•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Zakir Fərəcovun qardaşına qarşı milyonluq fırıldaq: Keçmiş deputatın Türkiyədə aldığı əmlak əlindən çıxıb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, Milli Məclisin sabiq deputatı Nazim Fərəcov Türkiyədə bir neçə milyon lirəyə aldığı restoran və mənzil üzərində mülkiyyət hüququnu təsdiq etdirə bilmir.


Yenicag.az xəbər verir ki, keçmiş deputat Nazim Fərəcovun Türkiyədə fırıldaqla üzləşdiyi barədə materialı araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün “Facebook” profilində yayımlayıb. Həsənlinin yazdığına görə, aldığı restoran və mənzilin mülkiyyət hüququnu əldə edə bilməyən Fərəcov əlacsız vəziyyətdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

C.Həsənlinin yayımladığı materialı təqdim edirik: “Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputatlardan olan (2010-2015) Nazim Fərəcovu türklər demiş, əməlli-başlı “kazıklayıblar”, yəni aldadıblar. Sabiq deputatı Türkiyədə elə “yandırıblar” ki, tüstüsü gedib Ərdoğana çatıb. Deməli, bu cənabın bir məktubu rastıma çıxıb. Şikayət məktubudur. Türkiyənin cumhurbaşqanına ünvanlayıb. Başına gələnləri nəql eləyib, necə dolandırıldığını xırdalayıb, Ərdoğandan kömək istəyib.

Məktubdan məlum olur ki, icra başçısının qardaşı, yəni keçmiş deputatımız 2012-ci ildə Türkiyədə Quşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb. Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT & BAR (mənası Nazim oğlu Ruslan Fərəcov) yazılan iri reklam lövhəsi asdırıb, 10-12 nəfər personalı işə götürüb. Restoran fəaliyyətə başlayıb. Amma…

Az sonra qıraqdan restoranın əsl sahibi ortaya çıxıb. Çək-çevirdən, məhkəməyə başvurularından sonra o zaman hələ deputat mandatı daşıyan Nazim Fərəcova aydın olur ki, əmlak şirkəti tərəfindən aldadılıb, restoran və mənzil ona saxta sənədlərlə satılıb. Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək, onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillər və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar. Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar Fətullah örgütü (təşkilatı) ilə bağlıdır və bu səbəbdən özləri Avropaya qaçıblar.

Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib. Qeyd edim ki, məktub 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir. Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə və “Norf” ticarət markası ilə sərinləşdirici içkilərin istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Quşadasında “Norf” adı altında “Bistro” kafesi, suşi və balıq restoranı var.

Aşağıda Nazim Fərəcovun Ərdoğana məktubunun tam mətnini təqdim edirəm:
“Türkiyə Cumhuriyyətinin Prezidenti Hörmətli Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Respublikasının vətəndaşı, 2010-15-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı Fərəcov Nazim tərəfindən.
Hörmətli Prezident! Dəyərli vaxtınızı alıb sizi narahat etdiyim üçün üzr istəyirəm. Mən və ailəm Türkiyə dövləti və şəxsən sizinlə qürur duyuruq. Türkiyənin dünyada söz sahibinə çevrilməsində və uğur qazanmasında sizin böyük xidmətləriniz var. Azərbaycan vətəndaşları bu səbəbdən Türkiyə dövlətinə güvənərək, buraya investisiya yatırır və biznes qurur.
Oğlum Ruslan Fərəcov da 2012-ci ildə Quşadasında restoran və mənzil alıb. Daha sonra restoranı təmir etdirərək, icarəyə verib. Türkiyənin 10-12 vətəndaşı orada işlə təmin olunub. Həmin əmlakları Quşadasındakı əmlak şirkətinin vasitəsilə almışdıq.
Daha sonra, o şirkətin sahibi və qardaşı dələduzluq edərək, bizim mülkümüzə sahiblənmək üçün qanunsuz yollara əl atmağa başladılar. Onlar saxta sənədlər düzəltməklə, vəkillərlə anlaşaraq, bizim mülkləri satışa çıxarıblar. Bunun ardınca isə həmin əmlak şirkətinin sahibi və qardaşı Türkiyədən Avropaya qaçaraq, onlara vəkalət vermiş çox sayda insanı vəkillərin əli ilə aldatmağa davam etməkdədirlər.
Bizdə olan məlumata görə, o şəxslərin Türkiyədən xaricə qaçmalarının səbəbi FETÖ ilə bağlılıqlarının olmasıdır. Bu məsələlərlə əlaqədar olaraq, Quşadasında Baş prokurorla bir neçə dəfə görüşdüm. O da təsdiqlədi ki, həmin şəxslərə qarşı dələduzluq maddəsi ilə 20-dən artıq cinayət işi açılıb. Mənə problemi həll edəcəyinə söz verirdi.
Çox sayda prokuror və vəkil bu məsələdə saxtakarlığın olduğunu bilsə də, məsələnin həllinə kömək göstərmək istəmir. Hətta bu işlərin təhqiqatını aparan bir neçə müstəntiq, FETÖ ilə bağlı olduqlarına görə işdən azad ediliblər. Cavabdeh tərəfin vəkillərindən biri də FETÖ işi ilə bağlı həbs olunsa da, daha sonra azadlığa buraxılıb.
Hörmətli Prezident! Hər kəs Türkiyənin bir hüquq dövləti olduğunu bilir. Biz Azərbaycan vətəndaşı olmaqla bərabər, özümüzü həm də Türkiyə vətəndaşı sayır və bununla qürur duyuruq. Türkiyə dövlətinə və şəxsən sizə güvənərək, özümüzü hər zaman təhlükəsiz hiss edirik.
Hörmətli Prezident! Hər zaman haqq və ədaləti qoruduğunuzu hamı bilir. Bizim haqq işimizdə sizin köməyinizə ehtiyacımız var. Ümid edirəm ki, qısa müddətdə əmlaklarımızı geri alaraq, bu dələduzluqdan xilas olacağıq.
Hörmətlə, Nazim Fərəcov
2010-15-ci illər Azərbaycan millət vəkili.
Azərbaycan, Sumqayıt şəhəri, 30-cu məhəllə, Ev 6/4, mənzil 27”.
 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube