Baxış sayı: 107
21-12-2016, 22:53
Bizimkilər hansı fırıldaqlığı desən bacarır. Təki ordan pul-para gəlsin. Doğru-dürüstlük, halal pul qazanmaq bəziləri üçün yaddır...
 
Evinə çörək alıb aparasan, süfrə arxasında oturub yemək yeməyə hazırlaşasan və aldığın çörəyin köhnə olduğunu görəsən, adamda iştah qalar? Deyəcəksiniz ki, elə şey olmaz. Olar və belə bir hal həmkarımız Mahir Məmmədlinin başına gəlib.

Hadisə “Bizim Market” mağazalar şəbəkəsində vaqeə olub. Jurnalist dostumuz Əsəd Əhmədov küçəsindəki “Bizim Market” mağazasından çörək alıb, gedib evdə baxanda çörəyin köhnə olduğunu görüb. Çörəyin üzərindəki etiketə baxandasa nə görsə yaxşıdır? Etiketin üstündən başqa biri də yapışdırılıb. Demə, marketdə çörəyin üzərinə yapışdırılan kağızda istehsal tarixi iki dəfə dəyişdirilibmiş.

Həmkarımız məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanlayıb. Adıçəkilən qurum hələ araşdırma aparır və məsələ araşdırılıb başa çatandan sonra mətbuata açıqlama veriləcək.

Belə hallarda qarşı tərəfin günahını etiraf etdiyinin hələ şahidi olmamışam. Elə “Bizim Market” də səhvini boynuna almır, əksinə, qabaqdangəlmişlik edir. Belə ki, mağazalar şəbəkəsinin nümayəndəsi Samid Hidayətov “bakipost.az”a Mahir Məmmədlinin şikayətinin əsassız olduğunu deyərək bildirib ki, belə bir hadisə ola bilməz. Adam deyib ki, əgər həqiqətən də belə hal baş veribsə, şikayətlə onlara müraciət edərdi. “Ola bilər ki, əvvəlcə tarix səhv vurulub. Sonradan isə düzəldilib”,-deyən nümayəndə daş atıb başını tutaraq onlarda, ümumiyyətlə, vaxtı keçmiş çörək satılmadığını bildirib.

S.Hidayətov dediklərini müxtəlif üsullarla sübut etməyə çalışaraq, əvvəlcə qiymət kimi göstərilən rəqəmlərin əslində, “Barkod” olduğunu deyib: “Bizim bütün malların üstündə belə etiket var. Barkod əvvəlcə səhv vurulub. Amma sonradan yenisi ilə düzəldilib. Burda nə var ki? Əgər şikayətçi aldığı çörəyi götürüb mağazaya gətirsəydi, yerindəcə bunu araşdıra bilərdik”.

Belə hallarda ən çox qarşı tərəfin özü günahkar çıxarılır. Elə mağazanın nümayəndəsi də həmkarımızı “ne prav” “çıxarıb”: “Bəlkə özü yapışdırıb? Kim bunu deyə bilər Biz nə bilə bilərik ki, müştəri özü bunu etməyib?”

Tutaq ki, lap elədir. Bəs mağazaya məxsus qiymət kağızını Mahir necə və hardan əldə edib? Elə bilirsiniz, mağaza bu sualın qarşısında susacaq? Mümkün deyil, sənə elə cavab verilər ki, mat-məəttəl qalarsan: “Şikayətçi iki gün dalbadal çörəyi alıb ikinci barkodu birincinin üstünə yapışdıra bilər. Əgər belə hal olsaydı, əyani şəkildə bunu gəlib bizə sübut edə bilərdi”.

Maraqlıdır, Mahir Məmmədlinin “Bizim Market”lə nə verib ala bilməyəcəyi var ki, adam işini-gücünü buraxıb belə işlərlə məşğul olur? Səhvi boynuna almaq nə yaman ağır işdir ki, o boyda mağaza bunu etmək əvəzinə özünə yüz cür variantla haqq qazandırır?..

Qalib İBRAHİMOĞLU