Baxış sayı: 696
29-12-2016, 22:48
“Facebook” sosial şəbəkəsində Elçin İlqaroglu adlı istifadəçi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun və onun oğlu, iş adamı Taleh Heydərovun ünvanına inanılması çətin olan iddia ilə çıxış edib. Oxucularımız üçün maraqlı olduğunu düşündüyümüzdən, Kəmaləddin Heydərovla bir zamanlar yaxın münasibətinin olduğunu bildirən Elçin İlqaroglunun yaydığı (təsdiq olunmayan!) iddiaları olduğu kimi təqdim edirik:

***


“Bir neçə gün öncə işlətdiyim mağazanın qarşısında durub siqaret çəkirdim…

O məhəllədə – yeni tikilən binada bir eloğlum yaşayır. İş adamıdı. Həm də olduqca başarılı iş adamıdı. Xeyli imkanlı olmasına rəğmən, sadəliyi ilə adamda xüsusi təəssürat yaradan biridi. Halbuki acından nəfəsi qoxuyan, amma “göydə uçan” naxçıvanlılar da az deyil. Belələri az qala hər fürsətdə naxçıvanlı olmasını gözə soxur. Bu da digərlərində haqlı olaraq ikrah doğurur.

Xülasə, keçək mətləbə. Mənim haqqında bəhs etdiyim bu eloğlum kiminsə hesabına o səviyyəyə çatmayıb, bütün varidatını xaricdə iş quraraq qazanıb, yəni öz ağlı və bacarığıyla indiki imkanlarını əldə edib. İndinin özündə də Braziliyadan Mersin Azad İqtisadi Zonasına toyuq əti məhsulları gətirir və oradan da Səudiyyə Ərəbistanı və İrak kimi ölkələrə satır.

Mənim mağazamın yaxınlığında şəhərdəki bəzi dönərxanalar üçün xammal hazırlayan bir sex var. Sexdə Braziliyadan və Amerikadan gətirilən dondurulmuş budlar açılır, basdırmaya qoyulur, təlimata uyğun ədviyyatlar vurulur, şişlərə düzülür və dönərxanalara satılır. Hər gün bu sexdə bir tona yaxın dondurulmuş bud emal olunur. Sən demə, mənim bu eloğlum orada görülən işləri müşahidə edir və yeni bir bazar əldə etmək üçün düşünürmüş. Elə bu səbəbdən də fikrini mənə açdı.
Yuxarıda qeyd etdiyim kimi, mağazanın qabağında siqaret çəkirdim, bu vaxt eloğlum mənə yaxınlaşıb işlərimlə maraqlandı.

– Sirr deyilsə, bir ayda bu mağazadan nə qədər qazanırsan? – deyə məndən soruşdu.

Əvvəlcə tutuldum, bu adam niyə mənim qazancımla maraqlanır… Amma yenə də düzünü dedim.

Səfir ovu: dünya tarixində Rusiyalı diplomatlar necə və niyə öldürülüb?
– Əgər sənə indiki qazancının üçqatını təklif etsəm mənim burada qurmaq istədiyim işlərə rəhbərlik edərsən?

Təəccübləndim. Bu səbəbdən də soruşdum:

– Təbii ki, daha artıq qazanmaq istərəm. Ancaq niyə mən?

Eloğlum bunun səbəblərini açıqladı: mən onu yeni tanısam da, o məni lap çoxdan, ötən əsrin 80-ci illərinin sonlarından tanıyır, mənim daha yaxşı yaşamağa haqqımın olduğunu düşünür və ən əsası da, mənə güvənir.

Gülərək cavab verdim:

– Bütün digər səbəbləri bir kənara qoyaq. Sonuncu səbəb yetərlidi: ticarətdə güvənc ən əsas səbəbdi. Güvəncinizi boşa çıxarmaram. İnanıram ki, bu işi qura bilərik və mən işi yönətə bilərəm.

Eloğlumla razılaşdıq. Mən bütün işləri yoluna qoyub, bağlantıları qurduqdan sonra o bizi malla təmin edəcəkdi. Bütün bu müddət ərzində anbar və soyuducuların kiralanması, malın daşınması üçün nəqliyyat vasitələrinin alınması, digər bütün məsrəfləri eloğlum öz üzərinə götürürdü.

Onu da razılaşdıq ki, gətirəcəyimiz toyuq məhsullarını bazardakı mövcud qiymətlərdən nəzərəçarpacaq dərəcədə aşağı qiymətə satacağıq. Təbii ki, bu, ticarətin dəyişməz qanunudu – müştəri əldə etmək üçün aza qane olmalısan. Mənim şəxsi qazancım isə, satılan hər kq məhsula görə 2 qəpik olacaqdı.

