hacıqulu Kişi. Sözün bütün mənalarında Kişi!

Kasıb, amma halal adamdı rəhmətlik. Bizə bir tikə də haram yedirmədi. Gecə-gündüz çalışdı, canını fəda etdi, 6 oğul, 2 qızını elə böyütdü ki, dünyadan köçməsindən 30 il sonra belə biz yenə də başı uca, üzü ağ övladlar olaraq yaşayırıq, el içinə çıxırıq.

Atam yetimliklə böyümüşdü. Elə dünyaya gələndə – 20 may 1927-ci ildə tale ona ağır bir ömür cızmışdı. Südəmərkən anası haqq dünyasına qovuşmuş, başqa bir süd anası onu böyütmüşdü.

Atamın atası – Abdulla babam, deyilənlərə görə, çox qürurlu, el içində seçilən sağlam bir insanmış. Bir az da axundluğu varmış. Elmdən, kitabdan anlarmış. Hətta İstanbulda oxuduğunu deyirdilər. Mənim təxminlərimə görə, o, 1890-cı illərin sonunda dünyaya gəlmiş olmalıdır.

Abdulla babam o qədər qürurluymuş ki, Sovetlər qurulanda, kolxozlaşma başlayanda doğma Dədəli kəndimizdə dirəniş göstərənlərin önündə gedirmiş. Özü də sonadək. Bunu görən Sovetlər onun tövlə-tövlə mal-qarasını, torpaqlarını əlindən alıbmış. Kişini əməlli-başlı ac-yalavac buraxıblarmış ki, bəlkə sına, əyilə və Sovetlərə biət edə. Amma kişi sınmır. Dözür. Dözdükcə canı əldən gedir. Evdə aclıq başlayır. Ailənin durumu onu məcbur edir ki, bir çıxış yolu tapsın. Sovetlərin oturuşduğu, 37-nin qılıncının hər kəsi doğradığı bir dövrdə “lənət şeytana” deyib kolxoza qoşulmaq qərarına gəlir. Di gəl, qüruru imkan vermir ki, bunu Dədəlidə etsin. Qonşu Bostançıya üz tutur və kolxozçu olur ki, bir tikə çörəyini qazansın.

Babam kolxoza qoşulanda atamın hardasa 8-10 yaşı varmış. O, babamın 2-ci həyat yoldaşının sonuncu övladıymış. Üstündən az bir müddət keçir, Qubada 7 illik məktəbi əla qiymətlərlə bitirmiş 2 gənc əmim xəstələnib ard-arda dünyasını dəyişir. Özü də hər ikisi yaxşı oxuduğu üçün onları müəllim kimi işə qəbul ediblərmiş.

Babam bu iki oğlunun ölümünə çox üzülür. Bir yandan ayaqlar altına atılmış qüruru onu yaxıb-yandırır. Dözmək istəyir, amma dözə bilmir. Çünki damarında daşıdığı qan, əsil-nəcabət bağları bu Kişinin kimsənin qarşısında aciz görünməsinə imkan vermirmiş. Beləcə həm övladlarının dərdi, həm də içində olduğu maddi-mənəvi sıxıntılar kişini yerə vurur. Təxminlərimə görə hardasa 40-42 yaşlarında dünyasını dəyişir mənim kişi kimi Kişi babam.

Atam – 10-12 yaşlarında bir uşaq tam yetim qalır. Yalnız özündən böyük bir qardaşı – Əhməd əmimlə birlikdə. 1941-də müharibə başlayanda Əhməd əmim ayağının şikəst olmasına baxmayaraq əsgər getmək üçün müraciət edir. Aparmırlar. Təkrar müraciət edir. 3-cü müraciətdən sonra axır ki, bunu da cəbhəyə göndərirlər. Son xəbəri hardasa Mozdokdan gəlir. Ondan sonra öldü-qaldısı haqqında heç bir xəbər yoxdur.

Atamsa o yaşlarında cəmi 4 sinif bitirmiş olur. Müharibə zamanı eldə kişi çatışmadığı üçün bu 14 yaşlı yeniyetməni də kolxoza cəlb edirlər. Bir müddət sonra traktor sürməyi öyrədib ona ömürlük halal çörək qazanmaq üçün bu texnikanı həvalə edirlər.

