Baxış sayı: 536
11-12-2016, 18:29
Bu gün Şuşanın keçmiş icra başçısı Mikayıl Gözəlovun qətlindən 25 il keçir. Femida.az M. Gözəlovun xatirəsinə həsr olunmuş yazını təqdim edir.


Qarabağda nüfuzlu şəxs olan M.Gözəlovun qısa arayışı.

Gözəlov Mikayıl Qoca oğlu 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurduqdan sonra, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirir. Bundan sonra təyinatla Şuşa şəhərinə göndərilir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışdıqdan sonra 1976-cı ildə həmin idarənin rəisi olur. Müxtəlif sahədə çalışdıqdan sonra 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunur.

Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Azərbaycan Respublikası prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik etmiş. Bundan əlavə Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərmiş. 1991 -ci ilin dekabrın 11-də iş otağında güllələnərək qətlə yetirilib.



Mikayıl Gözəlovla bağlı xatirələrini, onunla qonşu kənddən olan, Gözəlovlar ailəsinin yaxın dostu və Mikayıl Gözəlovla eyni vaxtda Şuşada çalışan Elburus Rüstəmov danışır.

-Elburus Rüstəmov kimdir?

-Rüstəmov Elburus Abbas oğlu 1955-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşam. Uşaqlığım da həmin kənddə keçib. 1977-ci ildə Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitunu bitirdikdən sonra Hadrut rayonun Çikalov adına kolxozuna mütəxəssis kimi təyin olundum. 1979- cu ilə qədər həmin yerdə işlədim. Daha sonra Şuşa şəhərinə Kənd Təsərrüfatı Texnikumunda müəlim kimi işlədim. 7 ay işlədikdən sonra 1980- ci ilin avqusutunda Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul oldum. 1 il oxuduqdan sonra yenidən Şuşaya qayıdıb müəllim kimi işlədim. Daha sonra 1982-ci ildə Kənd Təsərrüfatı şöbəsi yaranada məni ora mütəxəssis kimi dəvət etdilər. 1985-ci ilin mayında həmin şöbənin müdiri təyin olundum. 1992-ci ilin mayına qədər həmin vəzifədə çalışdım.

-Bildiyiniz kimi görüşümüzün əsas məqsədi Mikayıl Gözəlovla bağlıdır. İstərdim, M.Gözəlovla tanışlığınızdan danışasınız. 

-Mikayıl Gözəlov Ağdamın Mərzili kəndindən idi. İlk olaraq elə qonşu həmkəndlim kimi tanıyırdım. Həmçinin, onun atası Qoca kişiylə atamın yaxşı münasibətləri var idi. Onlar bir yerdə dağlara gedirdilər. Sonralar hadisələrin ilk başlanğıcı illərində Gözəlov Xankəndində tikinti trestində baş mühəndis işləyirdi. Artıq azərbaycanlılar Xankəndindən çıxarılırdı. Buna görə də Gözəlov Xankəndini tərk edib, Şuşaya gəldi. Ona görə ki, yaşayış yeri Şuşada idi. 1990-cı ildə Şuşa rayon İcrayyə Komitəsinə sədr təyin olundu. Mən də Rayon Partiya Komitəsində işləyirdim . Elə bu vaxtlarda əlaqələrimiz daha da dərinləşdi. Elə bu ərəfədə Şuşanın I katibi Vaqif Cəfərov təyin olundu. Vaqif müəllim Dağlıq Qarabağdan Milli Məclisə deputat seçildiyi üçün tez-tez Moskvada səfərdə olurdu. O bölgədə olmayan vaxt bütün işlər faktiki olaraq Mikayıl müəllimin əlində cəmləşmişdi. Bu da səbəbsiz deyildi. Çünki Gözəlovun əməli ilə, danışığı üst-üstə düşürdü. O elə bir şərait yaratmışdı ki, hamı bərabər idi. Fəhlə də, müəllim də, mühəndis də. Hamı əmin idi ki, Mikayıl müəllimin rəhbərliyi ilə görülən iş müsbət nəticə verəcək. Xalq da ondan qayğını görürdü.

-Nədə hiss olunurdu bu sadəlik?

-Məsələn, sizə belə bir epizod danışım. Vəziyyət gərgin olduğu vaxtlarda Ağdamdan Şuşaya gələn maşın karvanına hücum olmuşdu. Ona görə də karvanı Malıbəyli kəndinə döndərmişdilər. Bunu eşidən Mikayıl müəllim bizi də maşına mindirib Malıbəyliyə yollandı. Camaat təlaşda idi. Ermənilər təxribat törədirdilər. Cammatı kalonla birlikdə “Ağa körpüsü” deyilən yerə qədər gətirdik. Mikayıl müəllim o cammatın içərisindən çıxmadı. Maşınına minmədi ki, onları tək buraxa bilməz. Həmin vaxt ermənilərin yuxarıdan atdıqları daş-kəsəyin bir neçəsi Mikayıl müəllimə dəydi. Buna baxmayaraq o maşınına minmədi. Dedi ki, camaata nə olacaqsa, bizə də olacaq. Bu minvalla adamları həmin təhlükəli ərazidən çıxardı. Yəni belə bir rəhbər idi.




 




(M. Gözəlov ailəsi ilə)



-Qeyd etdiniz ki, ətraf kəndlərdə yaşayan ermənilər azərbaycanlılara qarşı hücumlar təşkil edirdilər. Mikayıl Gözəlov ermənilərə qarşı cavabı nə olurdu?

-1988-ci ilin fevralın 12-də ermənilərin mitinqləri başladı. Dağlıq Qarabağda yaratdıqları Krunk cəmiyyətinin fəalları təxribatlara başladılar. İlk vaxtlar Xankəndində mühafizəni Azərbaycan polisləri təşkil edirdi. Ermənilər dedilər ki, Azərbaycan polislərini Xankəndində görmək istəmirlər. Buna görə də polislər hərbçilərlə əvəz edildi. Həmin bu ərəfədə ermənilər azərbaycanlıları işlədikləri təşkilatlardan qovmağa, öldürməyə başladılar. Buna görə də azərbaycanlılar məcburi şəkildə Xankəndidən çıxarıldılar. Qaldı ətraf kəndlər. Həmin kəndlərə getməksə yalnız hərbçilərin nəzarəti ilə mümkün idi. Bir də hava yolu işləyirdi. Mübariz adlı bir şəxsin tikinti şirkətinə məxsus vertalyotdan həm də insanların getməsi üçün istifadə olunurdu. Vertalyot Cıdır düzündən uçurdu. Məlum Qarakənd faciəsindən qabaq Alı Mustafayev, Ramiz Fətəliyev və başqaları Cıdır düzündən vertalyota minib Laçına gedirdilər. Həmin vaxt Şuşa- Laçın yolunda yaşayan ermənilər maşınlara hücum etdiyi üçün hava yolu ilə gedirdilər. Mikayıl müəllim də onların arasında idi. Həmin vaxt vertalyotda yer olmadığı üçün Gözəlov mənə dedi ki, geri qayıdım, yemək süfrəsi hazırlayaq. Aradan 15 dəqiqə keçmişdi. Xəbər gəldi ki, vertalyot vurulub. Bunlar Şuşadan qalxıb, Laçına tərəf gedəndə ermənilərin sıx yaşadığı Qaladərəsi ərazisində vertalyotun pəri vurulmuşdu. Ekipaj görüb ki, vertalyot laxlayır, təcili Turşsuda olan meydançaya düşmüşdü. Vertolyot zərbə ilə yerə düşüb, fırlanmışdı. Həmin vaxt vertalyot çıxış qapısı üstdə düşdüyü üçün hərbçilərdən biri şüşəni sındırıb 30 nəfərdən çox insan xilas olmuşdu. Vertolyotdan çıxan ən son adam Gözəlov olmuşdu. Onlar vertolyotdan uzaqlaşandan sonra güclü partlayış baş verdi. Darmadağın oldu. Bu hadisə 1991-ci ilin payızında olmuşdu. Həmin vaxt sağ qaldıqları üçün qurban kəsdik.

Belə bir gərgin vaxtlarda Gözəlov ermənilərə qarşı tədbirlər görməyə başladı. Laçın- Şuşa yolunda yerləşən Qaladərəsi kəndində yerləşən ermənilər azərbaycanlılara hücum edib, onları öldürürdülər. Bunu nəzərə alan Mikayıl Gözəlov həmin ermənilərin oradan köçürülməsini qərara aldı. Mikayıl müəllimin rəhbərliyi ilə həmin ərazilərin ermənilərdən təmizlənməsi başlanıldı.

-Azərbaycanlılara hücum edən həmin ermənilər hara köçürülürdü?

-Hamısı Ermənistana. 1991-ci ilin mayında hərbçilər erməni kişiləri yığıb polisə gətirdilər. Onlar bölgədə gərginlik yaradan erməni yaraqlıları idi. 114 nəfər ermənidən 34 nəfəri törətdikləri cinayətlərə görə həbs olunub, Şuşa türməsinə salındılar. Yerdə qalanları isə sarı “PAZ” avtobuslarına mindirilib kəndlərinə göndərildilər. Özü də sənəd əsasında, özlərinin yazılı, təsdiq edilmiş imzları ilə. Ona görə ki, ermənilər sonradan bunu deportasiya kimi qələmə verməsinlər. Mikayıl Gözəlov rus generalı ilə də yaxşı münasibət yaratdı .O generala izah etdi ki, ermənilərin həmin kəndlərdə yaşaması təhlükə yaradır. Düzdür, kəndin bütün əhalisi belə deyildi. Amma ermənilərin içərisində ara qatan, təxribat törədənlər çox idi. Buna görə də rus generalı da ermənilərin köçürülməsinə razılıq vermişdi. Ermənilərin torpaqlardan təmizlənməsinə birbaşa Mikayıl Gözəlov başçılıq edirdi. Özü də humanistlik edib qadınların, uşaqların avtobuslar təşkil edilib, köçürülməsinə kömək edirdi.

-Köçürülmə prosesinə ermənilərin özünün reaksiyası necə olurdu?

-Gözəlov böyük siyasət işlədirdi. Bu köçürmələr ermənilərin ərizəsi ilə baş verirdi. Özləri də başa düşürdülər ki, burada yaşamaq mümkün deyil. Çünki saqqalı terrorçular təxribat törədirdilər.Onlar milliyətçi ermənilər idi.

-Həmin bu proseslər baş verəndə siz hansı vəzifədə çalışırdınız?

-Mən Şuşa rayon Partiya Komitəsində Kənd Təsərrüfatı Şöbəsinin müdiri idim. Erməni kəndləri də bizim şöbəyə baxırdı. Bölgəni də yaxşı tanıyırdım. Buna görə də Mikayıl müəəlim bölgə ilə bağlı işləri mənə etibar edirdi. Daha sonralar Qala dərəsi ermənilərdən təmizləndikdən sonra Mikayıl müəllim məni ora kolxoz sədri təyin etdi. Mikayıl müəllim məni ora təyin edəndə bilirdi ki, orada təşkilatçılıq edəcəm.







-Qeyd etdiniz ki, Gözəlov ermənilərə qarşı tədbirlər görürdü. Bəs rəhbərlik ona nəyi qadağa qoymuşdu?

-Gözəlov öz gücü daxilində kənar rayonlarda olan doludağıdan topları Şuşaya gətirmişdi. Həmin toplar Şuşa meşəsində yerləşdirilmişdi və hərbiləşdirmişdi. Ermənilər Xankəndindən Xocalıya, Malıbəyliyə, Quşçulara güllə atan kimi, Gözəlov Şuşadan onlara cavab verirdi. Ermənilər də çaş-baş qalırdılar ki, bu atəş hardan gəlir. Həmin vaxt Mikayıl müəllim göstəriş verirdi ki, topların yerini dəyişsinlər. Mikayıl müəllimə o qədər böyük hörmət var idi ki, verdiyi tapşırıq həmin dəqiqə yerinə yetirilirdi. Mikayıl müəllimin həmin vaxt ətrafında mərd oğullar da var idi. Onlardan Şuşanın indiki icra başçısı Səfərov Bayram, Sabirov Mehdi, sonralar şəhid olan Ramiz Qəmbərov da var idi. Sual verdiniz ki, hansı qadağalar olurdu. O vaxt prezident Ayaz Mütəllibov idi. Mütəllibova məlumat verirdilər ki, Gözəlov ermənilərlə barışığa icazə vermir. Buna görə Ayaz Mütəllibov Mikayıl müəllimə zəng etdi. Telefonda Ayaz Mütəllibov demişdi: “ Nə səs-küy salmısan orda?” Gözəlov da telefonda ona cavab vermişdi ki, bəs, niyə ermənilər bizim kəndlərə atəş açır? Mütəllibov Gözəlova Xankəndinə güllə atmağı qadağan etmişdi. Bütün bunlara baxmayaraq Gözəlov azərbaycanlıları ermənilərdən qoruyurdu. Ermənilər bir təxribat törədən kimi o dəqiqə cavabını verirdi. Buna görə də ona qarşı sui-qəsdlərə cəhd olunurdu. Bunun üzərində ciddi plan hazırlanırdı.Qala dərəsində saxlanılan maşın karvanının içərisində olan erməni sürücünün cibindən məktub çıxmışdı. Həmin məktubda yazılmışdı ki, Mikayıl Gözəlov sabah filan kənddə iclasda olacaq. Həmin məktubu Krunk cəmiyyətindən olan bir qadın müğənni yazmışdı. Bu məktub ona sui-qəsd təşkil edilməsi üçün işarə idi.

-Mikayıl Gözəlovun icra başçısı gətirilməsindən danışaq. Necə baş verdi bu?

-Mikayıl müəllim Rayon İcraiyyə Komitəsindən Rayon Partiya Komitəsinə I katib gətirildi. Bu ərəfədə Şuşanın əvvəlki icra başçısı Vaqif Cəfərov Polyaniçkonun müavini göndərildi. Daha sonra Qarakənd faciəsi zamanı şəhid oldu. Bu hadisədən bir qədər əvvəl noyabrın 7-də Mikayıl Gözəlov Şuşanın icra başçısı təyin edildi. Mikayıl Gözəlovun rəhbər təyin edilməsi xalqın mövqeyini daha da möhkəmləndirdi.

-Gözəlovun vəzifəyə təyinatından sonra respublikadan kimlər var idi Şuşada. Onlarla Gözəlovun münasibətləri necə idi?

-Orda müxtəlif vətəndaşlıq qrupları, Xalq Cəbhəsinin, Etibar Məmmədovun, başqa-başqa partiyaların nümayəndələri var idi. Mikayıl müəllim onlarla razılaşmırdı. Deyirdi ki, hamımız bir olmalıyıq. Yəni, parçalanmaya qarşı idi. Bu isə bəzilərinin xoşuna gəlmirdi.


Rəhim Qazıyev Gözəlovu sevmirdi...Ona görə ki,...

-Bəziləri deyərkən kimləri nəzərdə tutursunuz?

-Mikayıl müəllim vəzifəyə gətiriləndə onu rəhbərlikdən, içəridən və ən əsası ermənilərdən onu istəmiyənlər var idi. İçəridən olanlar qısqanırdılar ki, niyə Gözəlov Ağdamdan gəlib, burada vəzifədə işləyir. Bir dəfə Mikayıl müəllimi Ağcabədiyə İcra başçısı göndərmək istəsələr də, o getmədi. Məqsədi Şuşanı saxlamaq idi. Deyirdi nə ömrü var Şuşada yaşayacaq. Gözəlovu istəməyənlərdən biri Rəhim Qazıyev. O vaxt Şuşada hərbi dəstələrə rəhbərlik edən Qazıyev Mikayıl Gözəlovu heç bəyənmirdi. Çünki o Gözəlovun qarşısında at oynada bilmirdi. Həmişə onda Mikayıl müəllimə qarşı paxıllıq var idi. Bir neçə dəfə ona qarşı təxribatlar olurdu. Bir-iki dəfə qapısına güllə atmışdılar, yandırmışdılar. Amma açıq məhkəmə prosesi olmadı ki, bu şəxslərin kimliyi bilinsin. Amma xalqın içərisində bilinirdi həmin adamların kimliyi...


 


-İstərdim, Gözəlovun qətlindən danışaq. Siz həmin qətllə bağlı nə bilirsiniz?

-Həmin vaxt mən kolxoz sədri işləyirdim. Mikayıl müəllimin göstərişi ilə Gəncəyə su maşını gətirmək üçün getmişdim. Sürücü maşını götürüb geri qayıtdı. Mən də Yevlaxa, benzin götürmək üçün getdim. Orada eşitdim, camaat deyir ki, Şuşanın icra başçısını öldürüblər. Dedim: “A camaat, Şuşanın başçısı indi öldürülüb?” Mən elə bilirdim ki, onlar Şuşanın 21 gün əvvəl vertolyot qəzasında həlak olan icra başçısını deyirlər. Sonra dəqiqləşdirdim ki, öldürülən Mikayıl Gözəlovdur. Oradan başı dumanlı təcili Şuşaya gəldim. Gördüm ki, Gözəlovun meyitini Ağdama aparırlar. Dəfnə hazırlıq gedirdi.

Gözəlovu güllələyən adamın anası erməni idi...

-Kim idi Gözəlovu güllələyən? 

-O Elburus adında təcili yardım maşının sürücüsü idi. Özü də Şuşada yaşayırdı. Deyilənə görə anası da erməni imiş. Girib Mikayıl müəllimin otağına. Aralarında nəsə söhbət olub. O söhbəti onun yanında olanlar bilir. Mən bilmirəm. Həmin ərəfədə gözlənilmədən silahı çıxarıb və deyib : “Al, gəldi.” Vurulan zaman Mikayıl müəllimin son sözü bu olub: “Onsuz da mən bir cana borcluydum, getdim. Amma siz pis günlərə qalacaqsınız.” Bu sözdən sonra canını tapşırıb. Hətta vurulan zaman Mikayıl müəllimin üzü təbəssümlü şəkildə qalmışdı. Bu da çox qəribə bir şeydir.


Gözəlovun qətlinin sifarişini verməkdə şübhəli bilinən adam Qurana əl basdı...

-Bir icra başçısını öldürmək sürücünün nəyinə lazım imiş?

-O bu günə kimi qaranlıq qalan məqamdır. Məhkəmə prosesində həmin adam bir kəlmə də danışmayıb. Bu günə qədər də ömürlük həbsdədir. Ancaq susur. Həmin ərəfədə hər kəs bir adamdan şübhələnirdi. Atası Qoca əmi el ağsaqqalı idi. Dedi ki, mən istəmirəm nahaq yerə qan tökülsün. Bizim bir düşmənimiz var. O da ermənidir. Atası Gözəlovu öldürən Elburusa sual verirdi ki, sənə kim verib bu sifarişi. Amma o cavab vermirdi. Ailəsinin şübhələndiyi adam Qurana əlini basdı ki, onun xəbəri yoxdur. İndi o adam dünyada yoxdur.

-İcra başçısını qətlə yetirmək necə oldu ki, belə asan başa gəldi? Onu mühafizə edənlər yox idimi?

-Çox gözəl bir mövzuya toxundunuz. Mikayıl müəllim şəxsi mühafizədən imtina etmişdi. Onu kabinetdə mühafizə edənlərdən də imtina etmişdi. Deyirdi ki, xalq mənim burada oturmağımı istəyirsə, burada oturacağam. Onun yaşadığı evdə belə mühafizə yox idi. Belə bir insan idi. Daima xalqın içərisində idi.

-Şuşa əhalisi Gözəlovun qətlindən sonra nə danışırdı?

-Şuşa qan ağlayırdı. Onu şəxsən tanıyan, tanımayan hər kəs ağlayırdı. Çünki Şuşanın Gözəlovdan əvvəlki icra başçısı vertalyot qəzasında şəhid olmuşdu. Onun qanı soyumamış Gözlovun qətli Şuşanı çaşdırmışdı. Çünki Gözəlov sadəliyi ilə xalqın rəğbətini qazanmışdı. Gözəlovun ölümü Şuşanı ağlar qoydu. Sözün elə hər mənasında. Mikayıl Gözəlovu itiməklə Şuşanın sonu gəldi. Bu, danılmaz faktdır.

-Gözəlovun dəfninə kimlər gəldi və kimlər gəlmədi?

-Dəfninə çox adam gəlmişdi. Amma mən onun dəfnində Rəhim Qazıyevi görmədim. Bu, Rəhim Qazıyevin ən böyük səhvidir. Ümumiyyətlə Rəhim Qazıyev onunla düz gəlmirdi.

-Şuşa Gözəlovu itirməklə nəyi itirdi?

-...Elə özünü itirdi, Şuşa. Mikayıl Gözəlovun sinə gərib saxladığı Şuşanı, Qarabağı biz bu gün qaytara bilmirik. Reallıq budur.

-Mikayıl Gözəlovu bölgədə istəməyən daha kimlər idi?

-Ən birinci ermənilər. Çünki Gözəlov ermənilərə qarşı barışmaz idi. Ermənilərlə yanaşı daxildə də onu istəməyənlər var idi...

Mikayıl Gözəlov qətlə yetirilərkən otaqda tək olmayıb...

-Bayaq dediniz ki, Gözəlovu qətlə yetirərkən otaqda kimlərsə olub. Kim idi həmin şəxs?

-O vaxt Şuşada söhbət gəzirdi ki, Gözəlov qətlə yetirilən zaman otaqda Rayon Kənd Təsərrüfatı Birliyinin sədri Mirzə Bayramov olub. O da Rayonun Polis Şöbəsinin rəisi Vahid Bayramovun qardaşı idi. Amma sonralar dedilər ki, orada olmayıb. Məhkəmədə iştirak etmədiyim üçün dəqiq xəbərim olmadı.

-Məhkəmə harada keçirildi. Hakim kim idi?

-Məhkəmə Şuşada başladı. Hakim də indiki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiya idi. Məhkəmə qapalı olduğu üçün bizi buraxmırdılar. Buna görə də məhkəmədə nə baş verdiyini bilmədim.

-Gözəlovun qətlindən sonra sizə qarşı hücumlar olmadı ki?

-Əlbəttə oldu. 1991-ci ilin dekabrın 11-də Gözəlov qətlə yetirildi. 1992-ci ilin martında mənə hücumlar oldu. Hətta məni öldürmək üçün həbsxanadan Musayev İlham adlı şəxsi gətirdilər. Məsələ ölüm həddinə qədər çatdı. Həmin ərəfədə Şuşadan ağsaqqallar Ağdama, atamın yanına gəldi. Atam dedi ki, bizə qan düşməni lazım deyil. Düşmənimiz tək ermənidir. Atam hətta Şuşadan gələn ağsaqqalara dedi ki, Gözəlovun qətlini sizə, ermənilərə görə bağışladıq. Yoxsa, Gözəlovun qanını günahkarlardan alardıq. Orada hadisələr baş verdiyinə görə mən may ayından Şuşadan çıxdım. Ağdama qayıtdım. Daha sonra Şuşa işğal olundu. Bununla da bizim Şuşa xatirəmiz sona çatdı.

Gözəlovun qətlindən cəmi iki ay sonra Şuşa boşaldıldı...

-Gözəlovun ölümünü ermənilər necə qarşıladı?

-Ermənilərin əsas yolunu kəsən şəxs artıq yox idi. Onlar üçün toy-bayram oldu. Su kəməri, elektrik xətti partladıldı. Hərbinin münasibəti də dəyişdi. Gedib-gələnlərə hücumlar daha da artdı. Gözəlovun ölümündən iki ay sonra Şuşanı boşaltmaq üçün kalonlar gəldi. Qeyri-müəyyən səbəblərə görə Şuşa əhalisinin köçürülməsinə başlanıldı. Sonunda da bütün Qarabağ ermənilər tərəfindən işğal olundu.

