Bölmə: Cəmiyyət / Manşet
Baxış sayı: 336
5-01-2017, 10:47
Asif Mərzili: “Cənab general-leytenant, Habil Vəliyev və onun rəhbərlik etdiyi dəstə ifşa olundu, lakin həm də onların himayədarları və dəstəkçiləri məsuliyyətə cəlb olunmalıdıdr...”

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə müraciət ünvanlayıb. Baş redaktor DTX-nin vətəndaşları gizli video görüntülərlə və digər vasitələrlə şantaj edən bəzi KİV rəhbərlərinin həbsini dəstəklədiyini, insanları açıq formada təhqir edən, aşağılayan yazıları ilə cəmiyyətdə özünə rahat yuva qurmuşlardan savayı, uzun illər bu ünsürləri himayə etmiş və hazırda müvafiq statusa malik şəxslərin də dərhal məsuliyyətə cəlb edilməsini vacib hesab edir.
Aşağıda həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə!Çox hörmətli Mədət müəllim!Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən uzun illərdir cəzasızlıq mühitindən sui-istifadə edən, bəzi yüksək vəzifəli şəxslərin himayəsindən bəhrələnərək “xüsusi qadınlar” vasitəsilə ayrı-ayrı vətəndaşları, bəzi vəzifəli şəxslərin özlərini və övladlarını gizli video görüntülərlə və digər vasitələrlə şantaj edən bir sıra KİV rəhbərlərinin həbsi cəmiyyətdə və Azərbaycanın peşəkar media ailəsində böyük rəğbətlə qarşılanmışdır. Bunlar bir daha təsdiq edir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Dövlət-vətəndaş münasibətlərinə xələl gətirən, insanları qorxu və həyəcan içərisində saxlayan ünsürlərə qarşı amansızdır, bu sahədə hamı Sizin prinsipiallığınıza inanır. Bununla bərabər, hesab edirəm ki, insanları açıq formada təhqir edən, aşağılayan yazıları ilə cəmiyyətdə özlərinə rahat yuva qurmuş Habil Vəliyev və digərlərindən savayı, uzun illərdir bu ünsürləri himayə etmiş, maliyyələşdirmiş və hazırda da müvafiq statusa malik yüksək rütbəli bəzi şəxslərin də dərhal məsuliyyətə cəlb edilməsi vacibdir. Azərbaycan Mətbuat Şurasının rəhbərliyi dəfələrlə vurğulamışdır ki, ölkə mediasının üz qarası olan bu şəxsləri, çox təəssüflər olsun ki, məhkəmələrdə açıq formada müdafiə edən hakimlər, həmçinin bəzi dövlət orqanlarında himayə edən vəzifəlilər var idi. Bəs niyə həmin himayəçilər də məsuliyyətə cəlb edilməsinlər? Onların müdafiə etdikləri həmin cinayətkarlar Dövlətimizə, vətəndaş cəmiyyətinə həmişə təhlükə olaraq qalmışdır, peşəkar mediamızın nüfuzuna ağır zərbə vurmuşdur.Çox hörmətli cənab General!Sizə bir müddət əvvəl yazılı ərizəmdə də bildirmişəm ki, 2016-cı ilin martın 14-də, gecə saat 02:50 radələrində bir qrup cinayətkar benzin tökərək mənə məxsus olan və ailəlikcə yaşadığımız mənzilimizi, 9 iyul 2016-cı il tarixdə isə yenə də eyni saatda və eyni üsulla-benzin tökərək mənə məxsus 90-DL-707 dövlət nömrə nişanlı şəxsi avtomobilimi yaşadığım evin həyətində yandırmışlar. Tam təsadüf nəticəsində mənzilimizin yanaraq kül olmasının qarşısı alınmışdır, lakin avtomobil tamamilə yanaraq sıradan çıxmış, yararsız vəziyyətdə olduğundan dövlət qeydiyyatı bazasından silinmişdir. Azərbaycan FHN-dən və Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş rəsmi rəylərdən də məlum olur ki, hər iki yanğın benzin tökülərək qəsdən, qisasçılıq məqsədi ilə və peşə fəaliyyətimlə bağlı törədilmişdir. Bu iki cinayət faktı üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində (160110484 saylı cinayət işi) istintaq hərəkətləri davam etdirilmişdir və cinayət işinin istintaq materialları Bakı şəhər BPİ-nin İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovun icraatındadır. Tərəfimdən şübhələndiyim şəxslərin adları, cinayət hadisəsindən əvvəl və sonrakı dövrlərdə mənə qarşı ölümlə hədələmə və digər təhdid xarakterli mesajları müstəntiqə təqdim olunmuşdur. İstintaq sirri olduğundan bircə onu deyə bilərəm ki, istintaq orqanı tərəfindən digər olduqca mötəbər maddi sübutlar da təqdim edilmişdir. İstintaqa verdiyim ilkin ifadəmdə də bildirmişdim ki, bu cinayət hadisəsinin törədilməsinin sifarişçiləri kimlərdir. Onların bu və ya digər formada həmin cinayət hadisələrinin törədilməsində iştirakçılığını təsdiqləyən mötəbər maddi sübutlar və zəruri xüsusatlar istintaq materiallarında vardır. Lakin bütün bunlara baxmayaraq artıq 10 aydır ki, istintaq olunan cinayət işində əsaslı dəyişiklik yoxdur. Halbuki DİN-nin bu cinayət işinin istintaqı üzrə əməliyyat-istintaq qrupunun əsas rəhbərlərindən olan DİN-nin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyatçısı, polis polkovniki Elbrus Rüstəmov tərəfindən hər iki cinayət hadisələrinin törədilməsində şübhəli bilinən şəxslər barədə zəruri sübutları müstəntiqə təhvil verilmişdir. Lakin nə sirdirsə, müstəntiq bu günə kimi həmin şəxsləri dindirməmişdir, sanki onlardan qorxur və ya çəkinir. Halbuki həmin cinayət işinin istintaqı cənab daxili işlər naziri Ramil Usubovun, Baş Prokuror cənab Zakir Qaralovun şəxsi nəzarətindədir. Çox hörmətli cənab General!Rəhbəri olduğunuz Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının bu yaxınlarda keçirdiyi uğurlu əməliyyat nəticəsində cəmiyyətimizdə qanuna zidd əməllər törətməklə insanları qorxu altında saxlayan bir qrupun həbsi məni bu müraciəti Sizə ünvanlamağa məcbur etdi. Məndə bir daha əminlik yaranıb ki, adını açıq formada çəkə bilmədiyim bəzi şəxslərin həbsindən sonra, həm də başıma gətirilən, mənim və ailəmizin məhvinə, rəhbəri olduğum qəzetin əməkdaşlarının qorxu içərisində saxlanmasına hesablanmış məlum cinayət hadisələrinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsində aparılarsa, tezliklə bu cinayət işi də yekunlaşacaq, cinayətkarlar və bu cinayətlərin sifarişçiləri qanun qarşısında cavab verəcəklər.Mən bir jurnalist kimi, Sizin əvvəlki vəzifələrdəki dövlətçiliyimizə və cənab Prezidentə sədaqətli fəaliyyətinizi, hazırda cənab Prezident İlham Əliyevin etimad göstərərək təyin etdiyi Azərbaycan Dövlət Təhlükəsizlik İdarəsinin rəisi vəzifənizdə uğurlu işinizi təqdir edirəm və buna qəlbən sevinirəm. Çünki dövlətimizin təhlükəsizliyinə qarşı olan cinayətkarlarla mübarizədə Sizin bütün uğurlarınız dövlətimizin, Azərbaycanımızın uğurudur. Elə bu inam və sevgi ilə Sizdən bir daha xahiş edirəm ki, 10 aydır DİN-nin Bakı şəhər Baş Polis İdarəsində istintaq olunan cinayət işinin materiallarının alınaraq Dövlət Təhlükəsizlik Xidmətində istintaq olunmasına göstəriş verəsiniz. Təbii ki, hər bir Azərbaycan vətəndaşı, bu sırada mən bir jurnalist olaraq qəti surətdə əminəm ki, adını hələki çəkə bilmədiyim cinayətkarların müdafiəçilərinin bu dəfə sifariş verdikləri cinayətkarların müdafiəsi üçün bütün cəhdləri əbəs olacaq. Çünki Sizin rəhbərliyiniz altında fəaliyyətini uğurla davam etdirən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının bir amalı var: cinayət törətmiş şəxs və ya şəxslər kimliyindən asılı olmayaraq qanun qarşısında bərabər cavabdehlik daşıyır.Cənab General!Sonda xahiş edirəm, başıma gətirilənlərlə bağlı bu müraciətimdə deyə bilmədiyim, istintaq sirri sayılan bəzi mühüm məlumatları diqqətinizə çatdırmaq üçün məni qəbul edəsiniz.Əvvəlcədən təşəkkürlərimi yetirirəm.
Dərin hörmətlə:Asif Mərzili (Məmmədov)«Təzadlar» qəzetinin baş redaktoruBakı şəhəri, 04 yanvar 2017-cı il