Baxış sayı: 79
23-06-2017, 16:51


 

 “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirir.

Ucar rayonunda keçirilən tədbiri giriş sözü ilə açan “Ailə” Sosial Araşdırmalar  İctimai Birliyinin sədri Gülnarə Şəbiyeva öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Ucar Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Ucar rayon İcra Hakimiyyətinin başçısının müavini Şəhla Abdullayeva öz çıxışında mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. O, qadın siyasətinin Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını qeyd edib.

S.Qəhrəmanova insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin  zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat vermiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd olunmuşdur ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verib.

Layihənin eksperti Vəsilə Möhsümova çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə son illər rayonda məişət zorakılığı və erkən nikahla bağlı həyata keçirilən tədbirlər və mübarizə yolları barədə məlumat verib, daha sonra iştirakçıların sualları  ilə bağlı fikir mübadiləsi aparılıb.