Baxış sayı: 178
23-12-2016, 14:42

Yanvarda yeni metro stansiyasının tikintisinə start veriləcək. Şərti adı “Y-15” stansiyasından - neft emalı zavodunun qarşısından “Xətai” metro stansiyası istiqamətinə doğru tunelin qazıntısına başlanılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakının Nobel prospekti boyunca şərti adlar altında 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bunlardan biri “Ağ şəhər” ərazisində, digərləri isə neft emalı zavodunun qarşısında olacaq.

N.Paşayev qeyd edib ki, şərti adı “Y-15” olan stansiyada hazırlıq işləri görülür. Tunel-qazıntı işlərinin aparılması üçün start kameranın tikintisi tam başa çatıb. Tunelqazma maşının quraşdırılması ilə bağlı işlər tam bitmək üzrədir. İşlər qaydasında gedərsə, yanvar ayından “Y-15”, yəni neft emalı zavodunun qarşısından “Xətai” metro stansiyası istiqamətinə tunelin qazıntısına başlanılacaq. Növbəti mərhələdə isə “Y-15” stansiyasından tikilməkdə olan “Həzi Aslanov-2” stansiyasına doğru tunellərin qazıntısına başlanılacaq. Gələcəkdə “Xətai” stansiyasından “Həzi Aslanov-2” stansiyasına doğru 3 stansiya fəaliyyət göstərəcək.