Baxış sayı: 528
7-10-2017, 20:53
Valideynləri çoxdan vəfat etmişdi, atadan qalan təmirsiz, uçuq-sökük mənzildə tək-tənha yaşayırdı. Qəsəbə sakinlərinin “Saşa” kimi çağırdıqları təbiətcə sakit, üzüyola Sergey Vorobyovun “əlləri qızıldır” deyənlər çox olsa da, içkiyə qurşandığından səfil həyat tərzi sürürdü.

Bu ilin iyun ayında Saşanın mənzilindən gələn kəskin qoxu barədə polisə məlumat verilir. Polis əməkdaşları içəri girəndə gördükləri mənzərədən dəhşətə gəlirlər. Xalçaya bükülmüş meyiti qurd basmış, üfunət iyi ətrafa yayılmışdı…

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Sergey Vorobyov bu ilin may ayının əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olduğu İlahə Şahbazovanı (qətlə yetirilən qadının kimliyi uzun müddət müəyyən edilməyib. İlkin məlumatda onun adının Arzu olduğu bildirilib - red.) özü ilə yaşadığı mənzilə gətirib və həmin gündən bir yerdə yaşamağa başlayıblar.

Hadisə baş verən gün İ.Şahbazova ilə birlikdə spirtli içki qəbul ediblər. İlahənin onun çox içməsinə irad tutması aralarında narazılıq yaradıb. Mübahisə zamanı İ.Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. İlahəni cəzalandırmaq üçün onun əlindən bıçağı alaraq, qadının ürək nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən İ.Şahbazova hadisə yerində dünyasını dəyişib.

“Onu öldürmək istəməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib, İlahəni öldürmək niyyəti olmadığını deyib: ”Məni iki dəfə bıçaqla vurduqda əlini burdum, bıçaq təsadüfən ona dəydi. Hadisə zamanı ikimiz də sərxoş idik. Yuliya ilə Viktor bizə gələndə spirtlə suyu qarışdırıb içmişdik”.

S.Vorobyov ifadəsində İlahə ilə paytaxtın Nizami küçəsindəki “Arlekino” barında tanış olduğunu, qadının özünü ona “Arzu” kimi təqdim etdiyini deyib: “Mənə adının Arzu olduğunu demişdi. Həmin vaxtdan evimə gəldi, bir yerdə yaşamağa başladıq. İlahə Nizimi küçəsindəki restoranlardan birində ofisiant işləyirdi. Özünün dediyinə görə, Türkmənistanda anadan olub, 13-14 yaşlarında Azərbaycana gəlib, atası ikinci dəfə ailə qurub, dogma bacı-qardaşları olmayıb. Mənə danışmışdı ki, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib”.

“O mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişdik də”

Yeni “cütlüyün” xoş günlərinin ömrü uzun sürməyib. İ.Şahbazova ağlına da gətirməyib ki, bir ay öncə qədəm basdığı evdəcə öldürüləcək, qanına qəltan ediləcək. Günün çox hissəsini onsuz da sərxoş olan Sergeyin hadisə baş verən gün badə dostları təşrif buyurub. Uşaqlıq dostu Yuliya ilə tanışı Viktorun gəlişinə ev sahibi sevinsə də, qonaqlarla bu tanışlıq mənzilin yeni sakininin ürəyincə olmayıb. Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və digər ərzaq məhsulları alıb. Birlikdə yeyib-içməyə başlayıblar.

Süfrə arxasında İlahə Yuliyayla səmimi görüşdüyünə görə Sergeyə iradını bildirib. Sergey isə cavabında “bəsdir, İlahə, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil” deməklə kifayətlənib.

“Huşsuz halda yerdə uzandığını gördüm”

Gecə saatlarında qonaqları yola salan ev sahibi yenidən mətbəxə keçərək içməyə davam edib. İlahənin çox içməyi ona irad tutması isə qətllə sonuclanıb:

“Bıçaqla boğazımdan vurmaq istəyəndə başımı geri çəkdim, çənəmi cızdı, sonra sinəmə zərbə vurdu. Özümü müdafiə etmək üçün əlini burdum, tiyəsini İlahəyə tərəf istiqamətləndirdim, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm hələ də döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm”.

“Meyiti xalçaya büküb otaqda gizlətdim”

S.Vorobyovun ifadəsinə görə, İlahənin sinəsində xəsarət olduğunu, nəfəs almadığını görüncə öldüyünü başa düşüb. Tez-tələsik şkafdakı paltarları meyitin üstünə atıb, ətrafı səliqəyə salıb, bıçağı yuyub-təmizləyib. Meyiti xalçaya, köhnə adyallara büküb giriş qapısının yanındakı otaqda gizlədib:

“Əvvəl fikirləşdim ki, harasa aparıb ataram. Amma meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı, etiraz etdi”.

“Onun nə işlə məşğul olduğunu bilmirdik”

Zərərçəkmiş şəxs qismində dindirilən Telman Bağırov ifadəsində İlahənin 17 yaşı olmamış qoşulub qaçdığını, sonradan ərindən ayrıldığını, bir övladı olduğunu bildirib:

“Əxlaqsız hərəkətlərlə məşğul olduğuna görə əri ondan ayrılmışdı. Qardaşları onu evə gəlməyə qoymurdu. Oğlu da əmisinin yanında yaşayır. Nə işə məşğul olduğunu, harada yaşadığnı bilmirdik, onunla heç kim maraqlanmırdı. Sergeyi tanımıram, ona qarşı mülki iddiam yoxdur”.

“Dedi ki, kömək elə aparaq ataq, meyit çürüyür, üstündə qurdlar gəzir”

Sergeylə eyni qəsəbədə yaşayan uşaqlıq dostu, səfil həyatı sürən, hərdənbir onun evində gecələyən Roman Lazarev ifadəsində İlahəni bir neçə dəfə Sergeygildə gördüyünü deyib:

“Sergey heç vaxt ailəli olmayıb. Əvvəllər Sabina adlı bir qadınla yaşayırdı. Sonradan həmin qadının çox içki içdiyinə görə öldüyünü eşitdim. Axır vaxtlar Sergey spirt alır, suya qatıb içirdi. Qəsəbədə santexnik işləyirəm. Qazandığım puldan Sergeyə də gündə 2-3 manat verirdim. Mayın əvvəlində Sergeygilə gələndə hər zaman səliqəsiz olan evi səliqəli vəziyyətdə gördüm. İlahə hər yeri səliqəyə salmışdı, yaxşı qız idi, ingilis və rus dillərini bilirdi”.

Gecələməyə yeri olmayan Roman qətl hadisəsindən bir neçə gün sonra yenə də uşaqlıq dostunun evinə üz tutub. Mənzilə daxil olarkən kəskin qoxu gəldiyini hiss edib:

“Sergey mənə evdə meyit olduğunu, beş-altı gün əvvəl İlahə ilə mübahisə etdiklərini, yerə yıxılıb boynunun sındığını dedi. Deyirdi ki, meyit çürüyürdü, üstündə qurdlar gördüm, iy gəlməyə başladı, aparıb qatar yolu keçən körpüdən atmaq istəyirdim. Məndən meyiti atmağa köməklik etməyimi istədi. Ona polisə təslim olmağı başa saldım. Belə bir niyyətinin olmadığını görüncə isə sahə müvəkkilinin yanına gedib məlumat verdim”.

mənbə: virtualaz.org

H.X.