Elə həmin gün yaxınlıqdakı sexə gedib quracağımız işlə onları tanış etdim və ilk müştərini qazandım. Onlar məndən hər gün 1 tona yaxın məhsul götürəcəkdilər. Bu sexin sahibinin vasitəsiylə iki gün ərzində daha 7 müştəri ilə şifahi razılıq əldə etdik. Hesablayıb gördüm ki, 8 sexi malla təmin etmək üçün hər gün 15 tona yaxın məhsul olmalıdı. Mən bu rəqəmi eloğluma dedikdə o inana bilmirdi ki, cəmi iki-üç gün ərzində belə geniş şəbəkə qura bilərəm. Eloğlumu müştərilərlə tanış edib görüşdürdüm. Hər şeyi öz qulaqları ilə eşitdikdən sonra “halal olsun, doğrudan da kafan saat kimi işləyir. Deməli, imkan versəydilər, sən daha böyük işlər qura bilərdin” – deyib, mənə təriflər yağdırdı. Amma sən saydığını say, gör fələk (yəni Gömrük) nə sayır…

Eloğlum bəzi bilmədiyimiz nüanslara aydınlıq gətirmək üçün Bakı Gömrük İdarəsinə getdi. Geriyə başılovlu döndü. Gömrükdə hər kq toyuq budu üçün bir dollar istənmişdi – məzənnə isə 2 manatdan hesablanacaqdı. Bu, o demək idi ki, Braziliya istehsalı toyuq budu Bakıya gəlib çıxdıqdan sonra bizim üzərimizə 3 manat 60 qəpiyə düşəcəkdi. Halbuki bazarda toyuq budunun qiyməti 2,45-2,65 manat arasında dəyişir. Biz isə nəzərdə tuturduq ki, qiyməti 2,30-dan aşağı endirək. Beləliklə, bizim böyük projemiz başlamadan bitdi.

Ancaq mən yeni ortaqlarıma “mən bitdi demədən bu iş bitməz deyib” pərdənin arxasında olanları öyrənmək üçün qollarımı çırmaladım. Qısa müddətdə araşdırıb öyrəndim ki, əsasən dönər hazırlanması üçün istifadə olunan bud məhsulunu Azərbaycana “Gilan Holdinq”in “krışası” altında olan iki firma gətirir. Hər kq. toyuq məhsulu üçün bir dollar gömrük rüsumu alınması da qanunsuz deyil, Azərbaycan Nazirlər Kabinetinin xüsusi qərarı əsas götürülür.

Bəs elə isə, Taleh Heydərovun “krışalıq” etdiyi firmalar kiloqramını 60-70 sentə aldığı, 1 dollar da gömrük rüsumu ödədiyi, əlavə olaraq yolxərcini də üzərinə gəldikdən sonra təxminən 3,5-3,6 manata olan məhsulu necə olur ki, bazarda 2 manat 60 qəpiyə satır?

Mən bu qaranlıq sualı digər eloğluma – Bakı Gömrük İdarəsi rəisinin köməkçisinə verdikdə aldığım cavabdan sonra əlim üzümdə qaldı:
– Kamalın adamları dönər üçün istifadə olunan toyuq budlarını it yemi kimi qeydiyyatdan keçirirlər. Buna görə də, cəmisi 3-4 sent gömrük rüsumu ödənir.
Bəli, aztəminatlı ailələr – kasıb tələbələr, ağır işlərdə işləyən fəhlələr bahalı ət məhsulu almaq imkanında deyil. Onlar əsasən ucuz dönər alıb yeyir, ya da bud alıb yemək bişirirlər. Kamal isə monopoliyasına aldığı bu sahəni də kimlərəsə qaptırmamaq üçün toyuq budunu “it yemi” olaraq sənədləşdirməklə həm rəqabətdən yayınır, həm də dövlətə çatacaq milyonları şəxsi cibinə doldurur. Kamalın haqsız rəqabət mühiti yaratmasını, dövlətdən oğurlamasını ona haradasa bağışlamaq olar, ancaq aztəminatlı ailələrin istifadə etdiyi məhsulu “it yemi” kimi sənədləşdirməsini necə, ona bağışlamaq olarmı? O nə demək istəyir, yəni sizlər hamınız itsiniz deyir?

P.S. Hakimiyyətdə olanların içərisində mənim ən çox hörmət bəslədiyim adam Kəmaləddin Heydərov olub. Zamanında onunla yaxın dost olmuşuq, dəfələrlə çörək kəsmişik. Ancaq onun bu hərəkətini qələmə almasaydım, inanın ki, damarımdakı qan durardı, partlardım!

ELÇİN İLQAROĞLU

REDAKSİYADAN – Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Fast food yeməklərindən toyuq dönərini daha təhlükəli hesab edərək ölkə dönərxanalarında onun satışını qadağan edib.

24saat.org