Bölmə: Din
Baxış sayı: 165
11-01-2017, 11:41
Uca Allah Muhəmməd peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara nümunə etmiş və Öz sevgisini ona tabe olmağa bağlamışdır. Uca Allah buyurur:
“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Ali İmran, 31).
İbn Abbas rəvayət edir ki, Əzdu-Şənuə qəbiləsindən olan və dəliləri ovsunla müalicə edən Dimad Məkkəyə gəldi. Məkkə əhlinin səfehlərinin: “Muhəmməd dəli olub!”– söylədiklərini eşitdi və öz-özünə dedi: “Kaş bu adamı görəydim! Bəlkə Allah ona mənim əlimlə şəfa verdi!” Nəhayət, Rəsulullaha rast gəldi və ona: “Ey Muhəmməd, mən ovsunla cin vurmuş adamları müalicə edirəm. Allah, həqiqətən də, mənim əlimlə dilədiyinə şəfa verir. İstəyirsənsə, sənin üçün də ovsun oxuyum”– dedi. Onda Rəsulullah belə buyurdu:
“Həqiqətən bütün həmdlər Allaha məxsusdur! Biz Ona həmd edirik və Onu köməyə çağırırıq. Allah kimə hidayət verərsə, onu doğru yoldan azdıran tapılmaz, kimi azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa həqiqi tanrı yoxdur, O, Təkdir, şəriki də yoxdur. Həmçinin, şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Sonra isə...” 
Dimad bunu eşitdikdə dedi: “Bu kəlmələrini mənə təkrar söylə!” Rəsulullah bu sözləri üç dəfə təkrar etdi. Axırda Dimad dedi: “Mən, kahinlərin, cadugərlərin və şairlərin sözlərini çox eşitmişəm. Amma sənin bu sözlərinə bənzər heç bir söz eşitməmişəm. Sənin bu sözlərin dənizin (qəlbimin) ən əngin yerinə yetişdi.” Sonra o: “Ver əlini, müsəlman olacağıma dair sənə beyət edim!”– dedi. Rəsulullah ondan beyət aldıqdan sonra soruşdu: “Bu beyət qövmün üçün də olsunmu?” Dimad: “Qövmüm üçün də olsun!”– dedi...”
Böyük İslam alimi İbn Qeyyim öz kitabında peyğəmbərlər haqqında danışarkən demişdir: “Onlar ən düzgün meyardırlar. O meyar ki, deyilən sözlər, görülən işlər və hər cür əxlaq, onların dedikləri sözlərlə, etdikləri əməllərlə və əxlaqları ilə müqayisə edilməlidir. Onların yolunu tutub getdikdə, doğru yolda olanlarla zəlalətə düşənləri ayırd etmək olur. Hər bir kəsin onlardan asılılığı, bədənin öz ruhuna, gözün öz nuruna və ruhun öz həyatına olan asılılığından daha böyükdür. Odur ki, asılılıq və ehtiyac hər nə cür olursa olsun, insanın peyğəmbərlərdən asılılığı və onlara olan ehtiyacı daha çoxdur... Və əgər insanın bu dünyada və axirətdəki səadəti, Peyğəmbərin yolunu tutub getməkdən asılıdırsa, onda özünə yazığı gələn, habelə uğur qazanmaq və səadətə qovuşmaq istəyən hər kəs, Peyğəmbərin tutduğu yolu, yaşadığı həyat tərzini və digər işlərini araşdırıb öyrənməlidir ki, bunun sayəsində cahillərdən uzaq olsun, Peyğəmbərin ardıcıllarının, onun tərəfdarlarının və onun firqəsinin cərgəsinə qoşulsun.”