-Deyirsiniz, Gözəlovun ölümü ilə hərc-mərclik başladı. Bəs, yeni icra başçısı kim idi?Nə işlə məşğul olurdu?

-Gözəlovun ölümündən sonra Şuşa Sanatoriyasının baş həkimi işləyən cərrah Mənsur Məmmədov icra başçısı oldu. Sonra cammat arasında söz yayıldı ki, Mənsur Məmmədov pulları götürüb Ağcabədiyə qaçıb. Apreldə o artıq Şuşada yox idi. Yeri boş qaldığı üçün yerinə Nizami Bəhmənov gəldi. Artıq o vaxtlardan mən Şuşadan çıxmışdım.

-Bəs, sizin Mikayıl Gözəlovla şəxsi xatirələriniz varmı?

-Bəli, çoxdur. Bir gün Şuşaya gələn su kəsildi. Kirs dağında dəhnə (Red- bulağın mənbəyi) buz bağladığı üçün su gəlmirdi. Gözəlov maşına işçiləri yığdı. Biz də UAZ-a minib yola düşdük. Hələ onda Gözəlov İcra başçısı deyildi. Özümüzlə ət, ərzaq da götürmüşdük. Suyun buzunu açdıqdan sonra apardığımız yeməyi hazırlayıb, orda süfrə açdıq. Biz Gözəlovla ikimiz bulağın çaya töküldüyü yerə gəldik. Rəhmətlik Gözəlov aşağı əyilib, sudan içib, dedi : “Qoy doyunca bu sudan içim. Bəlkə bir də qismət olmadı.”(Red- Göz yaşlarını saxlaya bilmir)


Gözəlovun ötkəmliyi ilə bağlı da bir xatirəm var. Qala dərəsi ermənilərdən təmizlənəndən sonra polislərdən ibarət mühafizə dəstəsi yaradılmışdı. Əhalini ermənilərdən qorumaq üçün. Həmin vaxt biz də həmin polislərin yanında dayanmışdıq. Gördük ki, yaxınlıqda bir vertalyot dayandı. İçərisindən də iki nəfər düşdü. Birinin əlində kamera var idi. Mikayıl müəllim elə bildi ki, gələn general Məhəmməd Əsədovdur. Onlar bizə yaxınlaşanda gördük ki, bunlar başqa adamdır. Bir rus generalı idi. Bizə elə gəldi ki, onlar kəşfiyyat məlumatı toplamaq üçün gəlmişdilər. Mikayıl Gözəlov həmin dəqiqə göstəriş verdi ki, onlar ərazini tərk etməsələr, həbs olunacaqlar. Həmin dəqiqə general və yanında olan operator vertalyota minib, ərazini tərk etdilər. Bütün bunları ona görə danışıram ki, Gözəlov nə qədər sağ idi, erməni ora yaxın dura bilmirdi.

-Görəsən, ikinci Gözəlov Mikayıl dünyaya gələ bilərmi?

-Mənim ən incə yerim Mikayıl Gözəlovdur. (Red- Gözləri dolur) Bu gün hər şey var, bircə Mikayıl Gözəlov yoxdur. İkinci Gözəlov da olmayacaq. Mənim qəlbimdə Gözəlovdan uca zirvədə dayanan ikinci şəxs yoxdur. ..


Zəruri qeyd: Mikayıl Gözəlov haqqında müsahibim Səbirə Mahmudovadan (Qarabağın Həcəri) eşitmişdim. Onunla bağlı geniş yazı yazacağımı özümə söz vermişdim.Müsahib axtarışına çıxan vaxt Səbirə xanım bu işdə Elburus müəllimin yaxşı müsahib ola biləcəyini məsləhət bildi. Elburus müəllimə telefonda deyəndə ki, Mikayıl Gözəlovla bağlı yazı hazırlayıram. Filan tarixdə, filan yerdə ola bilərsinizmi? Cavabı belə oldu : “O kişiyə görə hara desəniz gələrəm...”






 

femida.az







[media=[media=////www.youtube.com/watch?v=YBN8rC9ZtVE]