Baxış sayı: 69
3-11-2016, 14:54

Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 265 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin məlumatına görə, ümumilikdə cari ilin ötən on ayı ərzində Bakı hava limanı 2,7 mln. sərnişinə xidmət göstərib.

 

Milli aviadaşıyıcıya 1,7 mln. sərnişin üstünlük verib, o cümlədən AZAL-ın Naxçıvan və Gəncəyə daxili uçuşlarında 468 min sərnişin daşınıb. Bu da ümumi sərnişin dövriyyəsinin 17%-ni və AZAL dövriyyəsinin 27%-ni təşkil edir.

 

Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 12,9 mln. ton yük daşınıb. 

 

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 45%-i onların payına düşür.

 

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komaviatrans” aviaşirkətləri, həmçinin "Pobeda" loukosteri Bakıya uçuşlara başlayıb.