Bölmə: Müsahibə
Baxış sayı: 493
9-01-2017, 15:41
Yanvarın 5-də LEGİON-da “Arif Əsgərovun baldızı və bacanağı ondan İlham Əliyevə şikayət etdi” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğlu (və Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu) Qoşqar Zeynalov Rahib İsmayıl oğlu Hüseynovu və Emin İsmayıl oğlu Hüseynovu milyonlarla dolları “atmaq” ittihamı ilə həbs etdirib və indi qardaşlar təcridxanada saxlanılır.

Bu məsələ ilə bağlı Rahib və Emin qardaşlarının valideynləri İsmayıl Hüseynov və Lətifə Hüseynova Prezidentə müraciət etmiş, müraciətin mətni oxuculara təqdim olunmuşdu. Rahib və Emin Hüseynovların vəkili Sevil Hacıyeva LEGİON-a bildirmişdi: “Məsələ ondadır ki, istintaqa nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov da cəlb olunmalıdır. Elnar Əsgərov Qoşqar Zeynalovun bacanağıdır, eyni zamanda Rahib Hüseynovun xalası oğludur.

Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. 2013-cü ildə isə Qoşqar Zeynalov Rahib Hüseynova pul vermədiyi barədə ifadə vermişdi, çünki Elnar Əsgərov o pulu özünün verəcəyini vəd etmişdi. Amma indi görünür Rahib Hüseynovu qurban vermək qərarına gəliblər”. Bu açıqlama cəmiyyətdə rezonans doğurmuş, müxtəlif saytlarda tirajlanmışdı.

Yanvarın 7-də LEGION əməkdaşı Rahib və Emin Hüseynovun vəkili Sevil Hacıyeva ilə bu və digər məqamlarla bağlı geniş söhbət edib.

Həmin müsahibəni oxuculara təqdim edirik.

– Sevil xanım, Lətifə və İsmayıl Hüseynovların, eləcə də sizin son açıqlamalarınızdan sonra, müvəkkillərinizə və ailəsinə qarşı hər hansı təzyiq olmayıb ki?

– Yeni təzyiqlər yoxdur, amma bir irəliləyiş də yoxdur. Vəziyyət olduğu kimi qalır. Yəni, Rahib və Emin Hüseynov qardaşlarının sifarişli həbsi onsuz da təzyiq növü sayıla bilər. Çünki Elnar və Arif Əsgərovlardan tələb olunası pullar müvəkkillərimdən və ailəsindən tələb olunur. Onların saxlanma müddəti və eləcə də istintaq müddəti uzadılmaqla, Hüseynovlar ailəsinə psixoloji təzyiq göstərilir. Halbuki, borc məsələsi dələduzluq deyil, müvəkkillərimi həbs etmədən də, məhkəmə yolu ilə pul tələb etmək mümkün idi.

Ən pis halda, istintaqın həbs-qətimkan tədbiri olmadan da aparılması mümkün idi. Müvəkkillərim cəmiyyət üçün təhlükəli, kriminal xarakterli şəxslər deyil və yaxud da onlar istintaq prosesinə hər hansı şəkildə əngəl törədə bilməzlər.

– Sifarişli həbs deyərkən, kimin və ya kimlərin sifarişini nəzərdə tutursunuz?

– Şübhəsiz ki, sifariş Qoşqar Tofiq oğlu Zeynalovdan gəlib. Noyabrın 3-də onun şikayəti ilə bağlı dərhal cinayət işi açıldı və Rahib Hüseynov həbs olundu. Daha sonra isə Emin Hüseynovu həbs etdilər. Açıq-aşkar qərəzli münasibət istintaq prosesində daha aydın nəzərə çarpdı. Qoşqar Hüseynov üzləşdirmədə bildirdi ki, pulu Rahibə öz bacanağı, o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Arif Əsgərovun oğlu Elnar Əsgərovun zaminliyi ilə verib.

Həmçinin, o, Elnar Əsgərovdan 2,5 milyon dollar pul və 2,3 milyon dollara qarşılıq olaraq Sumqayıtda bir klinika aldığını bildirdi. Qalan pulları isə Rahib və Emin Hüseynov qardaşlarından tələb edir. Çox güman ki, onlar Elnar Əsgərovla öz aralarında razılaşıblar. Bundan başqa, Qoşqar Zeynalov bildirib ki, 2011-2013-cü illərdə 3 milyon ABŞ dolları məbləğində pulu Arif Əsgərovdan faiz olaraq alıb. Belə olduqda, məmurlar arasında gedən bu “alver”in hansı vəsaitlərlə edilməsi, məmurların kommersiya fəaliyyəti və korrupsiya ilə bağlı suallar ortaya çıxır.

