•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Zülfiyyə intiharı yox, inkişafı seçdi, indi xoşbəxtdir


Bir dəfə fransız psixoloq, Nitsa Sofiya Antipolis Universitetinin müəllimi Serj Lyösurla görüşmək imkanımız oldu. O, müsəlman ölkələrinin qadınları ilə bağlı maraqlı müşahidələrini bölüşdü. Dedi ki, qəribədir, müsəlman ölkələrinin qadınları Avropa qadınları kimi azad və müstəqil deyil. Bir çox hallarda Avropa qadınlarından daha çox zorakılığa, işgəncələrə məruz qalır, ailənin dözülməz yükünü yorulmadan çəkir. Amma tədqiqatların nəticələri göstərir ki, onlar özlərini avropalı həmcinslərindən daha xoşbəxt hesab edirlər. “Mən düşünürəm ki, bu dözümlülük və xoşbəxtlik hissi müsəlman şərqində ailə dəyərlərinin qüvvətli olması ilə əlaqədardır. Onlar ərin kötəyini mənsubiyyət hissinin güclü olması və sevgi ilə izah edirlər. Bu da onları xoşbəxt edir. Amma Fransada ərin təsadüfən vurduğu bir şillə məhkəmə, boşanma  və böyük maliyyə sanksiyaları ilə qurtarır. Çünki bir avropalıya görə, dəyənək sevginin simgəsi ola bilməz” – deyə Lyösur maraqla anladırdı. O, həmçinin möhkəm əmin idi ki, insanın bütün sosial və psixoloji bəlaları doğulub böyüdüyü ailədən, onu əhatə edən mühitdən qaynaqlanır. Sonra bəlaların dairəsi genişlənir. Onlar tədricən cəmiyyətə inteqrasiya edir və toplumun bəlasına çevrilir. “Sizcə, yaxşı qadın hansı qadırdır?” sualına lyösurun cavabı belədir: “Şərqdə yaxşı qadın ailəsini, ərini sevən, onlara usanmadan xidmət etməyi bacaran qadındır, Qərbdə isə öz ayaqları üstündə yeriməyi bacaran, maddi cəhətdən heç kəsdən asılı olmayan. Şərqdə qadının yükü, məsuliyyəti çoxdur, Qərbdə isə azadlıqları”. Fransız professora görə, Şərq qadını ona görə asanlıqla intihar etmir ki, o, əziyyətlərə qatlaşmağa öyrəncəlidir. Qərb qadını isə yükü azacıq çoxalanda, onun altında əziləcək və nicatı ölməkdə görəcək. “Axı Şərq qadını da intihar edir?!” Lyösurun cavabı qısacadır: “Qərbdəki  qədər deyil”.

Professor biz tələbələrə düşünmək üçün xeyli mövzu, ip ucları vermişdi. Şərq ölkəsinin qadını kimdir? Onun məqsədləri, arzuları, idealları nədən ibarətdir? O, həyatının qayəsini nədə görür? Onun üçün nə bağışlanmazdır? O, hansı halda özünün və başqalarının canına qıya bilər? Professorla görüşümüz o vaxta təsadüf etmişdi ki, ölkəmiz artıq ikinci devalvasiyanın şokunu yaşayırdı. Bank borcları ixtisar edilən iş yerləri, bahalaşmış mallar verilən maaşlarla düz gəlmirdi. Mətbuat vaxtaşırı doğrudan, ya da yalandan bank borclarına görə intihar edənlər barədə xəbərlər dərc edirdi. Borcluların, bir günün içində işdən atılanların, maaşı kəsilənlərin, uşaqlarına yemək tapmayanların intihar anonsları bitib tükənmirdi. Cəmiyyətə öz yazıları ilə təsəlli verməli olan gənc yazar, öz məsləhətləri ilə insanların psixologiyasına nüfuz edib onları depressiyadan çıxarmalı olan psixoloq belə intihara əl atınca, böhranın gətirdiyi bəlaların ağrısını hiss etməyə başladıq. Lyösur demişdi ki, adi vaxtlarda ailə ilə dava edib küsən övlad hər deyəndə intihar etməz, amma böhran vaxtı edər. Çünki bəlalar üst-üstə gələndə intihar barədə daha dərin düşünməyə vaxt qalmır.  

“Bütün dünyada belədir: böhran dövründə intiharlarla cinayətkarlıq artır”. Bunu isə rusiyalı psixoloq Genadi Bannikov deyir. Bununla belə, o hesab edir ki, əgər dünyada intihar anlayışı mövcud olmasaydı, insanlar heç vaxt bu barədə düşünməzdilər. Onun fikrincə intihara meyylənən insanları xilas etməyin yeganə yolu onlara vaxtilə onların vəziyyətində olub, sonra iradəsini toplayaraq o vəziyyətdən çıxan insanların həyatını anlatmaqdır. Biz də sosial-psixoloji problemlərin məngənəsində boğulan qadının gücünü, iradəsini toplayaraq necə vəziyyətdən çıxdığını onun həyat hekayəsinə yer verməklə təqdim etmək istəyirik.

Zülfiyyə İsmayılova. Azərbaycan Pedaqoji  İnstitunu (indiki APU-m.) bitirib. İxtisasca riyaziyyat-fizika müəllimidir. Amma hazırda Bakıdakı mebel sexlərindən birində tikişçi-üzləyici işləyir.

Universiteti bitirəndən sonra ailənin məsləhəti ilə Rusiyada ali təhsil almış və orada yaşayan gənclə ailə qurur. Toydan 1 həftə sonra əri deyir ki, yaşadığı Samara şəhərinə qayıdıb işlərini sahmana salandan sonra gəlib onu da aparacaq. Aylar, illər keçsə də, o gəlib arvadına sahib çıxmır. Hər iki tərəfin ailəsi işə qarışır, teleqram vurub oğlanı evə çağırırlar. Atası oğlunu məzəmmət edərək Zülfiyyəni ona qoşub Rusiyaya göndərir. Samarada ərinin qaldığı Dəmiryol idarəsinə məxsus yataqxanada yerləşdikdən və ərinin elə həmin gün yoxa çıxmasından sonra Zülfiyə vəziyyəti başa düşür: Əri bu illər ərzində rus qadınla yaşayır. Bəzən həftələrlə evə gəlmir. Günlərlə ac qalan Zülfiyyəyə yataqxana qonşusu olan rus qadın yemək verir.

Zülfiyənin ilk hamiləliyi belə məşəqqətli keçir və qızı dünyaya gəlir. O, bir qarnı ac, bir qarnı tox qızını 11 aya çatdırır. Həmin vaxt o, artıq ikinci uşağa hamilə idi və belə yaşamaq çətin olduğundan əri ilə danışıb vətənə qayıtmaq qərarına gəlir. Vətəndə bir neçə ay qayınata və ata evində qalır. Amma Rusiyadakı keşməkeşli həyatı barədə doğmalarına heç nə demir. İkinci hamiləliyinin 7-ci ayında valideynləri onun niyə ərinin yanına – Rusiyaya qayıtmamasının səbəbini soruşurlar. O, ərinin soyuq münasibəti, başqa qadının yanına gedərək onu həftələrlə, aylarla ac qoyması barədə danışmaq məcburiyyətində qalır. Qayınatası növbəti dəfə oğlunu kəndə çağırır. Onu möhkəm tənbeh edib bir də belə halların təkrarlanmamasını tapşırır. Amma Samaraya qayıdandan sonra onların həyatları yenə əvvəlki qaydada davam edir. Qonşularının təkidi ilə hamiləliyinin sonuncu ayında həkimə müraciət edən Zülfiyyə öyrənir ki, onda kəskin qan azlığı var. Həkimlər onu bu şəraitdə evə göndərə bilməyəcəklərini deyirlər və onu xəstəxanada saxlamaq qərarına gəlirlər. Zülfiyyə balaca qızını qoyacaq yeri olmadığını bildirir. Qonşular qıza baxacaqlarına onu inandırırlar. Zülfiyyə bir yandan da sevinir ki, qızının qarnı qonşuda, özünün qarnı isə xəstəxanada doyacaq. Çünki dövlət xəstəxanası gündə 3 dəfə xəstələrə isti yemək verir. Bu arada həkimlər onun qanında sitomeqalovirus tapırlar. Bu virusun doğulacaq uşağın beynində problem yarada biləcəyini deyirlər.

Uşaq xəstə doğulur. Lakin iki yaşına çatanda balaca Aydan həm rus, həm də Azərbaycan dillərində şeir deyir, mahnı oxuyurdu. Günlərin birində onun halı qəflətən pisləşir, qızdırma sudurğa ilə əvəzlənir. Həkimlər dərdini tapa bilmədikləri qızın qarnını tutaraq qıvrılmasından onun apendisit olmasından şübhələnilər. Balaca qızı əməliyya edirlər və o, komaya düşür. Zülfiyyə böyük qızını yenə qonşudakı rus qarının (onda artıq Dəmiryol mühəndisi  olan ərinə Nijni Novqorod şəhərində 1 otaqlı mənzil vermişdilər) ixtiyarına verərək Aydanın yaşaması üçün çaba göstərir. 28 gün kətil üstündə mürgüləyərək Aydanın komadan ayılacağını gözləyir. Və o, komadan ayılır. Amma həkimlər yemək, yerimək, danışmaq və digər qabiliyyətlərini tamamilə itirmiş qızın yenidən normal həyata dönməsi üçün daim müalicə alması və müxtəlif tibbi prosedurlardan keçməsinin zəruri olduğunu bildirirlər. Aydan tədricən yeriməyə, yeməyə başlasa da danışa bilmir. Həkimlər onun beyin yarımkürəsinin bir hissəsinin işləmədiyini və onun heç vaxt sağalmayacağını bildirirlər. Aydanın xəstəliyi qismən də olsa Zülfiyənin ərini ayıldır. O, başa düşür ki, uşağın şikəst doğulmasının günahkarı məhz onun hamilə yoldaşını nəzarətsiz qoyması, onun stress keçirməsinə səbəb olması, vaxtında həkim müayinələrinə aparmamasıdır. Əri Aydanın bütün tibbi prosedurlarının dalınca gedir, onu loqopedə, imtiyazlı uşaqlar üçün məktəbə aparır.

Bu arada onlar maliyyə vəziyyətlərini qismən düzəltmək üçün (səhlənkar yanaşması səbəbindən Zülfiyyənin ərini işdən çıxarmışdılar və o, bazarları dolaşaraq özünə heç olmasa fəhlə işi tapacağına ümid edirdi) hər yola baş vururlar. Nəhayət, bazadan konfet götürüb satmağa başlayır, bununla qismən maddi vəziyyətlərini düzəldirlər. Bu xoşbəxtlik uzun sürmür. Qarlı-şaxtalı günlərin birində N.Novqorodda konfet satmaqda olan Zülfiyyənin telefonuna zəng gəlir. Bu, qızını özünə yeni aldığı maşınla məktəbdən gətirməyə gedən ərinin zəngi idi. Telefonu açanda onun danışa bilməyən qızı Aydanın qəribə səsləri gəlir. Zülfiyyə başa düşür ki, ərinin başına nəsə iş gəlib. Taksiyə oturub qızının məktəbinin yerləşdiyi ünvana doğru yollara baxa-baxa gedir. Ərinin yol qırağında qarın içində dayanmış maşınını görüb taksini saxladır. Əri maşında huşsuz vəziyyətdə tapılır. Həkimlər ərinin beyninə qan sızdığını, cəmi 3 gün yaşayacağını bildirir. Zülfiyyə yaxınlarına zəng edərək bədbəxt hadisə barədə xəbər verir. Ərini Azərbaycana gətirib dəfn edirlər.

Rusiyada iki azyaşlı uşağını dolandıra bilməyəcəyini başa düşən Zülfiyyə birotaqlı evini dəyər-dəyməzə sataraq vətənə qayıdır. Qohumların bütün yardım təkliflərindən imtina edərək iş axtarır. Uzun illər öz ixtisası üzrə işləmədiyindən bildiklərini də unutmuşdu. Buna görə müəllim işləyə bilməyəcəkdi. Həm də müəllimin az maaşı ilə uşaqları dolandıra, xəstə qızın ehtiyaclarını ödəyə bilməzdi. Zülfiyyənin institutda oxuyarkən əlavə məşğələ olaraq dərziliyi öyrənməsi və toxumağı bacarması onun köməyinə çatır. Bakıda yataqxanaların birində 1 otaq alaraq ailəsi ilə ora yerləşir. Böyük qızını orta məktəbə, balacanı isə əlil uşaqlar üçün məktəbə qoyur. Qonşulardan yaxınlıqdakı tikiş sexinə tikişçi lazım olduğunu öyrənir. Ora baş vurur. İlk gündən işin öhdəsindən gəlir və qısa zamanda kollektivin sevimlisinə çevrilir. Gündüzlər tikiş sexində çalışır, axşamlar bazardan topla aldığı parçalardan yataq dəstləri tikərək satmağa başlayır. İmkan düşdükcə, saplardan qadın və uşaq geyimləri toxuyur. Qızını universitetə hazırlaşmaq üçün özəl kursa qoyur. Xoşbəxtlikdən qızı imtahandan yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Kibernetika fakültəsinə qəbul olur. Sonra eyni ixtisas üzrə magistr təhsili alır. İnformasiya Texnologiyası sahəsindəki bilikləri ona asanlıqla iş tapmaqda kömək edir. Eyni zamanda yaşadıqları uçulub-sökülməkdə olan yataqxananı da dövlət tikinti şirkətlərindən birinə satır. Əvəzində onlara Bakıda ikiotaqlı ev almağa imkan verən məbləği ödəyirlər. Artıq Zülfiyyənin qızları ilə birlikdə iki otaqlı evi, özünün və qızının işi, rəvan həyatları var.

“Həyatda aldığım zərbələri daim bir sınaq və dərs olaraq qəbul etdim. Qızımın, ardından da ərimin faciəsi dözülməzdi. Amma qızlarımı bir tərəfə çıxarmaq üçün yorulmadan çalışdım. Namusla, vicdanla, əməyə qatlaşaraq, bilmədiklərimi öyrənərək ləyaqətli həyatı təmin etməyin mümkünlüyünə inanırdım. Əlbəttə, bu yolda yaxınlarımın dəstəyini də hiss etmişəm. Amma heç vaxt onlara yük olmaq istəməmişəm. Ən çox da ona sevinmişəm ki, çətinliklər, iş məni qorxutmadı. Bir də nə yaxşı ki, ali məktəbdə oxuyanda tikiş və toxuculuq kurslarına getmişəm. Onda düşünürdüm ki, bəlkə bir gün köməyimə çatar.” – deyə Zülfiyyə bildirir.

O, inanclı bir müsəlmandır: namaz qılar, oruc tutar, bütün zəruri dini ayinləri vaxtlı-vaxtında yerinə yetirər. İbadətin ona mənəvi rahatlıq, sakitlik gətirdiyini deyir. İntihar hissini, ya da özünü alçaldaraq pul qazanmağı heç vaxt ağlının ucundan belə keçirmədiyini deyir.

“Hər zaman inanmışam ki, insanın aşa bilməyəcəyi maneə yoxdur. Hər şey onun istək və iradəsindən asılıdır. Bizə verilən ömrü ləyaqətlə yaşamalıyıq. Üzərimdə biri ağır xəstə olan iki qız uşağının məsuliyyəti var. Düzdür, həyat mənimlə çox amansız davranıb. Amma əyilmədim, sınmadım, yıxılanda gücümü toplayıb bir də ayağa qalxdım, özüm və ətrafım üçün ən doğru qərarları verməyə çalışdım. Taleyimi, keçmişimi bilənlər indi mənə həsəd aparırlar. Qızımın sinif yoldaşlarının hamısı atalı-analı, evli-eşikli, normal imkanları olan uşaqlar idi. Amma onların çoxunun inkişafına ailələri heç bir investisiya qoymadı. Amma mən tək canımla gecə-gündüz işləyib qızımın oxumasına çalışdım. İndi də ona daim özünü inkişaf etdirməyi, uğurlu karyera haqqında düşünməyi təlqin edirəm. İstəmirəm o, mənim taleyimi yaşasın” – deyə Zülfiyyə bildirir.

Zülfiyyənin taleyi də, onun həyat hekayəsinə bənzəyən milyonlarla insanın həyatı da göstərir ki, dünyada problemsiz insan yoxdur. Sadəcə problemi çıxılmaz edən insan xarakterləri var. Əgər insanlar öz zəifliklərini bilsələr və onlarla mübarizə aparsalar, ömürlərini daha ağrısız şəkildə yaşaya bilərlər. Cəmiyyətimizdə qadınların sosial-psixoloji problemlərinin həlli onlara bunu necə etməyin yollarını öyrətməkdən, motivasiyadan başlanır. Problemdən ən yaxşı çıxış yolu uşaq, yeniyetmə, gənc, orta və yaşlı qadın qrupları ilə mütəmadi iş aparmaq, onlara motivasiya vermək, inam aşılamaqdır. Qızların təhsilə, biliyə, peşələrə yönləndirilməsi son dərəcə vacibdir. Onlar əməyə alışsalar, öz maddi problemlərini həll edə bilsələr, azad ruhlu olsalar, insanlarla normal ünsiyyət qurmağı bacarsalar, maddi və mənəvi böhrana asanlıqla girməzlər. Dövlət də, təhsil müəssisələri də, vətəndaş cəmiyyətləri də qadınlara xüsusi həssaslıqla yanaşmalıdır. Axı qadınlar həm də uşaqları tərbiyə edirlər. Onların sosial-psixoloji durumu, təbii ki, uşaqlara da sirayət edəcək. Yalnız psixoloji cəhətdən sağlam insanlar məhz sağlam cəmiyyəti formalaşdıra bilərlər. Biz “problem varsa, çıxış yolu da var” fəlsəfəsini təlqin etməklə, bu gün cəmiyyətimizdə mövcud olan bütün sosial-psixoloji problemlərə, onlara aparan stereotiplərə qalib gələ bilərik!



İradə Cəlil


Məqalə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube