Bölmə: Müsahibə
Baxış sayı: 69
19-07-2017, 12:17

16 avqust 2016-cı ildə İqtisadiyyat Nazirliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTİİA) yaradıldı

Qeyd edək ki, müvafiq qərar Quba-Xaçmaz bölgəsinin inkişaf mərkəzində meyvə və tərəvəz ixracı ilə məşğul olan 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə qəbul olunmuşdu.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov öz çıxışında tədbir iştirakçılarına dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Nazir müavini bildirdi ki, sahibkarlığın inkişafı Azərbaycan prezidentinin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin üstünlük verilən sahələrindən biridir.

Bundan başqa, qeyd olundu ki, assosiasiyanın yaradılmasının məqsədi meyvə-tərəvəz istehsalçılarının fəaliyyətinin koordinasiyası və onların arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Assosiasiya meyvə və tərəvəz istehsalını artırmağa, bu sahədə ölkənin ixracat imkanlarını genişləndirməyə kömək edəcək.

Öz növbəsində tədbirdə Sahibkarların Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da çıxış edərək, yeni qurumla sıx əməkdaşlıq edəcəklərini bildirdi. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elşən Əsədov beynəlxalq təcrübədən və sahibkarlığın inkişafında bu kimi assosiasiyaların rolundan danışdı.

Tədbirin gedişində assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlər müzakirə olundu, onun nizamnaməsi və idarə heyəti təsdiq edildi, təftiş komissiyasının üzvləri və sədri seçildi.

Assosiasiya, onun qarşısında duran məsələlər, gördüyü işlər, ölkədəki investisiya mühiti və başqa məsələlər haqqında ətraflı assosiasiyanın idarə heyətinin sədri Bəşir Quliyevlə müsahibədə.

- Meyvə-tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının əsas məqsədlərindən biri sahibkarları birləşdirməkdir. Təşkilatın hazırda neçə üzvü var? Onun fəaliyyəti çərçivəsində hansı məsələlər artıq həll olunub?

- Bəli, doğrudan da, assosiasiya bu sahədə fəaliyyət göstərən sahibkarları uğurla birləşdirməklə yanaşı, onlara problemlərinin həllində də kömək etməlidir. Sahibkar-dövlət münasibətlərinin inkişafı çox yüksək səviyyədədir, ölkənin prezidenti cənab İlham Əliyev sahibkarlığın dəstəklənməsinə böyük diqqət yetirir. Bizim qarşımızda duran məsələ istehsalçılar və ixracatçıların maraqlarını dövlət strukturlarında təmsil etmək, əlaqələndirici və uzlaşdırıcı rolunda çıxış etməkdir. Bununla yanaşı, assosiasiya sahibkarın lazımi tanışlıqlar və möhkəm əlaqələr əldə etməsi üçün imkanlar yaradır. Aşkar ünsiyyət və dialoqlar, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, cari və kəskin problemlərin həlli üçün işgüzar görüşlər və yazışmalar aparılır. Bundan başqa, peşəkar biznes təşkilatının üzvü olmaq sahibkarlara dəyişən bazara tez uyğunlaşmağa, uğurlu layihələri öyrənməyə, birləşməyə, yeni texnologiyalar tətbiq etməyə imkan verir.

Hazırda assosiasiyada 60 potensial sahibkar var, amma biz təşkilata yeni üzvlər cəlb etmək istiqamətində maarifləndirmə işini davam etdiririk.

- Sahibkarları öz aralarında operativ əlaqələndirməyə necə nail olursunuz?

