Bölmə: Cəmiyyət / Təhsil
Baxış sayı: 66
3-01-2017, 14:10
Nurəddin Cahangirovun müəyyən olunmuş yaş həddini çoxdan keçməsinə baxmayaraq, onu hələ də təqaüdə çıxarmırlar
Artıq bir neçə müddətdir ki, dərc olunan yazılarda 6 nömrəli Bakı Peşə Məktəbinin direktoru Nurəddin Cahangirovun fəaliyyətinə qarşı yönəlmiş tənqidi fikirlər səsləndirilməkdədir. Bu xüsusda redaksiyamıza daxil olan son məlumatlarda qeyd olunmuşdu ki, 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılır. Məhz bu peşə təhsili müəssisəsinə dair qəbul edilmiş qərarla bağlı ilk növbədə diqqətimizi çəkən məqam bu oldu ki, bu məktəb heç bir digər məktəblə birləşdirilmir. Redaksiyamıza daxil olan açıqlamalarda isə vurğulanır ki, 6 nömrəli Bakı Peşə Məktəbinin rəhbərliyi dəyişilməyincə, nəzərdə tutulan istənilən yenilik və islahatın iflasa uğrayacağını əvvəlcədən nəzərə almaq olar. Bu barədə aldığımız məlumatlardan birində deyilir: "Məktəbin fəaliyyəti ciddi nöqsanlarla müşayiət olunmaqdadır. Belə ki, direktor Nurəddin Cahangirovun yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə, ilk növbədə məktəbdə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Bu gün 6 saylı Bakı peşə məktəbində bir çox şagirdlərin adları sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən "aylığa” buraxılırlar. Bunun müqabilində isə, həmin şagirdlər hər ay məktəb direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Elə buna görə də, Nurəddin Cahangirovun rəhbərlik etdiyi 6 nömrəli Bakı Peşə Məktəbində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur...” Həmçinin bir müddət əvvəl aldığımız məlumatlarda xüsusi olaraq belə bir məqam da qeyd olunmuşdu ki, Nurəddin Cahangirovun oğlu da onunla birlikdə 6 saylı Bakı Peşə Məktəbində işləyir. Görünür təhsil sahəsində rüşvəti artıq ailə biznesinə çevirmiş Cahangirovlar bu sahədə uzunmüddətli "ənənələrin” əsasını qoymaqda israrlıdırlar. Bunu da qeyd etməliyik ki, aldığımız məlumatlarda irəli sürülən ittihamlara münasibətini bildirmək üçün biz dəfələrlə Nurəddin müəllimlə əlaqə saxlamağa cəhd göstərmişik. Lakin məktəb direktoru hər dəfə bir bəhanə ilə dialoqdan boyun qaçırmaqla suallarımızı cavabsız qoyub. Bu isə təbii ki, şikayətlərdə təqdim olunan faktların dürüstlüyünü bir daha təsdiq etmiş olur. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda bu da bildirilir ki, 6 saylı Bakı Peşə Məktəbində təhsil alan şagirdlərin valideynlərindən mütəmadi olaraq ən müxtəlif bəhanələrlə pul vəsaitləri toplansa da, bu yığımlar belə direktorun tələblərini tam ödəyə bilmir. İddialara görə, Nurəddin Cahangirov hətta şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdlərə belə göz dikməkdən çəkinmir. Belə ki, peşə məktəbinin şagirdləri onlara ayrılmış aylıq 30 manat məbləğində təqaüdü plastik kartlar vasitəsilə almalı olduqları halda, Nurəddin müəllim həmin kartları bütün şagirdlərdən yığaraq, onları özündə saxlayır. Daha sonra dərc etdiyimiz yazılarda belə bir iddia da müzakirəyə çıxarılmışdı ki, Nurəddin Cahangirov yeni yaradılacaq Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru olmağa hazırlaşır: "Nurəddin Cahangirov hələ bir 6 nömrəli Bakı Peşə Məktəbinin bazasında yeni yaradılacaq Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin də direktoru olacağına əminliyini ifadə edib...” Maraqlıdır ki, Nurəddin Cahangirovun artıq çoxdan pensiya yaşına çatmasına rəğmən, bu kadrın hələ də təqaüd çıxma məsələsi gündəmə gətirilməyib...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq!

bizimdövr