Bölmə: Hadisə
Baxış sayı: 126
11-10-2017, 20:07

Qusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Shefeq.Az APA-ya istinadən xəbər verir ki, Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B. Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.
 
G. Saypullayeva baş vermiş hadisə ilə bağlı danışaraq qeyd edib ki, uzun müddət müxtəlif şəxslərə məxsus evlərdə, fermalarda işləyərək yaşayıb. Bu hal, yəni sərbəst həyat keçirməməyi onu çox sıxıb, anasıgilə gedərək, orda yaşamaq istəyib, lakin qızı Luizanın varlığı buna imkan verməyib. Luiza ilə  birlikdə anasıgilə gedərsə, onu qəbul etməyəcəklərini düşünüb. Qadın ifadəsində bildirib ki, əvvəllər Bəxtiyardan küsərək anasıgilə gedəndə, anası ondan hər zaman evə gəlməməyi, valideynlik məsuliyyəti,  öhdəliklərdən azad olmasını istəyib. Buna görə Gülnarə valideynlərinin yanına gedərək, sərbəst həyat yaşamaq üçün bu il iyunun 14-də səhər yuxudan qalxandan sonra qızı Luizanı öldürmək qərarına gəldiyini açıqlayıb.
 
O elə həmin gün yaşadığı evdə üzərinə "Neosidol" yazılan ampulada olan qatqını və digər qabda olan məhlulu südə qarışdırdığını, həyətdə Luizaya içirdiyini deyib. Təqsirləndirilən qadın bildirib ki, həmin vaxt Luiza ondan "ana, bu süddən dərman iyi gəlir, bu dərmandırmı?", - deyə soruşsa da, südü ona içirib və evdə olan ağ rəngli bərkimiş dərman maddəsini xörək qaşığı ilə Luizanın ağzına qoyaraq uddurub.
 
Gülnarə Saypullayeva deyib ki, bundan sonra Luiza həyətə oynamağa gedib və təxminən yarım saatdan sonra uşaq onun yanına gələrək qarnının ağrıdığını bildirib, bu zaman Luizanın ağzından köpük gəlib. Luizanı çarpayıya uzadaraq, onun ağzını silib, sonra həyətə çıxıb orda özündən başqa kiminsə olub-olmadığına baxıb. Luizanın yanına qayıdaraq, onun xırıldadığını eşidib və ona yazığı gəldiyi üçün qışqıraraq, adamları köməyə çağırıb. Səsə gələn əri Bəxtiyar nə olduğunu soruşub, o isə heç nə bilmədiyini deyib. Sonra uşağı ferma sahibinin avtomobili ilə xəstəxanaya aparıblar. Xəstəxanaya çatanadək uşaq yolda vəfat edib.
 
Prokurorluq əməkdaşları xəstəxanada hadisənin necə baş verdiyini soruşduqda G.  Saypullayeva bu barədə heç nə deməyib. Hadisədən 6 gün sonra yəni, iyununun 20-də G. Saypullayeva qızı Luizanı zəhərləyərək qəsdən öldürdüyünü əri Bəxtiyara etiraf edib.
 
İfadədən məlum olub ki, G. Saypullayeva təxminən bir il əvvəl də qızını öldürmək niyyətində olub, bunun üçün müxtəlif dərmanları qarışdıraraq qızına içirtmək istəsə də, ona yazığı gəlib və fikrindən daşınıb.
 
Qeyd edək ki, G. Saypullayevanın cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında araşdırılır