Bölmə: Din
Baxış sayı: 61
5-01-2017, 22:33
Elə bir insan yoxdur ki, xoşbəxt olmaq istəməsin. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma varlı adamların heç də hamısı özünü xoşbəxt hesab etmir. Bəziləri xoşbəxtliyi məşhurluq və ad-sanda görürlər. Halbuki, bəzən məşhur adamların intihar etdiyini görürük. Xoşbəxtlik həmçinin vəzifə, oğul-uşaq, elm və başqa şeylərdə də deyil. Alimlərin çoxunun rəyinə əsasən, xoşbəxtlik qəlb rahatlığındadır. 

Qəlb rahatlığını necə əldə etmək olar?

Uca Allah insanı yaratmış və onun qəlbini rahatladacaq şeyləri öz kitabında (Qurani Kərimdə) bildirmişdir: 
"Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28) 
"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (ən-Nəhl, 97) 
"Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar" (əl-Ənam, 125) 

Möminlərin qəlbləri

Allah Elçisindən  - ona və ailəsinə Allahın salavatı və salamı olsun - soruşdular: “Hansı insan ən fəzilətlidir?” O buyurdu: “Məxmum qəlbli və düz danışan mömin”. Dedilər: “Düz danışanı bilirik, bəs “məxmum qəlbli” nədir?” Allah Elçisi buyurdu: “Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir”. (İbn Məcə, 4216) 
Peyğəmbərin və Onun səhabələrinin müsibət və sınaq anlarında davranışları bütün insanlar üçün nümunədir. Döyüşlərin birində məğlub olaraq çoxlu itki vermiş və yaralanmış vəziyyətdə səhabələrə onların üzərinə yenidən qoşun gəldiyi xəbəri verildi. Uca Allah Qurani kərimdə bu hadisəni vəsf edərək buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!"– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir." (Ali-İmran, 173-174)