Baxış sayı: 562
9-03-2017, 09:02
“8 mart Beynəlxalq Qadınlar Günü” bayramı sözün əsl mənasında qadınların nailiyyətidir. 1857-ci ilin 8 martında Nyu York şəhərində tətillərlə başlayan bu hərəkat 1975-ci ildə “8 mart Beynəlxalq Qadınlar Günü” bayramının  BMT tərəfindən rəsmən tanınması ilə yekunlaşdı.  Bu bayramın tarixinə səfər etsək qadınların mübarizə ruhunu asanlıqla görmək olar. Qadinların öz hüququları uğrunda apardığı mübarizələr qətllərlə, təqiblərlə, işgəncə və faciələrlə müşayət olunub. Qadınlar qan bahası hesabına öz huquqlarını əldə edib desək yanılmarıq. Bu günü qadın mübarizə günü, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyi simvolu kimi də qeyd etmək olar.Cəmiyyətimizdə bu bayramın keçirilməsi ilə bağlı fikirlər bir mənalı deyil. Etiraz edənlərin ideoloji baxışlarını nəzərə alsaq müəyyən qədər onları başa düşmək olar. Belə ki, yuxarıda qeyd etdiyim qadınların etiraz dalğalarının katalizatoru qismində millətimizə və dövlətçiliyimizə ziyan vuran ideologiya (sosializm, kommunizm) çıxış edib. Lakin, hərəkatın mahiyyətinə varanda fərqli mənzərənin şahidi oluruq.

Ehityac olmasaydi qadınları mübarizəyə qalxmağa heç bir ideologiya nəyin ki, məcbur edə bilməzdi, hətta qadın mübarizəsi haqqında heç düşünməzdi də.  Çünki, qadının hüququ kişinin hüququ ilə eyni səviyyədə olanda etiraz üçün heç bir səbəb olmur. Qadının hüquqları kişi hüquqları ilə nisbətdə daha məhdud olduğu üçün qadin etirazı üçün münbit şərait yaranır.Göründüyü kimi qadın azadlığı uğrunda silsilə mübarizələr Qərb ölkələrində baş verib. Maraqlı cəhət ondan ibarətdir ki, Azərbaycanda qadın azadlığı uğrunda mübarizənin kəskinliyi müşahidə edilməyib. Hər bir millətin xarakterini, onun baxışını həmin millətin işlətdiyi sözlərdə (XANim, BƏYim), onun folklorunda (Dədə Qorqud dastanında Banu Çiçəyin Bamsı Beyrəklə yarışması), onun tarixində (Şah Xətainin həyat yoldaşı Taclı bəyimin savaşda döyüşməsi), onun adət ənənəsində (qadının kəlağayısını çıxarmağı kifayət idi ki, kişilər döyüşünü saxlasınlar) asanlıqla görmək olar. Görməklə də türk qadınlarının daha azad olduğu qənaətinə gəlmək olar.  Düzdür! Tarixin gedişatında SİYASİLƏŞMİŞ dini ideologiyaların yaratdığl savadsızlıq mühitinin təsiri altında qadınların (elə kişilərin də) hüquqlarının ifrat məhdudlaşdırılmasının şahidi oluruq. Buna baxmayaraq 1918-ci ildə elan olunmuş Azərbaycan Cümhuriyyəti qadınlara səs vermə hüququnu Qərb olkələrindən daha əvvəl verib və bu qərar millətin xarakterini ortaya qoyur. Millətimiz özünə dönəndə daha əzəmətli görünür. Bir məqamı vurğulayim: Məşhur Fransiz sosioloqu və psixoloqu Qustav Lebonun (1841-1931) fikrincə millətin xarakterinin dəyişməsi üçün on əsrlər lazımdır. Qadın azadlığının müsbət cəhətləri ilə yanaşı onun mənfi cəhətləri də var. Bəzən insanlar qadın azadlığı anlayışını düzgün başa düşmürlər. Müasir dövrdə cəmiyyətimizdə bunu asanlıqla müşahidə edə bilərik. Qadın azadlığını hərfi mənada başa düşmək cəmiyyətdə xaosun yaranmasına səbəb olur. Xaos yaranmaqla mübahisələr, kəskin konfliktlər, ailə institunun dağılmasının şahidi oluruq. Bəzən belə hadisələr daha da kəskinləşərək cinayət hadisələrinə çevrilir.
Qadının azadlığı ifrat eqostliyə transfarmasiya olur. İfrat eqoistlik məqaminda isə insanın məsuliyyəti sıfır həddə düşür və cəmiyyət daxilində qarşılıqlı məsuliyyətsizlik hökm sürür. “Necə istəyirəm, elə də geyinirəm”,”Kimlə istəyirəm onunla da görüşürəm”, “Hara istəyirəm, ora da gedirəm”, “Öz həyatımdır, özüm də bilərəm” kimi fikirlərlə yaşamaq qadının azadlığının hərfi mənada başa düşüldüyünü göstərir və bu ilk öncə həmin şəxs üçün təhlükəli tendensiyadır. Bu cürə səhv yanaşmanın nəticəsində “azad qadın” anlayışı cəmiyyətdə ikrah hissi ilə qarşılanır və cəmiyyətdə iki tirəlik yaranır. Azad qadın dedikdə istədiyi kimi yaşayan yox, ailəsinin, sevdiyi insanların qarşısında məsuliyyətini hiss etməklə öz hərkətlərinə sərbəst qərar verən, öz hərəkətlərini sərbəst seçə bilən qadın nəzərdə tutulur. Münasibətlərdə azad qadın dedikdə münasibəti istədiyi vaxt dayandırıb, istədiyi vaxt münasibəti başlayan, müxtəlif insanlarla müxtəlif zamalarda münasibətə başlayan qadın yox, münasibətə sağlam baxış sərgiləyən, öncədən sərbəst azad seçim edən və bu münasibətin məsuliyyətini özü daşıyan, münasibətin sıxlığı və yaxşılığı üçün, münasibətin uğurlu alınması üçün səy göstərən qadın sayılır.Bu gün azad qadın azad şəxsiyyət böyüdən qadındır.
 Qadın öz azadlığını necə dərk edəcəksə o şəkildə də övladına aşılayacaq. Məsuliyyətli qadın məsuliyyətli şəxsiyyət, məsuliyyətsiz qadın məsuliyyətsiz şəxsiyyət yetişdirəcək. Gözəl ruha sahib qadin cəmiyyətə gözəl ruhlu şəxsiyyət bəxş edəcək.  Belə ruha sahib olan şəxsiyyətlər isə qadınlara hörmət edib, onları mudafiə edəcək! Cəmiyyətimizin intelektual və mənəvi durumu biz qadınların əlindədir.Hər bir halda... Təbrik edirəm, xanimlar. Bu gün Biz diqqət mərkəzindəyik, həzz alaq bu anlardan və azadlığımızı qoruyaq!
Fərqanə Mehmanqızı