•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

Professor Vəsilə Hacıyeva: Əgər siyasətin misiyası bir nizam yaratmaq, quruculuq, böyümək, inkşafdırsa orda qadının yeri mərkəzi yerdir.


“Məsələn, əgər cəmiyyətdə narkomaniya artırsa, bilin ki, qadına qarşı zorakılıq artacaq. Əgər, təbəqələr arasındakı ziddiyyət dərinləşirsə, cəmiyyətin aşağı təbəqələrinin sosial-iqtisadi təhlükəsizliyi daha çox təhdid altında qalırsa, aşağı təbəqə ilə yuxarı təbəqə arasındakı tarazlayıcı və tənzimləyici orta təbəqə get-gedə daralırsa, deməli, zorakılıq artacaq və bunun ilk qurbanı qadın olacaq” –deyir müsahibim professor Vəsilə Hacıyeva.

Qısaca məlumat:  1991 ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika Və Hesablama texnikası fakultəsin bitirmişəm, ixtisasca sistem mühəndisiyəm. O dövr milli azadlıq hərəkatı, böyük tarixi proseslərin yaşandığı bir dövr idi. Son kurslarda qərara aldım ki, akademik müstəvidə siyasətlə məşğul olum. Uzun illərimi aparan bürokratik maneələrdən sonra 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasının dissertanturasına daxil oldum və 2004-cü ildə görkəmli filosof və sosioloq prof. Cəmil Əhmədlinin rəhbərliyi ilə “Siyasət və onun informasiya təminatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim. 2011-ci ildə isə “Siyasət institutunun kompleks-sistemli tədqiq” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər doktoru alimlik dərəcəsinə layiq görüldüm. Kompleks sistem yanaşma ilə siyasi prosesləri öyrənən ilk azərbaycanlı aliməm.

Əmək fəaliyyətinə 1991 - ci ildə Bakı Komputer Litseyində mühəndis pedaqoq kimi başladım.  Sonrakı illərdə Tələbə Qəbulu Üzrə Dövlət Komisiyası,  Azərbaycan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda çalışmışam.

Qərb Universitetinə gəlişim isə,  2012-ci ildə oldu. Hazırda Qərb Universitetinin professoruyam.

- Qərb Universitetini özünüz seçmişdiniz, yoxsa dəvət almışdınız?

-  Əslində Qərb Universitetini mən seçmişəm.  Bioqrafiyamdan gördüyünüz kimi, mən həm dövlət, həm də özəl müəssisələrdə çalışmışam. Dövlət Universitetlərində sistemin necə işlədiyinin, münasibətlərin nə şəkildə qurulduğunun şahidi olmuşam. Burada dinamizmin hansı səviyyədə olduğunu və özəl universitetlərin bu mənada dövlət universitetlərindən olan üstünlüklərini bilirdim. Statik iş mühiti və bürokratik münasibətlər mənim fəaliyyətimin və akademik planlarımın əsas istiqamətlərindən və dayaqlarından olan beynəlxalq təcrübə qarşısında ən böyük əngəl deməkdir. Mən Qərb Universitetini seçəndə düşündüm ki, burada rahat çalışmaq və qlobal böyümək üçün baryeralar olmayacaq və bu maneələrə mənim böyük vaxtım, enerjim, əsəblərim sərf olunmayacaq. Tam tərsinə, modern düşüncə əsasında qurulmuş bu universitetdə mənim layihələrim arzuolunan olacaq. Düşündüyüm kimi də oldu.  Ümumiyyətlə, Qərb Universitetində yüksək səviyyəli təhsil, ciddi nizam-intizam və şəffaflıq ən böyük tələblər olsa da, bütün bunlar azad mühit, demokratik münasibətlər şəraitində həllini tapır. Burada mövqeyinə, etiqadına və hətta geyiminə görə kimsə kiməsə irad tuta bilməz. Mən auditoriyada tələbələrlə çox rahatlıqla hər bir məsələni müzakirə edə bilirəm. Istənilən mövzuda sual verə bilirlər, heç kəs heç kəsin ordakı mövqeyinə görə nə irad tuta bilər, nə diskriminasiya edə bilər, nə də ki, sözünü kəsə bilər. Bu, çox vacib şərtdir. Çünki müzakirələr olmalıdır. Məhz müzakirədə həqiqəti tələbə-müəllim bir yerdə tapmaq olur. Digər tərəfdən də, dediyim kimi,  burada bürokratik münasibətə rast gəlmək mümkün deyil. Strukturun heç bir səviyyəsində bunu görə bilməzsiniz.  Məsələn, tənəffüs zamanı bizim kafedranı, dekanlığı tələbəsiz görmək mümkün deyil. Tələbə rahatlıqla dekanın kabinetinə, kafedraya gələ bilir. Dövlət universitetlərində, adətən, qapıları bağlı görürəm. Qısacası, Qərb Universiteti bu azad mühiti və modernliyi tapa bildiyin bir yerdir. Bir elm adamı, ziyalı üçün çox vacibdir ki, mühitdə azaqlıq ab-havası olsun. Çünki elm adamı özünü dərs saatları ilə çərçivəliyəcək qədər intizamlı ola bilər. Amma bununla yanaşı onun hüdudsuz bir azaqlığı olur ki, onu da əldən vermək istəmir.

Vəsilə xanım, qadın üçün siyasətlə məşğul olmaq çətin deyil ki?

Əgər siyasətin misiyası bir nizam yaratmaq, quruculuq, böyümək, inkşafdırsa orda qadının yeri mərkəzi yerdir. Yox, əgər, siyasət dedikdə təsəvvürə çirkinlik, zor-güc gəlirsə, təbii ki, həmin mənzərə içində qadının yeri görünməz. Xüsusilə də bir türk qadınının. Amma bizim ta qədimdən indiyə kimi böyük dövlətçilik ənənələrimiz var.  Və məhz bizim dövlətçilik ənənələrimizdə qadının yeri və rolu hər zaman böyük olub. Siyasət anlayışı çox zaman ağıl, strategiya məfhumlarına müncər edilir. Siyasət sadəcə bərk gücə söykənərək öz vəzifəsini yerinə yetirə bilməz. Bu, mümkün deyil. İlk növbədə ağıla, təfəkkürə söykənərək uğurlu siyasətdən, böyüməkdən, inkşafdan danışmaq olar. Ağıl, təfəkkür isə qadının ən təbii imkanlarıdır. Çünki qolu zəif olduğundan, kişilərdən fərqli olaraq, uşaqlıqdan sadəcə ağlına söykənməli olur və istəsə də, istəməsə də bütün enerjisini ağlına və təfəkkürünə sərf etməli olur. Bu səbəbdən, qadınlar çox işlək bir təfəkkürə malik olurlar və siyasət üçün bu, böyük töhfədir. Təbii ki, bu töhfədən yararlanacaq, yararlanmağa qadir olacaq səviyyədə mədəni, qısqanclığın kor edə bilmədiyi sivil bir cəmiyyət olmağı bacara bilsək.

Son zamanlar  cəmiyyətdə qadınlara da yüksək vəzifələr verilir...

Burada məsələ ayrı-ayrı qadınların yüksək vəzifə alması ilə bitmir. Aşağıdan yuxarıya cəmiyyətin bütün səviyyələrində qadının ictimai sistemdəki yerinə münasibətdə dəyişiklik olmalıdır. Bu da insanların mədəni səviyyələri ilə bağlıdır. Bütövlükdə əgər cəmiyyətin mədəni səviyyəsi artan şkala ilə gedərsə, digər məsələlərlə yanaşı olaraq gender problemləri rahat həll olunacaq. Çox təəssüf ki, biz indi fərqli tendensiyalara şahid oluruq. Hazırda cəmiyyətdə cahilləşmə istiqamətində yol almış sosial qruplar var. Xüsusən də xaricdən idarə olunan bu proseslər gələcəkdə siyasi, sosial və mədəni sferalarda bizə həlli çətin olan problemlər yaradacaq. Bütün bunlar cəmiyyətdəki sinxron mədəni şüurda bir çat yaradıb. Dəyərlər sistemimizin haçalanmasına hesablanıb. Bu isə bir millətin başına gətiriləcək ən böyük bəla və bəlaların ocağıdır.

Bu gün siz gender bərabərliyini hiss edirsinizmi?

Baxır harda, hansı səviyyədə və inkişafın, karyeranın hansı pilləsində. Mənim mühitimdə bu problemi qabarıq və kobud şəkildə yaşamırsan. Ən böyük maneələr və qısqanclıqlarla karyeranın ilk və nisbətən də orta pillələrində rastlaşırsan. Amma bütün mühitlər mən olduğum mühitlər qədər mədəni deyil. Təəssüf ki, biz qadına qarşı zorakılıqları get-gedə daha çox eşidirik. Məncə, bu, bütövlükdə ümümicitimai, sosial, iqtisadi məsələlərdən qaynaqlanır. Yəni, sadəcə kişinin qadına münasibətindən, qadınlara qarşı olan qısqanclıqdan, belə desək, rasist münasibətdən yaranmır. Məsələn, əgər cəmiyyətdə narkomaniya artırsa, bilin ki, qadına qarşı zorakılıq artacaq. Əgər, təbəqələr arasındakı ziddiyyət dərinləşirsə, cəmiyyətin aşağı təbəqələrinin sosial-iqtisadi təhlükəsizliyi daha çox təhdid altında qalırsa, aşağı təbəqə ilə yuxarı təbəqə arasındakı tarazlayıcı və tənzimləyici orta təbəqə get-gedə daralırsa, deməli, zorakılıq artacaq və bunun ilk qurbanı qadın olacaq.  Hər şeyin kökündə isə ictimai sistemin bütün səviyyələrində müşahidə olunan mədəni geriləmələr və bunların yaratdığı boşluqlardır. Təhsil burada fundamental və ən strateji mğvqeyə malikdir. Təhsilin bütün səviyyələrinə böyük diqqət ayrılmalıdır. Fundamental olaraq isə orta təhsilə və onun kütləviliyinə. Ali təhsilin əhalinin böyük hissəsini əhatə etməsi isə hədəfdə olmalıdır. Mədəni səviyyə artmalıdır.

Mətbuatda Harvard Universitetinə dəvət almanız barədə yazılara rast gəldim. Xarici Universitetlərə dəvətləriniz çox olur?

Bəli olur.  2 il əvvəl Avstriyada əsası XVI əsrdə qoyulmuş Kral Franzens Univeristetində 6 ay tətqiqat apardım.  Avropa İttifaqının Azərbaycan siyasətini araşdırdım. Orada açıq mühazirə verdim. Daha öncə də ABŞ-ın Kolumbiya Universitetinə rəsmi dəvət almışdım. Birləşmiş Krallığın Varvik Universitetindən, Belçikanın Antverp Universitetindən rəsmi dəvətlərim olub. Amma çox təəssüf ki, müxtəlif səbəblər üzündən bu dəvətlərin hər birinə getmək mümkün olmayıb.

Tətqiqat aparacağınız mərkəz haqqında nə deyə bilərsiniz?

Tədqiqat aparacağım ünvan Harvard Universitetinin ən böyük fakültəsi olan Sənət və Elm Fakultəsinin nəzdindəki Rusiya və Avrasiya Tədqiqatlar Mərkəzidir. 1948 ci ildən fəaliyyət göstərən çox böyük bir elmi mərkəzdir. Fənnlər arası mövzuları araşdırır. Adından da göründüyü kimi, sadəcə Rusiya yox, bütün Avrasiya ölkələrini əhatə etməyə çalışır. Burada sosial və humanitar elmlərin bütün sferalarından olan Harvard Universitetinin aparıcı mütəxəsisləri cəmlənib. ABŞ-da Avrasiya məkanını öyrənən aparıcı mərkəzlərdən birincisidir.

Tədqiqat işinin mövzusu nədir?

Mənim tədqiqat işim  ABŞ-ın Azərbaycan siyasətinə həsr olunub. “Dəyişən regional-qlobal situasiya konteksində ABŞ-ın Azərbaycan siyasəti” adlanır.  Olduqca vacib problemdir. Xüsusən də bizim üçün. Çünki, bildiyimiz kimi, ABŞ super gücdür və digər dövlətlərlə münasibətlərində aparıcı rol oynayır. Azərbaycanın ABŞ siyasətinin özü də müəyyən mənada  ABŞ-ın Azərbaycan siyasətindən asılı olur.  Və burada ciddi problemlər var.  Bu siyasət də sadəcə iki tərəfli münasibətlərin deyil,  eyni zamanda, ABŞ-ın regionda aparıcı güc olan Rusiyaya münasibəti konteksində qurulur və hal hazırda Rusiya ilə münasibətdə ciddi mənada dəyişir.  ABŞ-ın bununla bağlı strategiyası, fikirləri nədir, hansı prespektivlər gözlənilir - bunları  müəyyənləşdirmək, bu siyasətin konsepsiyasının qurulmasında rol oynayan bir mərkəzdə gedib tətqiqat aparmaq,  oradakı mütəxəsislərin fikrini öyrənmək,  onlarla müzakirələr aparmaq çox- çox vacibdir. ABŞ-ın xarici siyasəti Ağ Evdə, Dövlət Departamentində yox, elmi mərkəzlərdə hazırlanır. Əgər biz ABŞ-ın xarixi siyasətində öz maraqlarımıza müvafiq olan hansısa istiqamətlərin əmələ gəlməsini istəyiriksə, o zaman bu siyasətin konsepsiyasının hazırlandığı akademik mərkəzlərlə işləməyi bacarmalıyıq. Yəni məsələyə kökündən başlamalıyıq. 

İradə CƏLİL












 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube