Baxış sayı: 913
9-12-2016, 23:18
Azərbaycan  Respublikası  Hesablama  Palatası  -  15

“Maliyyə nəzarəti daha da gücləndirilməlidir. Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir. Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə çox ciddi nəzarət olmalıdır. Deyə bilmərəm ki, əvvəlki illərdə nəzarət lazımi səviyyədə idi”. 
                          Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev



Bu günlərdə   Azərbaycan Respublikası Hesablama Palatasının  yaranmasından   15 il ötür. Yaxın tarix olsa da fikrimizcə, Palatanın əldə etdiyi nailiyyətlər, onun qısa zamanda ölkə daxilində və xarici həmkarları arasında nüfuz qazanmasına yol açan fəaliyyəti, dövlət qayğısı və ictimai dəstək barədə  deməyə çox şey var.   

Azərbaycan Respublikası Hesablama Palatasının yaranma tarixi Azərbaycanın müstəqilliyinin bərpasının  ən ağır dövrünə  təsadüf  edir.  Ölkə iqtisadiyyatının olduqca ağır vəziyyətdə olduğu bir dövrdə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan  Ulu öndər Heydər Əliyevin qarşısında yaxın perspektivdə ölkədə ictimai-siyasi sabitlik yaratmaq, sosializmin planlı iqtisadiyyatından yeni bazar iqtisadiyyatına keçidi mümkün qədər itkisiz həyata keçirmək, bununla bərabər ölkənin təhlükəsizliyini, əhalinin sosial müdafiəsini  etibarlı şəkildə təmin etmək kimi bir vəzifə dururdu.

Ümummilli lider Heydər Əliyev həmin dövrdə özünəməxsus uzaqgörənliklə Azərbaycanın beynəlxalq arenada yerini və rolunu düzgün müəyyən etməyi hədəfləyən inkişaf strategiyası  işləyib hazırladı,  öz dərin  zəkası ilə ölkədə köklü  islahatlar həyata keçirməklə iqtisadi tənəzzülün aradan qaldırılmasına nail oldu, təkmil elmi əsaslara və düzgün strategiyaya söykənən inkişafın əsasını qoydu. Bununla da yeni siyasi və iqtisadi şəraitdə ölkənin gələcəyi, güclü inkişafı üçün ictimai-siyasi sabitliyi və  makroiqtisadi dirçəlişi təmin edə bilən əsaslı  idarəçilik sisteminin zəmini yaranmış oldu. Ulu öndərin dəmir məntiqi, sarsılmaz siyasi iradəsi ilə ölkədə tədricən yeni siyasi və iqtisadi şəraitə uyğun olan qanunvericilik və normativ-hüquqi baza yaradıldı, genişmiqyaslı islahatlar və özəlləşdirmə proqramları həyata keçirildi.  Azərbaycan xarici dövlətlərin investisiya yatırımı üçün  cəlbedici ölkəyə çevrildi.

  • Beynəlxalq layihə və tədbirlərin həyata keçirilməsi, xüsusilə Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair "Əsrin müqaviləsi"nin imzalanması xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa və ölkənin beynəlxalq arenaya çıxışına, mövqeyinin möhkəmlənməsinə güclü təkan verdi. Bütün bunlar bədnam qonşu  ilə müharibəyə cəlb olunan ölkədə sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyətə malik idi.
  • Ölkənin ümumi inkişaf səviyyəsi yüksəldikcə, iqtisadi potensialı və dövlət büdcəsinin vəsaitləri artdıqca,  dünya birliyinə  inteqrasiyası genişləndikcə dövlət nəzarəti sisteminin təkmilləşdirilməsinin zəruriliyi daha qabarıq önə çıxırdı. Eyni zamanda Azərbaycanda icra hakimiyyəti qolundan müstəqil olan dövlət maliyyə nəzarətini həyata keçirən qurumun yaradılmasını labüd edirdi. Həmin dövrdə dövlət maliyyə nəzarətinin aktuallığını artıran amillərdən biri də respublikamızda böyük həcmli transmilli layihələrin, eləcə də, çoxlu sayda regional və sahə proqramlarının və layihələrinin, iqtisadi, müdafiə, enerji və ərzaq təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar dövlət xərclərinin əvvəlki illərlə müqayisədə dəfələrlə artması idi. Külli miqdarda vəsaitin səmərəli idarə olunması üçün çevik və etibarlı dövlət maliyyə nəzarəti sisteminin təşkili  ehtiyaca çevrilmişdi.

İşlək dövlət maliyyə nəzarəti sisteminin qurulması dünyada bütün  dövlətlərin ən əsas qayğılarından biridir. Azərbaycanda Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra,  onun təşəbbüsü ilə zəruri qanunvericilik və təşkilati məsələlər həll edildi, ölkədə   tamamilə yeni maliyyə nəzarəti strukturu, xüsusilə postsovet ölkələrində Hesablama Palatası adlandırılan Ali Audit Qurumu  (AAQ) yaradıldı.  

 Bu orqanın yaradılması ölkə Konstitusiyasında və 1999-cu ildə qəbul edilmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdı. 2001-ci ilin dekabrında Ulu Öndər Heydər Əliyev "Hesablama Palatası haqqında" Qanuna əlavə və dəyişiklik edilməsi üzrə sənəd imzaladı, Azərbaycan Respublikasının Konstitusiyasının 92- ci maddəsinə uyğun olaraq  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının Sədri, sədr müavini və dörd auditoru təyin edildi və Hesablama Palatası fəaliyyətə başladı.

Qanunla kollegial, təşkilati və funksional cəhətdən müstəqil olan Hesablama Palatası   daimi fəaliyyət göstərən kənar dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.  Yarandığı ilk illəri Palatanın təşkilati və struktur cəhətdən ilkin formalaşması, qanunvericilikdən irəli gələn bir sıra normativ-hüquqi aktların və qaydaların işlənib hazırlanması, beynəlxalq və ikitərəfli əlaqələrin  qurulması, xüsusilə postsovet ölkələrinin təcrübəsinin öyrənilməsi dövrü kimi  səciyyələndirmək olar.

Hesablama Palatasının fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi qaydaları, etik normalar  və s. barədə məsələlər 5 mart 2002-ci il tarixli Qanunla təsdiq edilən “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi” ndə öz əksini tapdı. 

  Yeni əsrin ilk illərində Palata ayrı-ayrı ölkələrin Ali Audit Qurumlarını birləşdirən beynəlxalq təşkilatlara - INTOSAI-ya (Ali Audit Qurumlarının beynəlxalq Təşkilatı), onun regional qurumları olan EUROSAI-ya (Ali Audit Qurumlarının Avropa Təşkilatı), ASOSAI-ya (Ali Audit Qurumlarının Asiya Təşkilatı) və ECOSAI-ya (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Ali Audit Qurumlarının Təşkilatı) üzv qəbul edildi, bir sıra dövlətlərin (Böyük Britaniya, Türkiyə, Pakistan, İran, Küveyt, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus) Ali Maliyyə Nəzarəti Orqanları ilə ikitərəfli işgüzar əməkdaşlıq Sazişləri imzaladı. Sonuncu belə Saziş 2014-cü ildə Azərbaycan Respublikasının Hesablama Palatası ilə Moldova Respublikasının Hesablama  Palatası arasında imzalanmışdır.   

Sazişlər, əsasən  ali audit tədbirləri, kadr hazırlığı və ixtisasın artırılması, birgə audit tədbirlərinin, tədqiqatların, seminar, konfrans və işçi görüşlərin, informasiya mübadiləsinin  və s. həyata keçirilməsi, xüsusilə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin güclənməsi zəminində birgə-paralel yoxlamaların təşkilini nəzərdə tutur.

Yeri gəlmişkən qeyd edək ki, Palatanın Rusiya Federasiyasının Hesablama Palatası ilə 2002-ci ildə imzaladığı qarşılıqlı əməkdaşlıq haqqında ilk Saziş 2015-ci ilin iyun ayında yenilənmişdir.

Hansı   regionda   yerləşməsindən,   hansı   inkişaf   səviyyəsinə  malik olmasından,   dövlət  sisteminə    necə    inteqrasiya   etməsindən   və  ya necə  təşkil edilməsindən asılı olmayaraq  INTOSAI-da   birləşən hər bir Ali Audit Qurumu üçün 1977-ci ilin oktyabr ayında Lima şəhərində  (Peru) INTOSAI-ın  IX  Konqresində qəbul edilmiş  Auditin  Rəhbər  Prinsiplərinin Lima Bəyannaməsi və  XIX Konqresinin Mexikoda keçirilmiş iclasında qəbul edilmiş  Müstəqillik haqqında Mexiko Bəyannaməsi   eyni dərəcədə  əhəmiyyətlidir. Bu Bəyannamələrdə hər bir Ali Audit Qurumunun müstəqilliyinin tanınması təsbit olunmuşdur.

 Dövlət maliyyə nəzarəti sistemi bütöv dövlət idarəetmə zəncirinin əsas həlqələrindən  biridir və dövlət büdcəsinin  planlaşdırılmasından, icrasından,  icra hakimiyyətinin təşkilat və müəssisələri vasitəsi ilə gəlirlərin əldə edilməsindən və xərclərin həyata keçirilməsindən tutmuş, AAQ tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarətinədək  büdcə  prosesinin bütün fazalarını əhatə edir.

Maliyyə nəzarəti institutu ümumilikdə dövlət nəzarət orqanlarının ümumi strukturunun  və  maliyyə sisteminin mühüm tərkib elementidir və dövlət maliyyə siyasətinin reallaşmasına,  maliyyə sabitliyinə şərait  yaradılmasına xidmət edir.

Palata işgüzar əməkdaşlıq məqsədilə daxili nəzarəti həyata keçirən aparıcı dövlət qurumları ilə,  Azərbaycan Respublikasının Maliyyə və Vergilər Nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və Auditorlar Palatası, eləcə  də Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi ilə razılaşma Memorandumu imzalamışdır və digər hakimiyyət orqanları, büdcə prosesinin iştirakçısı olan  bütün maraqlı tərəflərlə, həmçinin Azərbaycan Respublikasının Milli Məclisin komitələri ilə qarşılıqlı şəkildə sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının Ulu Öndərin  balanslı  iqtisadi - siyasi inkişaf xəttini Azərbaycanın prioritetləri baxımından dəyişən və qloballaşan dünya siyasətinə uyğunlaşdırmaqla və təkmilləşdirməklə davam etdirməsi  Azərbaycanın sonrakı illərdə qazandığı nailiyyətləri şərtləndirən ən əsas amildir. Ölkənin yeni iqtisadi inkişaf kursu çərçivəsində maliyyə-büdcə sahəsində günün tələblərinə cavab verə bilən idarəçilik və nəzarət  sisteminin təkmilləşdirilməsi  də bir ictimai tələb idi  və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Hesablama Palatasının qanunvericilikdə təsbit olunmuş səlahiyyətləri “Büdcə sistemi haqqında” və “Daxili audit haqqında” Azərbaycan  Respublikasının Qanunlarında, Vergi və Gömrük Məcəllələrində nəzərə alındı.

Ölkə başçısının təşəbbüsü ilə  "Hesablama Palatası haqqında" Qanuna 2008 və 2010-cu illərdə yeni əlavə və dəyişikliklər  edildi, Palatanın dövlət maliyyə nəzarəti sistemində rolu gücləndirilərək ona  daha çox  hüquq və səlahiyyətlər verildi. Maliyyə intizamının və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Palataya  audit  tədbiri aparılan dövlət orqanlarına, idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar vermək, lazım gəldikdə  xəzinə və bank hesabları üzrə əməliyyatların dayandırılması hüququ verildi. Cinayət əlamətləri aşkar edildikdə audit materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmək səlahiyyəti təsbit edildi.

Qanuna edilmiş əlavə və  dəyişikliklərə uyğun olaraq dövlət qulluğunun təsnifat sistemində 1-ci kateqoriya dövlət hakimiyyət orqanlarına bərabər tutulmaqla Palata üzvlərinin və aparat əməkdaşlarının statusu artırıldı, yerli orqanlarının yaradılması təsbit edildi. Palatanın  öz fəaliyyətini daha səmərəli təşkil etmək üçün  imkanları   artdı.

Ölkədə kənar dövlət maliyyə nəzarəti funksiyasını yerinə yetirən yeganə orqan olaraq  “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hesablama Palatasının Daxili Nizamnaməsi” ilə yanaşı “Büdcə sistemi haqqında”  Qanunun  və digər müvafiq  qanunvericiliyin tələblərinə uyğun olaraq Palata dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarında, iri dövlət vergi ödəyicilərində və qeyri-dövlət müəssisələrində, gəlirlərin formalaşdırılması və xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə səmərəli istifadəsinin qanunvericiliyə uyğunluğuna nəzarət edir. Eləcə də, qanunvericiliyə əməl olunması, daxili nəzarətin təşkili vəziyyətini araşdırır, dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələləri təhlil edir.  Müvafiq orqanların tərtib etdikləri məqsədli proqramların əsaslılığının qiymətləndirilməsi də Palatanın fəaliyyət sahəsinə daxildir. 

  Ümumiyyətlə, Palata il ərzində Azərbaycan Respublikasının Milli Məclisinə üç əsas çıxış sənədi təqdim edir: növbəti ilin  dövlət büdcəsi və icmal büdcə haqqında Azərbaycan Respublikasının Qanun layihələrinə, eləcə də, dövlət büdcəsinin və icmal büdcənin icrası barədə Qanun layihələrinə rəyini bildirir və öz illik fəaliyyəti barədə Milli Məclisə hesabat verir.

Son illərdə Palata audit tədbirlərinin nəticələri əsasında qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə olan boşluqların aradan qaldırılmasına və  təkmilləşdirilməsinə yönəldilən təkliflər də işləyib hazırlayır, mütamadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Bu təkliflərin böyük əksəriyyəti üzrə artıq müvafiq tədbirlər həyata keçirilmişdir. 

 Onu da demək lazımdır ki, Palatanın özündə də fəaliyyətinin səmərəli təşkili məqsədilə Qaydalar  işlənib hazırlanır  və hazırda  funksional fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 30-a yaxın Qayda Kollegiyada təsdiq edilib.

 Ali audit qurumlarının ölkənin sosial-iqtisadi inkişafındakı rolu barədə danışarkən qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda maliyyə resurslarının  dinamikası, həyata keçirilən   kompleks sosial-iqtisadi və beynəlxalq layihələr Hesablama Palatasının maliyyə inzibatçılığının optimallaşdırılması istiqamətində fəaliyyətinin, dövlət idarəçiliyində yerinin və əhəmiyyətinin  aktuallığını artırıb. İldən-ilə  Palata tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin sayının artması ilə yanaşı, bu tədbirlərin əhatə dairəsi də genişlənib və keyfiyyəti yüksəldilib.

Nəzarət tədbirlərinin keçirildiyi təşkilatlarda yalnız artıq və əsassız ödənilmiş büdcə vəsaitlərinin bərpası tələb olunmur. Palatanın Təqdimatları əsasında keyfiyyətsiz və ya müqavilədə nəzərdə tutulduğundan az yerinə yetirilmiş xidmət və işlər yenidən görülür, günahkar şəxslərin qanunamüvafiq qaydada cəzalandırılmasına nəzarət edilir.   İnventar və avadanlıqların, malların qaytarılması,  böyük məbləğlərdə debitor və kreditor borcların uçota götürülməsi və  ya ləğv edilməsi,  vergi və digər icbari ödənişlər üzrə vəsaitlərin hesablanması, dövlət büdcəsinə artıq ödəmə kimi qeydə alınmış vəsaitlərin ləğv olunması da təmin olunur.  Eyni zamanda,  nəzarət tədbirləri ilə gələcəkdə büdcə vəsaitlərinin əsassız xərclənməsinə səbəb ola biləcək ödənişlərin də qarşısı   alınır.  Dövlət müəssisələri və əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə ayrılan vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət də Palatanın səlahiyyətinə daxildir.

Qeyd edək ki, nəzarət tədbirləri zamanı aşkar edilmiş maliyyə və qanun pozuntularının aradan qaldırılması üzrə Palatanın nəzarət obyektlərinə göndərdiyi təqdimat və təkliflər sayəsində böyük məbləğlərdə qanunsuz ödənişlərin və səmərəsiz xərclərin qarşısı alınıb. Demək olar ki, büdcəyə bərpa edilmiş vəsaitlərin ümumi məbləği Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitləri ilə müqayisədə dəfələrlə çoxdur.  Müqayisə üçün deyək ki, bu sahədə yalnız inkişaf etmiş ölkələrin ali audit orqanları daha yüksək göstəricilərə malikdir.

Ölkədə korrupsiyaya qarşı daha effektiv mübarizənin aparılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində qanunvericilik aktlarına edilmiş əhəmiyyətli dəyişikliklər   Palatanın fəaliyyətinin keyfiyyətinə müsbət təsir göstərir. Qeyd etmək yerinə düşərdi ki, fəaliyyətə başlamasından ötən dövr ərzində Palata tərəfindən korrupsiya hüquqpozmaları və maliyyə pozuntuları müəyyən edilmiş ondan çox yoxlama materialı Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.  Əslində Palatanın  dövlət büdcə  vəsaitlərinin  hərəkəti və dövriyyəsinin səmərəliliyi üzrə apardığı  nəzarət tədbirləri nəticə etibarı ilə antikorrupsiya xarakteri daşıyır.  Hətta bir çox ölkələrdə Ali Audit Qurumları  antikorrupsiya orqanıdır.

Azərbaycan Respublikası Hesablama Palatasının cəmi 15 yaşı var. Məsələn,  Almaniyada dövlət auditinin 300 illik, Rumıniya Hesablama Məhkəməsinin 150 illik, Türkiyə Cümhuriyyəti Sayıştayının 154 illik, Polşa Milli Nəzarət Palatasının isə 100 illik  tarixi var. Bununla belə, Azərbaycan Respublikası Milli Məclisinin, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların və xarici dövlətlərin Ali Audit Qurumlarının nümayəndələri ölkəmizdə dövlət maliyyə nəzarəti sisteminin yaradılmasının dövlət quruculuğunun və dövlətin iqtisadi qüdrətinin əsas atributlarından biri  kimi təşəkkül tapdığını, Hesablama  Palatası tərəfindən aparılan təşkilati və nəzarət-audit tədbirləri, analitik və metodoloji işlər nəticəsində Palatanın dövlət hakimiyyəti orqanları sistemində özünə layiq yer tutduğunu, maliyyə pozuntuları və korrupsiya ilə mübarizədə əhəmiyyətli nəticələrə nail olduğunu qeyd etmişlər.

Onu da demək lazımdır ki, Palatanın gənc yaşına baxmayaraq INTOSAI-ın   İşçi Qrupuna və  Alt-komitəsinə üzv qəbul olunması, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Palatanın ölkəmizin beynəlxalq nüfuzunun  artmasının daha bir sübutu və  Palatanın  uğurunun göstəricisidir. Hesablama Palatası INTOSAI-ın 2015-ci ildən ölkə iqtisadiyyatının vacib sektorlardan hesab edilən dövlət satınalmaları və dövlət borcu üzrə alt-qruplarının, həmçinin AAQ-ların fəaliyyətində xüsusi əhəmiyyəti olan uyğunluq auditi üzrə  alt-qrupunun aktiv üzvüdür. 

Hesablama Palatasının fəaliyyətində,  beynəlxalq qanunvericiliyə, o cümlədən beynəlxalq audit standartlarına uyğun milli standartların tətbiqi prioritet fəaliyyət istiqamətlərindən biridir. Palata inkişaf etmiş ölkələrin dövlət auditi sahəsində      yeniliklərin tətbiqi üçün böyük imkanlar açan beynəlxalq standartlara uyğun  audit təlimlərinin keçirilməsinə, işgüzar münasibətlərin dərinləşməsinə  xüsusi önəm verir. Palatada beynəlxalq və ikitərəfli sazişlər əsasında xarici ekspertlər vaxtaşırı maliyyə auditinin planlaşdırılması, keçirilməsi, yekunlaşdırılması və hesabatvermə mərhələləri, ümumilikdə maliyyə auditinin aparılması prosesi və INTOSAI-ın beynəlxalq audit standartlarının tələblərinin qorunması, bu prosesin daha da təkmilləşdirilməsi üzrə təcrübələrini paylaşırlar.

Belə tədbirlər Palata ilə tədbir iştirakçıları arasında işgüzar münasibətlərin dərinləşməsinə, təcrübə mübadiləsi aparmaq və yeniliklərin tətbiqi üçün böyük imkanlar yaranmasına da vəsilə olur.  

Hesablama Palatası mütəmadi olaraq Dünya Bankının (DB), İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Ölkə üzrə nümayəndələri,  Avropa İttifaqı və İƏİT-nın SIGMA layihəsini təmsil edən nümayəndə heyəti ilə görüşlər keçirilir, nümayəndə heyəti  MDB iştirakçısı olan dövlətlərin AAQ-nın rəhbərləri Şurasının, xarici ölkə Ali Audit Qurumlarının təşkil etdiyi seminarlarda, INTOSAI-ın, EUROSAI-ın, ECOSAI-ın tədbirlərində iştirak edir.

Hesablama Palatasının fəaliyyətinin mühüm bir göstəricisi beynəlxalq hesabatlarda (reytinqlər) mövqeyinin möhkəmlənməsi olmuşdur. “Beynəlxalq Büdcə Layihəsi” təşkilatı tərəfindən hazırlanan “Açıq Büdcə İndeksi”  hesabatında Ali Audit Orqanı olaraq Hesablama Palatasının fəaliyyətinin büdcəyə nəzarət baxımından 100 baldan 50 bal alması müsbət nəticə kimi dəyərləndirilmişdir. Burada, əsas şərtlər Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası və dövlət büdcəsinin layihəsinə verilmiş rəylərin, hesabatının rəsmi internet saytında yerləşdirilməsi əsas faktorlardan hesab edilmişdir.

Dövlət Xərcləri və Maliyyə Hesabatlılığında (DXMH) Azərbaycan Respublikasının dövlət büdcəsinə dair DXMH çərçivəsində vacib hesab edilən əsas məlumatların əksəriyyətinin Palata tərəfindən ictimaiyyətə açıqlanması, DXMH-də Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabatın Milli Məclisə təqdim edilməsi, çap edilərək əvvəlcədən millət vəkillərinə paylanılması, daha sonra isə Milli Məclisin plenar sessiyalarında müzakirəyə çıxarılması prosesi də müsbət qiymətləndirilmişdir. Hesabatda Palatanın fəaliyyəti haqqında illik hesabatın xülasəsinin, əsas görüşlər barədə bildirişlərin və Hesablama Palatası sədrinin çıxışlarının Palatanın rəsmi internet səhifəsində dərc edildiyi qeyd olunmuş və bu addımlar şəffaflığın təmin edilməsinə tövhə kimi dəyərləndirilmişdir.  Həmin qiymətləndirmədə Hesablama Palatasının büdcə xərclərinin nəzarətlə əhatə edilmə səviyyəsini yüksəltməsi tövsiyə olunmuşdur.

Qeyd edək ki, cari ildə ABŞ Dövlət Departamenti tərəfindən təqdim olunan 2016-cı il üçün Fiskal Şəffaflıq Hesabatının Azərbaycanla bağlı bölməsində ölkəmizin bu sahədə əhəmiyyətli tərəqqi əldə etməsi qeyd olunmuşdur. Həmin hesabatda Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatların geniş ictimaiyyətə açıqlanması müsbət dəyərləndirilmişdir. Sənəddə maliyyə şəffaflığının ictimai etimadın gücləndirilməsi və iqtisadi davamlılığın möhkəmlənməsində vacib rol oynadığı, hökumətin məsuliyyətinin və ictimai müzakirələrin gücləndirilməsinə təkan verdiyi və ABŞ hökumətinin Azərbaycanın səylərinə yüksək qiymət verdiyi vurğulanmışdır. Bununla belə, hesabatda Hesablama Palatasının bütün nazirliklərdə və təşkilatlarda yoxlama aparmaq barədə planının hazırlanması, dövlət müəssisələrinə ayrılmaların və yaxud bu müəssisələrin gəlirlərinin tam olaraq təfsilatı ilə təqdim olunması tövsiyə edilmişdir.