Mən dünyaya gələndə – 1968-ci ildə də atam traktorçu idi. Özü də peşəkar traktorçu. Bu traktorçunun kənd kitabxanasından kitab alıb oxumağını heç unutmuram. Bilmirəm, indiki traktorçular kitab oxuyur, ya yox, amma mənim traktorçu Atam kitab oxuyurdu. Əlbəttə, bunun üçün vaxtı çox olmazdı. Yalnız imkan düşən kimi ən azından bir neçə səhifə oxumasa rahat olmurdu.

Dünyaya gözünü açar-açmaz anasını, yeniyetməykən atasını itirmiş atam həyatın bütün çətinliklərinə rəğmən ayaqda durmağı bacarmışdı. 1950-ci ildə ailə qurmuş, anam Nənəxanımı – təzə gəlini evdə qoyub əsgərliyə getmişdi. Təbii ki, evdə tək deyil. Qohum-əqrəbadan olan yaşlı böyüklərimizlə birlikdə.

Düz dörd il əsgərlik çəkmişdi atam. Özü də Orta Asiyada. Dörd il sonra geri dönüb ailəsinə, evinə sahib çıxmışdı. Ev deyəndə də, babamdan qalmış 2 qatlı, o dönəm üçün çox möhtəşəm bir evdi bu.

Atamın belə uzunmüddətli əsgərlik çəkməsi səbəbindən ilk övladı – böyük qardaşım 1955-ci ildə anadan olmuşdu.

Sonra da 1968-ci ildə mən anadan olanadək daha 7 uşağı dünyaya göz açmışdı ata-anamın. Onlardan biri – bacım 5 yaşında vəfat etmiş, qalanlarımız sağ-salamat, top kimi sağlam böyümüşdük.

Atam da rəhmətlik babam kimi çox qürurlu kişi idi. Mənim yadıma gələn dönəmlərdə sovxoz direktoru, hətta raykomdan belə çəkinməzdi. Halbuki bəzən bəzi adamlar bu vəzifəli şəxsləri görəndə əzilib-büzülür, az qala ikiqat olurdu. Amma mənim traktorçu atam üçün vəzifəli şəxslə vəzifəsiz şəxsin heç fərqi yox idi. Ona görə də çox zaman hökumət adamları onu sevməzdi…

Atam bir Kişi xarakteri idi. Elə bir xarakter ki, qanında, canında az-çox əsalət olan, vicdan və ədalət hissinin nə olduğunu anlayan hər kəs ona bənzəmək istərdi. Əyilməzdi kimsənin qarşısında. Yaltaqlıq ona ziddi. Sözü bütövdü. Canından belə keçib verdiyi sözə əməl edəcək qədər ürəkliydi mənim atam.

Kimsənin toyuğuna kiş deməzdi, kimsənin haqqında gözü olmazdı. Kənd yerində bir çoxlarının xəbəri olmayan oturuşu-duruşu vardı. Yanlışı olduqda üzr istəməsini də bilirdi. Arabirdən yaxşı içki də içərdi.

Haşiyə: Bir dəfə gecənin gec saatlarında yaxşı bir məclisdən evə gəlirmiş atam. Gecə yarıdan keçmiş, evlərdə ard-arda işıqlar sönür, insanlar uyğuya çəkilən saatlardı. Bizim evə təxminən beş yüz metr məsafədə anamın əmisi qızının evi var. Oradan keçəndə görür ki, kimsə çıxıb eyvandakı işığı söndürdü. İçkili olduğu üçün özünü idarə edə bilmir, elə sanır ki, işığı buna görə söndürdülər. Bir-iki söyüş söyür, oradan uzaqlaşır. Səhər ayılanda yadına düşür ki, Yaqub kişinin evinin yanında söyüş söyüb. Alaqaranlıq olmasına baxmayaraq tez ora yollanır. Çağırır. Yaqub kişi çıxır:
– Nə var, ay Hacıqulu?
– Sən allah, bağışla, axşam söyüş söymüşəm burda.
– Nə söyüşü? Biz heç nə eşitməmişik.
– Mən burdan keçirdim, kimsə işığı söndürdü. İçkiliydim. Elə bildim mənə görə söndürdü. Ona görə söydüm. Sən allah, bağışla.
– Vallah, bizim heç xəbərimiz yoxdur. Yəqin arvad söndürüb. Biz axı yatanda çöl işıqlarını söndürürük. O da eşitməyib səni, arxayın ol.
– Ola bilər eşitməsin, amma yenə də bağışla.
– A kişi, ayıb deyil? Bizim aramızda belə söhbətə nə gərək var? Qohum adamlarıq, indi içmisən, özündə olmamısan, bir-iki kəlmə çıxıb ağzından. Buna görə üzrxahlığa nə gərək var?
– Nə bilim? Rahat olmaq istəyirəm. Söyüş mənlik deyil axı. Özün bilirsən. Səhərdən yadıma düşüb, xəcalət çəkirəm.
– Bilirəm, ay Hacıqulu, sən elə adam deyilsən. Bağışla deyirsən, bağışladım. Get, arxayın ol.
Bu söhbətdən sonra atam evə gəlib içkiyə tövbə etmişdi. Mən onda uşaq idim. Mənim üçün də bir dərs olmuşdu bu. Atam heç nə deməsə də qət etmişdim ki, heç vaxt içki içən deyiləm. Yaşım 50-yə dirənib, arağın dadını bilmirəm. Elə ona görə yalnız.

Biz böyüdükcə atamın hansı əziyyətlərlə bizi böyütdüyünün fərqinə varırdıq. O kasıb dönəmlərdə 8 uşaq böyütmək heç də asan deyildi. Amma baxırdıq ki, Tanrı ruzimizi bir yerdən yetirir. Varlı deyildik, ac da qalmırdıq. Mal-qaramız, toyuq-cücəmiz, həyət-bacamız bizə bəs edirdi. Yalnız bir şey çatışmırdı: atamızı çox görə bilmirdik. Gecə biz yatandan sonra gəlib biz yuxudan durana kimi evdən çıxırdı. Qarışqa kimi zəhmətkeşdi mənim atam. Bizi kimsəyə möhtac etməmək üçün özünü həlak edirdi. Sözün bütün mənalarında.

Haşiyə: Biz atamızı az gördüyümüz üçün indi mən mümkün olduqca boş vaxtlarımı evdə – uşaqlarla keçirirəm ki, atalarını göz dolusu görsünlər…

Dedik axı, kimsənin qarşısında əyilməzdi, geri addım atmazdı.

Xaçmazda bir vaxtlar Nəsibov soyadlı bir raykom katibi vardı. Yaman kişi idi. Adam gününü tarlalarda keçirirdi. Ayağında uzunboğaz rezin çəkməylə şəxsən təsərrüfatları gəzib-dolaşır, tapşırıqlarını verir, insanları dinləyirdi. Ötkəm kişi idi. Bir az da zəhmi vardı deyilənlərə görə.

Bir dəfə bu Nəsibov atamın işlədiyi tarlaya gəlir. Fəhlələr, briqadirlər bunun başına yığışır. Nəsibov hər kəslə ötkəm danışır. Kimini danlayır, kiminə göstərişlər verir. Növbə atama çatır. Üzünü ona tutub yüksək səslə tapşırıqlar verir. Bir az da tənqid edir. Atam sakitcə bunu dinləyir, sonda da soruşur ki, “yoldaş Nəsibov, sözünüzü qurtardınızmı?” Katib təəccüblə atama baxır: “Nə deyirsən, a kişi?!” Atam aşağı əyilib bir kəsək parçası götürür, sakitcə Nəsibova uzadır: “Al, vur başıma”. Raykom katibinə belə sözmü demək olar? Sovxoz direktoru bir kənarda qımışır, fəhlələr nəfəsini udub gözləyir. Nəsibov da təmkinini pozmur, yenə də ötkəm səslə qayıdır ki, “Nə demək istəyirsən?”. Cavab onu daha da özündən çıxarır: “Necə yəni nə demək istəyirəm? Niyə qışqırırsan üstümüzə? Sözün var, sakitcə de də. Burda qanmazlarmı var?” Nəsibov heç vaxt rastlaşmadığı bu cəsarətin qarşısında söz tapa bilmir və üzünü çevirib tarladan çıxır.

Bu adam mənim Atam idi. Qürurlu, məğrur, mərd Kişi!

Bir dəfə isə adi hala çevrilmiş hadisə baş vermişdi. Tam da xatırlamıram, amma hardasa 4-5-ci siniflərdə oxuduğum dönəm idi. Evin kiçiyi idim. Məndən sonra oxuyacaq uşaq qalmamışdı. Məktəbə dövlət yardımı gətirmişdilər. Uşaqlar üçün məktəbli forması dəstləri idi. Bu paltarları paylamaq üçün komissiya qurulmuşdu. Ziyalılar, fəhlələr, imkanlılar, imkansızlardan ibarət kiçik bir komissiya ki, paltarları haqqı və ehtiyacı olanlar arasında ədalətli şəkildə bölüşdürsün. Atamı da o komissiyaya üzv etmişdilər. Fəhlə sinfinin nümayəndəsi kimi.

Atam evdə danışardı ki, komissiyanın elə ilk iclasında üzvlər əvvəlcə öz uşaqları üçün paltar seçir. Özü də elə adamlar ki, hətta o dövrdə belə bunların donuzu əskikdi. Yalnız atam paltara əl uzatmır. Buna deyirlər ki, a kişi, sən nəyi gözləyirsən? Qayıdır ki, “ayıbdır axı, biz komissiya üzvləriyik, bu paltarları başqaları arasında bölmək lazımdır”. Zorla bunun üstünə düşürlər ki, “olmaz, sənin də uşağın məktəbdə oxuyur, bir dəst götürməlisən”. Ha illah eləyir, əl çəkmirlər. Axırda bir dəst paltarı qoltuğuna vurub evə gətirmişdi. Mənim üçün. Amma geyinməli olmadım. Çünki atam iki gün sonra o paltarı qoltuğuna vurub kiminsə uşağına apardı. Heç biz də bilmədik ki, kimə verdi.

Atamla anam sadə kənd insanları idi. Lakin bu kəndli dediyimiz insanlar bizi yüksək dəyərlərlə böyütməyi bacarmışdılar. Onlar bizə dövlət sevgisi aşılamışdı, millət sevgisi öyrətmişdi. Evimizdə rus dilində kəlmə belə kəsmək olmazdı. Böyük ayıb sayılırdı bu. Dövlətə üsyan etmək, Vətənə arxa çevirmək bizə yaddı. Hansısa məmura söz demək olardı, amma heç vaxt dövlətdən küsmək, incimək olmazdı.

Bu iki müqəddəs insan bizə dövlət əxlaqını öyrədə bilmişdi. Özü də fərqinə varmadan. Heç vaxt məktəbə gəlib müəllimlərdən bizə yaxşı qiymət yazmağı xahiş etməzdilər. Əksinə, müəllimlərimizi görəndə deyərdilər ki, uşağın üstündə gözün olsun, cızığından çıxsa xəbər ver, yoluna qoyaq.

Biz bu ailədə dövlət tərbiyəsilə böyümüşdük. Bizi qürurlu, məğrur olmağa öyrətmişdi atamızla anamız. Bizə öyrətmişdilər ki, evinin içində acından qan qussan belə dışarıda kimsənin xəbəri olmamalıdır. Çölə çıxanda insanlar baxıb düşünsün ki, çox xoşbəxtsən, heç dərdin yoxdur.

Ona görə də biz qürurlu böyüdük. Ona görə də mən ən çətin anlarımda belə bunu heç kimə duyurmadım. Hətta bu son illərdə iki dəfə ağır əməliyyat keçirdim, səhhətimlə, canımla əlləşdim, bunu belə gizli tutmağa çalışdım. Yalnız o zaman dostların xəbəri oldu ki, hər şey arxada qaldı.

Mən istər şəxsim, ailəm, istərsə də dövlətim üçün ayaqda durmağı bacardım, bacarmağa da davam edəcəm.

Mən heç vaxt dövlətimdən küsmədim, küsmərəm də. Dəfələrlə əlimdə imkan olub ki, Azərbaycandan çıxıb hansısa bir ölkədə özümə təlatümsüz həyat qurum, lakin bunu ağlımdan belə keçirməmişəm.

Bəzən haqqım tapdanıb, layiq olmayan adamları məndən yuxarı keçiriblər, mükafatlandırıblar, amma yenə də dövlətimdən küsməmişəm. Özümü layiq olmadığım mərtəbədə heç vaxt gözə dürtməmişəm.

Ağır oturub batman gəlmişəm. Ailəmlə, evimlə, qohum-əqrəbamla bağlı heç bir problemimi dilə gətirməmişəm. Bu günə qədər əlimdə yetərincə yüksək imkanların olmasına baxmayaraq heç bir dövlət məmuruna şəxsi məsələlərimlə bağlı ağız açmamışam, açmaram da.

Əfəl adam deyiləm, olmamışam da. Lazım olanda 24 saat göz yummadan işləyəcək birisiyəm və məni yaxından tanıyanlar bunun şahidi olublar zatən. Azərbaycanın ən məsul anlarında heç kimdən komanda gözləmədən informasiya cəbhəsində savaşa keçirəm, buna görə kimdənsə ənam gözləmirəm.