– Yəni, sizin sözünüzdən belə çıxır ki, Elnar Əsgərov doğma xalası oğlanlarını “qurban” verir?

– Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya əaliyyəti olmayıb. 2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalovda onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər.

O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür. Təbii ki, Elnar öz xalasıoğlanlarını qurban verib və bütün məsələlərdən kənarda qalıb. Əslində, bu pul məsələsi Arif Əsgərov, onun həyat yoldaşı Balaxatın Əsgərova və oğlu Elnar Əsgərovun dəmiryolu sistemində həyata keçirdikləri maxinasiyalardan, “otkat” əməliyyatlarından başlayır.

Onlar müxtəlif şirkətlər açaraq, “Azərbaycan Dəmir Yolları” QSC-yə şişirdilmiş qiymətlərlə müxtəlif mallar satırdılar. Mal almaq üçün maya lazım olduqda isə müxtəlif şəxslərdən faizlə borc istəyir, yüksək gəlir vəd edir, pul almağa isə Rahib və Emini göndərirdilər.

Rahib Hüseynov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri idi. O, Arif Əsgərovun və ailəsinin tapşırıqlarını yerinə yetirirdi. Müxtəlif şəxslərdən aldığı pulları isə aparıb Elnar Əsgərova vermişdi. Bu və digər nüanslarla bağlı xeyli faktlar var. Hələ 2013-cü ildə də ölkə mətbuatı dəmiryolundakı maxinasiyalardan yazmışdı. Nədənsə, Arif Əsgərov və ailəsi məsuliyyətə cəlb olunmadı. O vaxt olduğu kimi, indi də Rahib və Emin Hüseynovu qabağa verirlər.

Sanki özlərinin bu işlərdən heç xəbəri olmayıb. Halbuki, bütün oyunların başında Arif, Balaxatın və Elnar Əsgərovlar üçlüyü durur. Elnar Əsgərovun açdığı şirkətlərə aid müqavilələrin bəzi sənədlərini də sizin redaksiyanıza, habelə istintaqa təqdim etmişəm. Elnar Əsgərovun mənə məlum olan şirkətləri bunlardır: “Apollon”, “Sigma” və “Liman Group”. Araşdırma başlansa, çox faktlar üzə çıxacaq. Elnar Əsgərov borcları niyə vaxtında qaytarmayıb, bilmirəm…

Amma Rahib Hüseynovun sözügedən şirkətlərlə və pulların hara getməsiylə heç bir əlaqəsi olmayıb. Əsgərovlar ailəsi dəmiryolundakı maxinasiyalarla külli miqdarda sərvət toplayıblar, indi isə müvəkkillərimi qurban verirlər

– Siz Əsgərovlar ailəsinin də istintaq prosesinə cəlb olunmasını müstəntiq Teymur Ağamirovdan tələb etdinizmi, yaxud, bu barədə vəsatət qaldırdınızmı?

– Bəli, mən dəfələrlə vəsatət qaldırmışam. Lakin bu vəsatətlərin heç biri təmin olmayıb. Eləcə də, vəsatət qaldırmışdım ki, Qoşqar Zeynalovun o vaxt milyonlarla dolları hardan və hansı yolla əldə etdiyi araşdırılsın. Qoşqar Zeynalov uzun illərdir əmisi Ramiz Zeynalovun rəhbərlik etdiyi DİN Baş DYPİ-də çalışır.

2012-ci ildə Qoşqar Hüseynovun 30 yaşı olub, məmur oğlu olan, özü də polisdə işləyən bir şəxs 7 milyon ABŞ dollarını hansı yolla qazanmışdı? Hazırda isə Elnar Əsgərovdan verdiyi pulların əvəzində klinika aldığını deyir. Bu pullar, bu obyektlər hansı yolla əldə olunub? Müstəntiq bizim heç bir vəsatətimizi təmin etmir, çünki nəticədə böyük bir korrupsiya qalmaqalı yaşana bilər…

– Bu günlərdə bir məlumat da yayıldı ki, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov öz qohumu, Vüqar Bağırovun Emin Hüseynovdan alacağı olan pulların böyük hissəsini mənimsəyib…

– Bəli, məlumatım var. Hüseynovlar ailəsi də bu faktı təsdiqləyirlər. Azər Əmiraslanov o vaxt DİN Baş MCMİ-də Emin Hüseynova və ailəsinə təzyiq göstərərək, onlardan və Arif Əsgərovdan milyonlarla dollar pul aldı. Bildiyimə görə, sonra Vüqar Bağırova çatacaq məbləğin bir hissəsini mənimsədi.