- Məlumdur ki, sahibkar fəal adamdır və onun asudə vaxtı olmur. Öz biznesini aqrar kimi mürəkkəb sahədə aparan sahibkarın da vaxtı az olur. Buna görə də poçtunu yoxlamaq, məktublara cavab vermək və ya kollektiv yazışma ilə məşğul olmaq onun üstün cəhəti deyil. Bu məsələni asanlaşdırmaq – operativ və effektiv dialoq qurmaq üçün biz fəaliyyət sahələri üzrə istixana sahəsini, bağçılıq, açıq havada tərəvəzçilik, kartofçuluq və bostançılığı birləşdirən komitələr yaratmışıq. Komitələrin hər birində biz müasir və sadə kommunikasiya vasitələrindən istifadə edirik, “Whatsapp” qrup yaradırıq, “Facebook”dan fəal istifadə edirik, komitələr çərçivəsində hər ay görüşlər keçirir, rübdə bir dəfə böyük iclaslar keçiririk. Fəaliyyətin müasir operativ koordinasiya metodlarından istifadə mart hadisələri zamanı, bizim biznesmenlərin pomidor furaları Dağıstanda Rusiya sərhədində saxlanılanda özünü çox yaxşı göstərdi. Mobil yazışma hadisələrin “nəbzini tutmağa”, birinci əldən məlumat almağa və beləliklə, tez xarab olan məhsulun mümkün qədər tez yerinə çatdırılması məsələsini həll etməyə və sərhəddəki anlaşılmazlığın nəticələrini mümkün qədər yüngülləşdirməyə imkan verdi. 

Rusiya sərhədçiləri nədənsə pomidorların Azərbaycan deyil, Türkiyə pomidorları olduğuna qərar vermişdilər. Yalnız Azərbaycan və Dağıstan dövlət strkuturları ilə fəal danışıqlar bu məsələni həll etdi. Sərhəddə saxlanılmış məhsulun bir qismi xarab olsa da, yeni furalar maneəsiz sərhədi keçə bildi.

Mobil yazışma zamanı sahibkarların təcrübə mübadiləsi aparması, ideya və təkliflərini səsləndirməsi, daha münasib qiymətlərlə bioəlavələr təklif edən satıcıların ünvanlarını bölüşmələri kimi informasiya mübadilələrini kənardan izləmək olduqca maraqlıdır.

- Bəşir müəllim, zəhmət olmasa, deyin görək, hansı dövlət proqramları qeyri-neft sektorunun, o cümlədən meyvə-tərəvəz sahəsinin inkişafına rəvac verir? Bu istiqamətdə hansı islahatlar aparılıb?

- Xüsusi qeyd edim ki, geniş istehsal və ixrac potensialına malik meyvə-tərəvəz sahəsinin inkişafına daim dövlət dəstəyi verilir. İstehsalçılara müxtəlif mexanizmlər və o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlara Milli Kömək Fondu vasitəsilə güzəştli vergilər şəklində, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və ixracın həvəsləndirilməsi üçün digər tədbirlərinin aparılması kimi dövlət dəstəyi nəticəsində  bu sahə bundan sonra da sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq. 

Özünüz baxın, 2016-cı ildə Azərbaycana  meyvə ixracından 244 min dollar, tərəvəz ixracından isə 129 min dollar gəlir gəlib. 

Bundan başqa, ölkə prezidentinin bu sahəyə göstərdiyi böyük diqqət və sahibkarlara dövlət dəstəyi nəticəsində meyvə bağlarının əkin sahələri genişlənib, müasir istilikxana kompleksləri yaradılıb. İxracın artırılması ölkəmizin region və qlobal səviyyələrdə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində əlavə valyuta ilə təmin edilməsində mühüm rol oynayır.

- Əmtəə, əsasən, hansı ölkələrə ixrac olunur? İxrac coğrafiyasının genişləndirilməsi üçün hansı işlər görülür?

-  Ənənəvi hesab olunan Rusiya bazarları və postsovet məkanının digər ölkələrindən başqa, istehsal etdiyimiz məhsullar artıq Avropaya, ərəb ölkələrinə və uzaq Asiya ölkələrinə ixrac olunur.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan məhsulları ilk dəfə olaraq 2017-ci ildə Dubay şəhərindəki (BƏƏ) “Gulfood” sərgisində, vahid “Made in Azerbaijan” stendində nümayiş etdirilmişdi. Şirkətlərin iştirakı Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə həyata keçirilmişdi. Ümumi stenddə meyvə şirələri, süd və süd məhsulları, müxtəlif konservlərlə yanaşı, meyvə və tərəvəzlər də təqdim olunmuşdu.

Dubay sərgisindəki “Made in Azerbaijan” sərgi stendi Azərbaycan prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” fərmanına uyğun olaraq təşkil olunmuşdu.

Bundan başqa, bəzi yerli meyvə və tərəvəz ixracatçıları “Made in Azerbaijan” brendi altında “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində fəal təmsil olunmuşdular. Sərgilər bu ilin mayında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Azərbaycan Sahibkarlar təşkilatlarının milli konfederasiyasının dəstəyi ilə təşkil olunmuşdu. 

Bizim dövlət strukturları ilə əməkdaşlığımıza gəldikdə isə, partnyorumuz “Azpromo”nu xüsusi qeyd etmək istərdim. Assosiasiya yerli məhsulu xaricə çıxaran təşkilat və bilavasitə bu məhsulu istehsal edənlər arasında birləşdirici körpü rolunu oynayır. Biz hər gün “Azpromo”nun saytında yerləşdirilən xəbərləri öyrənir və götürdüyümüz öhdəliklər çərçivəsində onlardan ən vaciblərini üzvlərimiz arasında yayırıq.

- Türkiyə ilə Rusiya hələ də “pomidor ixracı məsələsini” həll etməyiblər. Azərbaycan bu məsələni necə həll edib? Bizim ölkə ilə Rusiya arasında meyvə və tərəvəz istehsalı və ixracı məsələləri üzrə əməkdaşlığı nəzərdə tutan hansı sənədlər imzalanıb? 

- Ötən il Rusiya-Azərbaycan münasibətləri iqtisadi baxımdan fəal olub. Bunu Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması təsdiq edir. Məsələn, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası mənim timsalımda Xəzər regionu Xarici İqtisadi Fəaliyyət İştirakçıları Assosiasiyasının – “Kaspiyskiy putğ” - baş direktoru Qleb Beryozkinlə əməkdaşlıq haqqında memorandum imzaladı. Bundan başqa, əməkdaşlıq haqqında memorandumu “Azpromo”nun prezidenti Rüfət Məmmədov və Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyinin başçısı Bəşir Məhəmmədov imzaladılar.

- Siz həm də sahibkarsınız. Ölkənin investisiya mühitini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, ölkədə sahibkarlıq fəaliyyəti üçün bütün şəraitlər yaradılıb. Əlverişli investisiya mühitindən istifadə edərək biz Zirə qəsəbəsində 5 hektar sahəyə 6,5 milyon manat investisiya qoyduq və müasir istilikxana kompleksi yaratdıq, istehsal olunan məhsul “AzTomato” brendi altında ixrac olunur. İsmayıllı rayonunda ümumi dəyəri 5 milyon manat olan intensiv tərəvəzçilik  təsərrüfatı yaratmışıq. Bu, özündə müasir suvarma sistemlərini, çeşidləmə, qablaşdırma və logistika mərkəzini birləşdirən pilot layihədir. Bu layihəni həyata keçirmək üçün biz 2 milyon manat həcmində güzəştli dövlət kreditindən istifadə etmişik. Amma bu, işimizin son həddi deyil. Əsas məqsəd qısa müddətdə torpaq sahələrinin genişləndirilməsi və bu layihə əsasında aqroparkın yaradılmasıdır. Aqroparkda istehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, ixrac ediləcəkdir. 

- Sonda ən yaxın perspektivlər haqqında. Yaxın gələcəkdə assosiasiya hansı addımları atmaq fikrindədir?

- Qarşımızda ciddi məsələlər durur. Bunlardan biri kənd təsərrüfatı obyektlərinin tikilməsi, müasir texnologiyalar üzrə metalkonstruksiyalar və sendviç panellərdən tikilmiş istilikxanalar, anbarlar, logistika mərkəzləri və başqa obyektlərin əmlak sənədləşdirilməsi imkanlarının genişləndirilməsi, icarəyə götürülmüş dövlət və ya bələdiyyə torpaqlarında kənd təsərrüfatı təyinatlı müəssisələrin tikilməsinə böyük investisiyalar qoyulduğu hallarda torpaqların özəlləşdirilməsi mexanizmini tətbiq etmək üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsi və borca təminat qismində girov qoyulmuş əmlak məsələsində dəyişikliklərin edilməsidir. Məsələ burasındadır ki, bu gün sahibkar güzəştli çoxmilyonlu krediti müvafiq sənədləri olan evini və ya obyektini girov qoyaraq götürə bilər. Amma artıq mövcud olan istixananı girov qoyub borc almaq imkanı yoxdur. Qanunvericilikdə dəyişikliklər və islahatlar bu problemi həll etməyə və sahibkarlıq istehsalını inkişaf etdirməyə imkan verərdi.

- Maraqlı müsahibəyə görə çox sağ olun.