•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Prezident İlham Əliyev: "Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir"

Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Ulu Aqro" MMC-nin Qax Aqroparkının açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Qax rayonunda aqroparkın yaradılması çox gözəl hadisədir. Çox şadam ki, bu torpaqlarda gözəl bağlar salınıb, işlər görülüb. Mənə verilən məlumata görə, burada, ilk növbədə, dövlət öz dəstəyini göstərib və özəl sektor sərmayə qoyub.
Aqroparkların yaradılması artıq ölkəmizdə dövlət proqramıdır və bu proses geniş vüsət alıb. Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır. Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaqdır. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq aqroparklarıdır. Beləliklə, bu dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına böyük xeyir gələcək, məşğulluq artacaq, insanlar işlə təmin olunacaqlar, yaxşı əməkhaqqı alacaqlar və ölkəmiz idxaldan asılılığı aradan qaldıracaqdır.
Qax aqroparkının yaradılmasına dövlət xətti ilə 13 milyon manat investisiya qoyulub. Bütün infrastruktur dövlət xətti ilə yaradılıb. Bundan əlavə, yeni açdığım kənd yolu da bu aqroparkın fəaliyyətinə əlavə dəstək olacaq. Bu kənd yolunun uzunluğu 44 kilometrdir və bölgələrdə salınan ən uzun kənd yollarından biridir. Ümumiyyətlə, Qax rayonunun inkişafı üçün bu yolun böyük əhəmiyyəti var. Dövlət, eyni zamanda, aqroparkın yaradılmasına güzəştli şərtlərlə kredit şəklində 2 milyon manat pul ayırıb və qalan işləri özəl sektor görüb. Dövlət-özəl sektor tərəfdaşlığı Qax aqroparkının timsalında əyani şəkildə özünü göstərir. Beləliklə, bizim siyasətimiz burada öz əksini tapır.
Azərbaycanın, xüsusilə bu ərazinin çox gözəl təbii şəraiti, gözəl iqlimi, münbit torpağı var. Sadəcə olaraq, biz bu imkanlardan böyük səmərə ilə istifadə etməliyik. Burada müasir suvarma sistemlərinin, ilk növbədə, pivot, damcılama sistemlərinin quraşdırılması, əlbəttə ki, məhsuldarlığın artırılmasına xidmət göstərəcək. İki min hektar ərazisi olan aqroparkın böyük hissəsi müasir suvarma sistemləri altındadır və burada salınan gözəl meyvə bağları - badam bağları artıq reallıqdır. Hələ bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər.
Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri - pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq.
Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük. Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq. Taxılçılıqda yaxşı nəticələr var. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir. Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir.
Məşğulluğun artırılması ilə bağlı özünüməşğulluq proqramı icra edilir və hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə özü iş quracaq və öz güzəranını yaxşılaşdıracaqdır.
İnfrastruktur layihələri Qax rayonunda da icra edilir, əvvəlki illərdə icra edilib, bundan sonrakı illərdə də icra ediləcək. Qeyd etdiyim kimi, kənd yolları salınır. Qax rayonunda qazlaşdırmanın səviyyəsi təxminən 70 faizə yaxındır. Biz 5 il bundan əvvəl içməli su, kanalizasiya layihəsini istifadəyə verdik. Qax şəhəri və bir neçə kənd indi 24 saat ərzində təmiz içməli su ilə təmin edilir. Böyük xəstəxana yenidən qurulub, Olimpiya İdman Kompleksi, turizm infrastrukturu yaradılıb və Qaxa gələn turistlərin sayı getdikcə artmaqdadır.
O ki qaldı, ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalına, keçən il Qax rayonunda tütünçülük, baramaçılıq, fındıqçılıq üzrə respublika müşavirəsi keçirilmişdir və bu sahələrə verilən dəstək öz nəticəsini göstərir. Mənə verilən məlumata görə, fındıq bağlarının sahəsi təxminən 30 faiz genişləndirilib, 900 min hektara çatıb.
Tütünçülüklə bağlı. Əgər üç il bundan əvvəl cəmi 300 hektarda tütün əkilmişdisə, hazırda 600 hektarda tütün əkilir və qurutma kameraları gətirilib quraşdırılır. Baramaçılığa gəlincə isə, Qax artıq bütün ölkəyə bu sahədə xidmətlər göstərəcək. Çünki bu gün açdığım Qax Damazlıq İpəkçilik Stansiyasının fəaliyyəti bütün ölkəmizi əhatə edəcək. Əgər üç il bundan əvvəl cəmi 200 kiloqram barama tədarük olunmuşdusa, bu il 500 ton barama tədarük edilib və daha da artacaq.
Qax rayonunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Bu aqroparkın yaradılması dediyim sözlərə əyani sübutdur. Burada işləyən vətəndaşlara uğurlar arzulayıram. Arzu edirəm ki, Qax aqroparkı ölkəmizin ən qabaqcıl aqroparklarından birinə çevrilsin.
Sizi bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram".
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube