Baxış sayı: 259
13-11-2016, 13:08
Əməkdar artist Elza Seyidcahan Bayraq günündə pianino arxasına keçərək Azərbaycan himnini çalıb-oxuyub. Kaş ki, oxumayaydı...
 
Builki bayraq günü münasibətilə keçirilən tədbirlərdən birinin qalmaqalından qurtarmamışdıq ki, ikinci bir biabırçılıqla üzləşdik. Birinci halda müzakirələrə səbəb olan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin erməni bayrağını tərsinə tutub sındırmasıydısa, ikincidə əməkdar artist Elza Seyidcahanın himnimizi oxuması olub. Bilirəm deyəcəksiniz ki, birincini başa düşdük, Ermənistan bayrağındakı rənglərin yeri dəyişəndə Kolumbiya bayrağına bənzəyir, bəs Elza Seyidcahanın dövlət himnimizi çalıb-oxuması niyə müzakirəyə gətirib çıxarmalıdır?

“İnstagram” sosial şəbəkəsində Elza Seyidcahanın himnimizi oxuduğu videogörüntü yayılmağıyla tənqidlərə məruz qalmağı bir olub. Bəstəkar-müğənni himnimizi elə şəkildə oxuyub ki, oxumasaydı, ondan yaxşı olardı.

Himnin birinci bəndində “Səndən ötrü can verməyə cümlə hazırız!” cümləsinin yerinə “Səndən ötrü can verməyə gündə hazırız!” oxuyan Seyidcahan “Səndən ötrü qan tökməyə cümlə qadiriz!”in əvəzinə “Səndən ötrü qan verməyə cümlə hazırız!” deyir. Biabırçılıq tək bu olsaydı, nə vardı ki...
 
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
 
Əhməd Cavad himnimizi belə yazıb.
 
Elza Seyidcahanınsa yenə şairliyi tutub, deyəsən.
 
Sən olasan gülüstan,
Sənə hər gün can qurban!
Sənə mehri-məhəbbət
Na-na-na, na-na-na...
 
Bu da son deyil. Adam “Namusunu hifz etməyə” əvəzinə “namusunu yüksəltməyə” deyir, ardını “Cümlə gənclər müştaqdır!” oxumaq əvəzinə “Bayrağını yüksəltməyə!” söyləyir.

E.Seyidcahan himnimizdə demək olar ki, bircə “Azərbaycan! Azərbaycan!” sözlərini düzgün deyir. Buna da şükür.

Di gəl, adam səhvlərini etiraf etmək əvəzinə, camaatı borclu çıxarır. Deyir ki, bəs illərdir, Bayraq, Müstəqillik, Qurtuluş və bu kimi günlərdə dəfələrlə himnimizi oxuyub, bayrağımızı yüksəkliklərə qaldırıb. Bayraq günündə himnimizin bukletlərini, bayrağımızın rəmzi mənasını bütün insanlara hədiyyə paylayıb. Və həm də himni bir yerdə dəfələrlə oxuyublar. Əgər orda da himnimiz belə oxunubsa, day heç zad.

Guya onun Böyük Bayraq Mərasimi keçirməyinə, ulu öndərə, cənab prezidentə, ulularımıza, şəhidlərimizin ruhuna təşəkkür etməyinə kimlərsə qısqanır. “Azərbaycan himni tək parlamentdə deyil, hər ocaqda səhər, günorta, axşam səsləndirilməlidir, məncə” deyən əməkdar artist hətta təklif edir ki, ad günlərində “Happy Birthday” mahnısı əvəzinə Dövlət Himni oxunsun.

Etməyin, siz Allah, oxumayın. Özünüz demiş, başqaları kimi elə bayramlarda kabab yeyib evinizdə oturmağınız himnimizi bu günə salmağınızdan yaxşı olar...

Qalib İBRAHİMOĞLU

Ekspress.az