Baxış sayı: 110
12-10-2017, 10:28


“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.

“Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə ölkədəki ümumi sosial-iqtisadi vəziyyət, qadınların sosial-psixoloji problemlərinin əsasını təşkil edən amillər, onların öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər müzakirə olunub.

QLUB sədri Ülkər Abdullayeva layihənin hədəflərindən və mövzu ilə bağlı cəmiyyəti narahat edən məsələlərdən danışıb. Qeyd edib ki, son illərdə neftin qiymətlərinin aşağı düşməsi, milli valyutanın devalvasiyası və qiymət artımı ölkə əhalisinin maddi-iqtisadi, eləcə də sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərib. İş yerlərində baş verən ixtisarlar, gəlirlərin azalması, bu fonda bank borclarını ödəmək imkanlarının məhdudlaşması əhalinin sosial güzəranını qismən ağırlaşdırıb. Nəticədə qadın cinayətkarlığının və intiharların sayı artmağa başlayıb ki, bu da üçüncü sektoru narahat etməyə bilməz.  

“Biz qadınları böhranlı vəziyyətdən, depressiyadan və intihar meyllərindən xilas etməyə cəhd göstəririk. Depressiyadan çıxmağın, problemlərdən xilasın ən yaxşı yolunun intihar deyil, əmək, peşələrə yiyələnmə və yardım üçün doğru qapıları döymə olduğunu təlqin etməyə çalışırıq” – deyə Ü.Abdullayeva bildirib.

O, Saatlıq rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib.  

Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb.  

Layihə əməkdaşları Saatlı xanımlarının başlıca problemlərinin nədən ibarət olduğunu soruşublar. Həmin problemlərin həlli yollarını izah ediblər və motivasiya nitqləri söyləyiblər.

Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı, rəssam Sürəyya Zeynalova müzakirə mövzusu olan problemlərin əsasının əslində 90-cı illərdə Azərbaycan kəndlilərinin torpaqdan qopması ilə qoyulduğunu deyib. O, qeyd edib ki, insanlar bərəkətli Mil-Muğan torpaqlarını qoyub paytaxta üz tutdular. Kənddən qopdular, şəhərdə isə öz həyatlarını qura bilmədilər. Nəticədə həyatda özünü tapa bilməyən insan nəsli formalaşmağa başladı. Zeynalovanın fikrincə, sosial gərginlik, işsizlik, maddi imkansızlıq ailələrdə ardı-arası kəsilməyən qalmaqallara səbəb olur. Əsəbləri gərilən insanlar ya başqasına əl qaldırır, ya da öz həyatlarına qıyırlar.

V.Əsgərov adına 4 saylı məktəbin direktoru Təranə Babayeva isə Saatlı rayonunda iki uşağı ilə birlikdə özünü körpüdən ataraq intihar edən qadının faciəsinin köklərini anladıb: “Ona nə ər evində, nə də ata evində sahib çıxan olmayıb. Gedəcək yeri, yaşama gücü qalmayan qadın düşünüb ki, daha heç kəsə lazım deyil, ona sahib çıxmayanlar, onun övladlarına da sahib çıxmayacaqlar. Beləcə, uşaqlarını da özü ilə o biri dünyaya aparmaq qərarına gəlib”. Pedaqoq cəmiyyətin qadına sahib çıxmamasının acı nəticələr doğurduğunu deyib.

Görüşdə digər xanımların da problemin həlli istiqamətində fikir və təklifləri dinlənib. Onlar bu cür maarifləndirici tədbirlərin rayonun bütün kəndlərində keçirilməsinin vacib olduğunu vurğulayıblar.  

Qeyd edək, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.