Palata Ali Audit Qurumu olaraq ictimai nəzarətin əsas həlqələrindən biri kimi bu qurumun mandatı, funksiya və səlahiyyətləri, habelə cari fəaliyyəti barədə dövlət orqanlarının və ictimaiyyətin məlumatlandırılması üçün hər bir  nəzarət tədbirinin təsdiq olunmuş nəticələri barədə vebsayt vasitəsi ilə  ictimaiyyətə  və Azərbaycan Respublikasının Milli Məclisinə  məlumat verir.  Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq  Palatanın 6 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı icmal məlumat və Palatanın  altı aylıq büdcəsinin icrasına dair cədvəl tərtib edilərək rəsmi veb-saytında yerləşdirilir. 

Vaxtaşırı təzələnən və zənginləşdirilən sayt vasitəsilə Palatanın funksional, beynəlxalq fəaliyyətini əks etdirən materiallarla, əməkdaşların və Palata rəhbərinin həyata keçirilən dövlət auditinin, maliyyə-büdcə nəzarətinin  ən müxtəlif  aspektləri barədə “Milli Məclis” analitik informasiya jurnalında, Türkiyə Cümhuriyyətinin “Sayıştay dergisi”ndə, Azərbaycan Dövlət İnformasiya Agentliyində, Azadinform və APA İnformasiya Agentliyində, digər aparıcı nəşrlərdə və xəbər portallarında  çıxış və müsahibələrini Palata rəhbərliyinin ictimaiyyət qarşısında bir növ hesabatı kimi  də qəbul etmək olar.

Qeyd edək ki, Hesablama Palatasının rəsmi internet səhifəsi  cari ildə mərkəzi və yerli icra  orqanlarının informasiya açıqlığı üzrə reytinq sıralamasında 70 qurum arasında bir qədər də irəliləyərək 5-ci yerdə qərarlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə nəzarəti sisteminin gücləndirilməsi məsələsi dəfələrlə vurğulanmış, xüsusilə Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirilməsi qeyd edilmişdir. Cənab Prezidentin “Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir”, “Büdcə vəsaitlərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təminedilməlidir”, “...  bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir” tapşırıqlarının icrası Hesablama Palatasının fəaliyyətinin əsas məqsədidir.

Ölkə rəhbərinin “..Xüsusilə Hesablama Palatasının işi daha da səmərəli şəkildə təşkil edilməlidir..” tapşırığının icrası istiqamətində məsuliyyətini dərk edərək fəaliyyətinin gücləndirilməsi zəruri hesab olunan sahələri də təhlil edərək Palata bununla bağlı daha ciddi tədbirlər görmək niyyətindədir. Belə ki, büdcə vəsaitlərinin nəzarət tədbirləri ilə tam əhatə edilməməsi, dövlət qurumlarının maliyyə hesabatlarının təhlili işinin təkmil şəkildə təşkil olunmaması, büdcə vəsaitlərini istifadə edən qurumlar üzrə ciddi maliyyə intizamına tam nail olunmaması Hesablama Palatasının qarşıda duran əsas vəzifələrini müəyyən edir.     

Ölkə rəhbərliyinin Palatanın maddi-texniki bazasının möhkəmləndirilməsinə  böyük  qayğı və diqqəti,  əməkdaşların maddi-mənəvi həvəsləndirilməsi gördüyü işin  təqdirinin sübutu olmaqla bərabər, həm də kollektivdə ruh yüksəkliyi yaradır.

 2009-cu il dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev   Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak etmiş,   2013-cü ilin noyabr ayında və  2016-cı ilin iyun ayında Palatanın  bir sıra əməkdaşlarına  ölkənin yüksək fəxri mükafatlarını vermişdir.  

Hesablama Palatası bu gün özünün ümdə vəzifəsini maliyyə-büdcə idarəçiliyində, dövlət təşkilatlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin edilməsində dövlət idarəetmə sisteminin  mühüm komponenti kimi çıxış etmək və Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən ölkəmizin gələcək inkişafı üçün həyata keçirilən ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına öz işi ilə dəstək verməkdə görür.


Azərbaycan  Respublikası Hesablama  Palatasının  sədri Vüqar Gülməmmədov