Baxış sayı: 152
3-08-2017, 21:43


Neftin qiymətlərinin aşağı düşməsi fonunda yaranmış maliyyə böhranı, Azərbaycanda milli valyutanın devalvasiyası, inflyasiyanın artması cəmiyyətində bir sıra neqativ tendensiyaları üzə çıxarıb. İşsizlik, gəlirlərin azalması, əhalinin müəyyən təbəqəsinin borc içində olması və s. sosial-psixoloji vəziyyəti gərginləşdirib. Əhalinin xüsusilə aztəminatlı və risq qruplarında təmsil olunan təbəqəsi ölkədə gedən prosesləri çətin keçirir. Bu vəziyyətdən necə çıxacaqlarını bilmir, onların gələcəyə olan ümid və inamları sarsılır. Nəticədə cəmiyyətdə bir sıra neqativ halların, eləcə də sosial bəla olan intiharların sayının durmadan artmasının şahidi oluruq.

Bu problemlərin həllinə dəstək məqsədilə “Qadın Liderliyi Uğrunda” İB AR Prezidenti yanında QHT-lər Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirir.

Avqustun 3-də bu layihə çərçivəsində “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilib.

“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, apardıqları tədqiqatlar cəmiyyətdə sosial-psixoloji durumun getdikcə ağırlaşdığını göstərir. Qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallar onları həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var. “Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür. Onların xilası bizim bu problemlərin kökünə enərək onun həllinə çalışmağımızdan keçir. Biz sosial-psixoloji gərginliyin burulğanında çabalayan insanlara kömək əlimizi uzatmalı, onların problemlərini dinləyərək çıxış yolları tapmağa çalışmalıyıq. Bu işdə dövlətlə yanaşı QHT-lərin və KİV-lərin də üzərinə böyük məsuliyyət düşür” – deyən Ü.Abdullayeva bu məqsədlə həyata keçirdikləri layihədən bəhs edib. O, intiharlara, insanların ölümünə aparan sosial-psixoloji problemlərin aradan qaldırılması üçün maarifləndirmə və təbliğatyönümlü  tədbirlər həyata keçirdiklərini bildirib. Həmçinin mövzuya medianın diqqətini cəlb etmək üçün “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda ən yaxşı məqalələrin müsabiqəsini elan etdiklərini deyib.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu gün qadınlara qarşı zorakılığa yol verən, intihara əl atan, həyatından bezən insanların əksəriyyəti müharibə dövrünün stressini yaşayan, ya da həmin dövrdə dünyaya gələn insanlardır. Ailə modelinin keçid dövrünü yaşadığını, insanların həddindən çox informasiya qəbul etdiyini vurğulayan M.Zeynalova cəmiyyətdəki sosial-psixoloji gərginliyin əsas yükünün qadının üzərində olduğunu qeyd edib. Qadına özünü ifadə etmək imkanının verilməsini vacib sayan QHT sədri qadın həmrəyliyinin, stereotiplərin qırılmasının da vacibliyini ifadə edib. “Bizim cəmiyyətdə qadın əxlaqı təcəssüm etdirir. Əxlaq sözü gələndə hamı qadına baxır. Təəssüf ki, bizdə əxlaq sözünü fiziki mənada qavrayırlar və qadınlar ən çox bunun əziyyətini çəkirlər” – deyə hüquq müdafiəçisi bildirib.

"XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə qeyd edib ki, qadınların başlıca problemləri elə qadınların özlərindən qaynaqlanır. “Müasir texnologiyalar, sosial şəbəkələr bir çox hallarda qadınların zəif tərəflərini üzə çıxarır. Onlar bəzən öz ailələrini, uşaqlarını atıb sosial şəbəkə vasitəsilə, ya da başqa yolla tanış olduqları kişilərə qoşulub qaçırlar. Nəticəsini düşünmədən atdıqları addımlar sonda qadınların faciəsinə çevrilir” – deyən M.Əmirhüseynovanın fikrincə, ailədaxili xəyanətlər, münaqişələr cinayətlərə gətirib çıxarmamalıdır. “Əgər ailədə dözülməz, həlli mümkün olmayan problemlər varsa, cütlük ayrıla bilər. Amma fiziki xətər toxundurmaq, öldürmək problemi həll etmir, əksinə, daha böyük problemlərin əsasını qoyur” – deyə QHT sədri bildirib.

Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyevanın fikrincə, fikir formalaşdıran media zorakılığa və intihara dair informasiyaları mütəmadi olaraq yaymaqla cəmiyyəti bu cür hallara öyrəşdirir. “Qulaq o qədər belə informasiyalara öyrəşir ki, artıq cinayət baş verəndə, cəmiyyət ona lazım olan reaksiyanı göstərmir. Beləcə sosial-psixoloji problemlərin gətirdikləri bəlalar insanların gözündə adiləşir” – deyən Y.Hacıyevanın fikrincə, dövlət, vətəndaş cəmiyyəti institutları, media bu məsələdə sistemli iş aparmalıdır.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət texnoloji inkişafın asosiallaşmaya səbəb olduğunu, insanların öz həyatlarını sosial şəbəkələrə köçürdüyünü deyib. O, eyni zamanda məktəblərdə 90% müəllimin qadın olduğu, oğlan uşaqlarda qadınlarla bağlı komplekslərin həm də bu səbəbdən yarandığı qənaətindədir. A.Həsrət hesab edir ki, uşaqlar, gənc nəsil internetin təsiri altında yad dəyərləri mənimsəyir. Əgər ölkədə təhsilin səviyyəsi, mədəniyyət yüksəlsə, bu problemlər də azalacaq. Eyni zamanda ailə quran cütlüklər özlərinə uyğun həyat yoldaşları seçməlidirlər ki, sonra uyuşmazlıq problemi yaranmasın.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə müzakirə mövzusu olan problemlərin çoxunun cinsi münasibətlərin tənzimlənməməsindən doğduğu qənaətindədir: “Cinsi münasibətlər, seksual azadlıqlarla bağlı mövzularda tabular olduğundan, onlardan çox danışa bilmirik. Amma dərinə getsək, görəcəyik ki, cəmiyyətimizdəki problemlərin kökündə daha çox cinsi münasibətlərin düzgün tənzimlənməməsi dayanır”.

Pedaqoq Elşad Vəliyev hesab edir ki, qadınlar iqtisadi cəhətdən azad olmayınca, öz ayaqları üzərində durmağı öyrənməyincə, bu problemlər həllini tapmayacaq.

Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynova ailələrin süni surətdə qorunmasının, partnyorlar arasında yaranmış problemlərin ört-basdır edilməsinin nəticədə cinayətə, intiharlara yol açdığını deyib. Onun fikrincə, problemlərin kökünü ailə institutumuzdakı yanlışlıqlarda, fərdlər arasında düzgün münasibətlərin qurulmamasında axtarmaq lazımdır. Onun fikrincə, dünyagörüşləri, səviyyələri fərqli insanlar eyni ailəni, eyni mühiti bölüşməyə can atmamalıdırlar.

Pedaqoq Vəfa Vəliyeva cinslərarası aqressiyanın aradan qaldırılması, qadına neqativ münasibətin dəyişməsi üçün orta məktəbdən başlayaraq sistemli maarifləndirmə işlərinin  aparılmasınını zəruri olduğunu deyib. “İnsanlar savadlı olanda, bir-birilərini başa düşəndə, aralarında sevgi, hörmət olanda, problemlər daha rahat həll olunur” – V.Vəliyeva əlavə edib.

“Mənim təhsilim, mənim gələcəyim” layihəsinin rəhbəri Rəşad Bayramov isə cəmiyyətimizin psixologiyaya dair bilgiləndirilməyə ehtiyacı olduğunu vurğulayıb. Onun fikrincə, əgər ölkə vətəndaşları insan psixologiyasını dərindən bilsəydilər, bu qədər problemlər yaşanmazdı. O, orta və ali məktəblərdə psixologiya fənninin tədrisinin önəmindən bəhs edib. Həm də deyib ki, qadınlarla bağlı problemlərin həlli ailə institutunun düzgün formalaşmasından, erkən nikahların qarşısının alınmasından və savadsızlığın aradan qaldırılmasından keçir.

Tədbirdə pedaqoqlar Gülər Musayeva, Xəyalə Məmmədova və digər şəxslər öz fikir və təkliflərini səsləndiriblər.

Ülkər Abdullayeva bildirib ki, burada səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.