Baxış sayı: 143
15-12-2016, 17:38

“İsrailin baş nazirinin bu səfəri tarixi hadisədir. Düzdür, Benyamin Netanyahu 1997-ci ilin avqust ayında Bakıda olub, lakin budəfəki səfər tarixi səfərdir, çünki bu, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 25 illik tarixi ərzində İsrailin hökumət başçısının Azərbaycana ilk işgüzar səfəridir”. 

ATV.az-ın məlumatına görə, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının “Günün qəhrəmanı” proqramında göstərilən “Dost Bakıda” adlı süjeti şərh edərək söyləyib: “Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İsrailin Baş nazirini və onun xanımını çox səmimi qarşılayıblar. Səfərin lap əvvəlindən hər iki lider bir-birinə səmimi münasibət nümayiş etdirdi. Benyamin Netanyahu danışıqların əvvəlində Azərbaycanın və şəxsən İlham Əliyevin multikulturalizm və tolerantlıq sahəsində siyasətini yüksək qiymətləndirərək, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına səmimi münasibətinə heyran olduğunu bildirdi.

Prezident İlham Əliyev bu yüksək qiymətin cavabında bildirib ki, Azərbaycandakı yəhudi icması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Bakıdakı bu görüş bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim genişlənir. Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Əvvəllər bu ticarət dövriyyəsi əsasən neft və qaz sənayesində cəmləşirdisə, indi qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir”.

Arye Qutun sözlərinə görə, İsrailin baş nazirinin səfər müddəti qısa – cəmi 8 saat olmasına baxmayaraq, bu səfəri uğurlu, Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün səmərəli hesab etmək olar. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

Arye Qut vurğulayıb ki, Azərbaycan mediası Netanyahunun Bakıya səfərinə xüsusi diqqət yetirir. Praktiki olaraq bütün KİV-lər iki ölkənin qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün bu səfərin tarixi əhəmiyyət daşıdığını qeyd edirlər: “Qeyd etmək lazımdır ki, Prezident Əliyev Benyamin Netanyahunu prezidentin “Şəfəq” iqamətgahında qarşılayıb. 19 il bundan əvvəl İsrailin Baş naziri gecə vaxtı Bakıya tarixi əhəmiyyətli qısa səfər zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə həmin iqamətgahda görüşmüşdü. Bu, yeni Azərbaycan diplomatiyası tarixində çox nadir hallardan biri idi: Azərbaycanın ümummilli lideri Heydər Əliyev xarici ölkənin liderini gecədən xeyli keçmiş qəbul etmişdi. Sonralar Netanyahu Heydər Əliyevlə danışıqlar zamanı ömründə ilk dəfə səhərin açılmasını gördüyünü xatırlayırdı. Ümummilli Lider ona dünya miqyaslı müdrik və güclü dövlət xadimi kimi unudulmaz təsir bağışlamışdı. Məhz Netanyahunun Bakıya bu tarixi gecə səfərindən sonra İsrail-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməyə başladı”.

Qutun fikrincə, İsrail Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı hesab edir. Bu ölkə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Arye Qut səfəri şərh edərək deyib: “Gəlin unutmayaq ki, İsrail öz qaz ehtiyatlarının tədarükündə maraqlıdır və çox ehtimal ki, İsrail TANAP layihəsində istifadə edəcək. Vaxtilə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və İsrailin baş naziri Netanyahu iki ölkə arasında gələcək tərəfdaşlığın əsasını qoyublar. Bu gün isə İlham Əliyev Və Benyamin Netanyahu İsrail-Azərbaycan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində yeni səhifə açıblar. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin möhtəşəm və parlaq nümunəsidir. Azərbaycanda yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycan rəğbətini və heyranlığını daha da gücləndirir”.

Ekspert vurğulayıb ki, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir – bu ölkənin ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Qut vurğulayıb: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 24 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyon qaçqın var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruridir”.

Digər tərəfdən, ekspertin fikrincə, İsrail Azərbaycanın yəhudi icmasının dəstəklənməsinə xüsusi əhəmiyyət verir. Arye Qut deyib: “İsrailin baş naziri və onun xanımı “Or-Avner” yəhudi məktəbində olublar. Qatı antisemitizmin tüğyan etdiyi bir sıra Avropa dövlətlərindən və postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, bu ölkədə yəhudilər özlərini həmişə evlərində olduğu kimi hiss ediblər. Qürurla qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi dünyada analoqu olmayan bu ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir.

Prezidentin himayəsi ilə Azərbaycanda iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanda ilk yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Sual edə bilərsiniz: Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkə İsrail ilə dialoqun, tərəfdaşlığın və əməkdaşlığın bu cür yüksək səviyyəsinə necə nail olub? Bu suala cavab almaq üçün Azərbaycanda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Hesab edirəm ki, nəinki əslən Azərbaycandan olan mən, həmçinin İsraildə 70 min nəfərlik bütün Azərbaycan icması İsrail dövlətinin Baş Nazirinin Bakıda Azərbaycan Prezidenti tərəfindən necə səmimi qarşılanmasını əks etdirən videoya baxanda sıx və səmimi strateji tərəfdaşlıq faktına görə yalnız qürur hissi keçirə bilər.