Prezident İlham Əliyevi dəstəkləyirəm, ona güvənirəm, sonunadək də arxasındayam. Aşağı rütbəli istənilən məmur haqqımı da gözardı edə bilər, məni hansısa yaramazın ayağına da verə bilər, amma yenə də mən doğru bildiyim yolda yürüməyə davam edəcəyəm.

Mənzil məsələsinə gəlincə. Bəzi dostlarım hətta təəccüblə soruşur ki, niyə mənə mənzil verilmədi? Tək cavab verirəm: müraciət etmədim, ona görə.

Elə isə, ehtiyacımmı yox idi? Yaxud orda mənzil alanlardan azmı haqqım çatır? Sualın birinci hissəsinə cavab vermirəm. Çünki yuxarıda haqqında bəhs etdiyim atam-anam bizə evin içini aləmə faş etməməyi öyrədib, tövsiyə edib. Bizdə evin içilə bağlı söhbətləri dışarı çıxarmaq ayıbdır, utancvericidir.

Haqqımın çatmasına gəlincə, görünür, çatmırmış. Çatsaydı, yəqin ki, təklif edərdilər. Belə anlaşılır ki, bu dövlət qarşısında bizdən daha artıq xidmətləri olan ən azı 400 jurnalist varmış ki, onlara mənzil hədiyyə edilib. Olsun. Şəxsən mən buna çox sevinirəm. Təki Azərbaycanın haqq davasında məndən öndə getməyə qat-qat ürəkli olan, buna layiq sayılan 400 jurnalist olsun. Təki mən o jurnalistlərin kölgəsində ən zəif birisi kimi gözə dəyim. Təki bu 400 jurnalist o qədər əzmlə Azərbaycan davasına xidmət etsin ki, mənim kimi adamlara heç ehtiyac olmasın. Zatən mən son zamanlar kəndə köçüb sakit həyat qurmaq xəyalıyla yanıb-yaxılıram. Bakının hisli-paslı, sıxıcı-darısqal həyatı mənim üçün heç uyğun deyil. Hələ səhhətimlə bağlı dilə gətirməyi ayıb saydığım məsələlərin işığında. Ona görə də artıq çox arxayınam ki, sözümüzü hətta beynəlxalq səviyyədə deyəcək, məndən daha güclü 400 jurnalistimiz var.

Yeni mənzil alan bütün dostlarımızı təbrik edirəm. Çox sevinirəm onların yerinə, çox. Çünki şəxsən tanıdığım, kirayələrdə, yataqxanalarda sürünərək acı həyat yaşayan xeyli sayda həmkarımın məhz öz dövlətimizin, məhz öz Prezidentimizin lütfü sayəsində bir anda işıqlı mənzillərlə təmin edilməsinə sevinməmək olmaz.

Tənqidlər var, qüsurlar var. Onlara bənd olmuram. İş olan yerdə tənqid də olacaq, qüsur da olacaq. Əsas olan niyyətin saflığıdır ki, cənab Prezidentin bu iradəsinə əsla şübhə yeri yoxdur.

Sözardı: Abdulla babamın qəbrinin yerini tapa bilmirik. Çünki rəhmətə gedəndə atam uşaq olduğu üçün baxan olmayıb, qəbir itib. Atamsa öz doğum gününü və ilini bilmirdi. Sənəd yox idi. Ona görə təxminlə ona 1928-ci ildə doğulmasını bildirən pasport vermişdilər. Lakin 60 yaşında – 1987-ci ildə, mən əsgərlikdə olarkən rəhmətə getdikdən sonra evdə qalan bütün kağız-kuğuzu qoruyub saxlayan anam onları mənə təhvil verəndə atamın doğum haqqında şəhadətnaməsi də çıxdı qarşıma. Ərəb əlifbasıyla yazılıb. Açıq-aydın özü də. 20 may 1927-ci ildə doğulub. Atasının adı Abdulla Xələfoğlu, milliyyəti Türk. Doğum yeri də elə öz kəndimiz – Dədəli göstərilib. Anlaşılan, bu il atamın 90 yaşı tamam oldu. Qeyd edəcəkdik. Amma həmin aylarda ortaya çıxan vazkeçilməz xarici səfərlər və bu üzdən yaranan maliyyə sıxıntısı üzündən qeyd edə bilmədik…




Azər HƏSRƏT, [email protected]