Baxış sayı: 123
2-12-2016, 09:29
Məhkəmədə icra başçısı Xaləddin İsgəndərovun Rüstəm Usubova və Abid Şərifova məktubları açıqlandı
Vəkil: «Qəzənfər Novruzov təqsirli bilindiyi qədər icra başçısı da təqsirli bilinməlidir»

Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Elan olunan sənədlərdə göstərilib ki, binada aparılan işlər zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunub. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova deyib ki, işdə olan məktublardan çoxu qeydiyyatdan keçməyib: "Guya Binəqədi Rayon İcra Hakimiyyətinə 2012-ci ildə məlumat olub ki, poliuretan üzlüklər təhlükəlidir. Lakin bunun saxta olduğu aydındır. Məktub qeydiyyatdan keçməyib".  
Hakim vəkilin dediklərinin protokola yazıldığını deyib. İ. Həsənova isə dediklərinin araşdırılmasını istəyib: "Protokola yazmaq yox, araşdırmaq lazımdır".

Təqsirləndirilən Uğur Bəşirov deyib ki, materialın təhlükəli olması haqqında məlumat olubsa, niyə heç bir tədbir görülməyib.

Miryusif Mahmudovun vəkili 10-cu cilddə Nərimanov rayon Polis İdarəsindən göndərilən məktubun elan edilməsini təklif edib. Digər müdafiəçi Cavid Rzazadə isə keyfiyyət işlərinə nəzarət edən şəxslərin, o cümlədən Rauf Məmmədovun ifadəsinin elan olunmasını xahiş edib.


Hakim bildirib ki, həmin hissələr elan ediləcək.

13-cü cild elan olunan zaman şahid qismində Tural Məmmədovun və Mirələddin Cavadovun ifadələri oxunub. Vəkillər bidirib ki, onlar istintaqa ifadə versə də,  şahidlər siyahısına salınmayıb.
Elan edilən şahid Tural Məmmədovun ifadəsində qeyd edilib ki, "Azadlıq" prospektində binaların üzlənməsinə nəzarət üzrə sahə rəisi olub. Binada görülən işlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinin işçiləri yoxlama aparıb.

Daha sonra dövlət ittihamçısının təklifi ilə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin baş prokurorun 1-ci müavini Rüstəm Usubova ünvanladığı məktub da məhkəmədə elan edilib. Məktubda icra başçısının 1-ci müavini Qüdrət Seyfullayevin sərəncama çıxarılması, həmçinin müxtəlif illərdə icra başçısının müavinlərinin işə götürülməsi və çıxarılması haqqında məlumatlar yer alıb.
Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, prokurorun məktubun ikinci bəndinin elan olunması barədə israrı məqsədyönlü xarakter daşıyır: "Məqsəd Qəzənfər Novruzovun vəzifə səlahiyyətlərindən sui- istifadə etməsi barədə ittihamı sübut etməkdir".
Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki,  şirkətdən işlərin təhvil-təslimini Qüdrət Seyfullayevlə aparılıb: "Qüdrət Seyfullayev hər bir işin qaydasında olduğunu deyib.  Amma onun barəsində tədbir görülməyib".

Daha sonra FHN-nin Baş Prokurorluğa ünvanladığı məktub açıqlanıb. Bildirilib ki, “Qlobal Stone” MMC və “Global Construction” MMC-nin Hökməli qəsəbəsində poliuretan istehsalı sexinə baxış keçirilib. Baxış zamanı materialların yanan məhsullar qrupuna aid olduğu müəyyən olunub.  
Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun baş nazirin müavini Abid Şərifova göndərdiyi məktub da elan edilib.

Sənədlərin tədqiqi mərhələsində yanğının baş verdiyi rayonun icra hakimiyyətininin rəhbər şəxslərin vəzifələri, onların tutduqları posta uyğun səlahiyyətləri elan olunub.

Yanğına görə həbs edilən şəxslərdən olan Binəqədi rayon icra başçısının müavini olmuş Qəzənfər Novruzovun səlahiyyətləri elan olunarkən onun vəkili etiraz edib. Vəkil qeyd edib ki, yanğın baş verən binada aparılan işlərə, görülən işlərin keyfiyyətinə və təhvil-təslimdə Qəzənfər Novruzov təqsirli bilindiyi qədər icra başçısı Xaləddin İsgəndərov da təqsirli bilinməlidir.

Vəkil bunu onunla izah edib ki, hüquqlarını müdafiə etdiyi Qəzənfər Novruzovdan əvvəl daha səlahiyyətli şəxslər icra başçısı və digər vəzifəli məmurlardır. Bu səbəbdən  Qəzənfər Novruzovun günahkar şəxs kimi göstərilməsi doğru deyil.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxışında bildirib ki, FHN-nin icra başçısı Xaləddin İsgəndərova ünvanladığı məktublar tədqiq olunmalıdır. Prokuror Fərid Nağıyev isə buna etiraz edib: "Bu məktubların kimlərinsə məsuliyyətdən yayınması məqsədi ilə yazılması haqda səsləndirilən fikirlər əsassızdır".

Uğur Bəşirovun vəkili Cavid Rzazadə vəsatət verərək, Binəqədi Rayon İcra Hakimiyyətindən məktubların qeydiyyat kitablarından çıxarışlarının məhkəməyə təqdim olunmasını istəyib. Hakim vəsatətə sonra baxılacağını deyib.

Ədalət Rəcəbovun vəkili isə bildirib ki, müdafiə etdiyi şəxs binada üzləmə başa çatandan sonra icra hakimiyyətində təsərrüfat şöbəsinin rəisi işləyib: "Ona niyə ittiham verilib?" Hakim isə hazırda həmin məsələnin araşdırılmadığını deyib.

Məhkəmədə sənədlərin tədqiqi zamanı vəkillər FHN-in binada aparılan təmir işləri ilə bağlı verdiyi rəyləri, binaların üzlənməsində istifadə olunan poliuretan məhsullarının yanan material olmaması və daha sonra qismən yanan material olması ilə bağlı verilən rəyləri imzalayan şəxslərin məhkəməyə gətirilməsi və dindirilməsini tələb ediblər.

Proses dekabrın 5-də davam edəcək.

Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.