Baxış sayı: 249
27-12-2016, 20:33


Yeni ilə sayılı günlər qalıb. Bayram ərəfəsində öncə hamımız  keçdiyimiz ilə nəzər salır, dəyərləndirir və gələcək il üçün yeni planlar qurur, yaxşı olmasını diləyirik. İl dəyişən zaman yüz minlərlə insan yeni ildə reallaşdırmaq üçün bəzi qərarlar alır, qarşısına məqsəd qoyur.

Amerika universitetlərinin birində aparılan araşdırma nəticəsində məlum olub ki, qarşısına yeni il üçün məqsəd qoyan insanların 90 faizi öz arzusuna çatmayıb. Yəni, heç də  il insanların arzuladığı, planlaşdırdığı kimi keçmir. Buna görə də mütəxəssislər istək və arzuları həyata keçən insanlar üzərində yenidən araşdırma aparıb, onların istək və arzularını həyata keçirmə qabiliyyətinin nədən qaynaqlandığını müəyyənləşdirməyə çalışıblar.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, əslində insan ilin istənilən vaxtı həyatını dəyişməyi, arzu və istəklərinə çatmağı qarşısına məqsəd kimi qoya bilər. Ancaq bir çox iradəsiz insanlar bunu yeni il ərəfəsinə saxlayırlar. Deyirlər Yeni ili necə qarşılasan, il elə də keçər. “Yeni ildə qarşınıza məqsədlər qoya bilərsiniz. Amma bu məqsədlər sizin zəif nöqtələrinizlə əlaqəli olmamalıdır”.

Bəs qarşıya qoyulan məqsədləri necə gerçəkləşdirmək olar? Psixoloq bildirir ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün cümlələri müsbət şəkildə qurmaq lazımdır: “Həyatı çox da ciddiyə almayın. Məsələn, “Bu il özümə yeni iş tapmağa çalışacağam” demək əvəzinə “özümə yeni iş tapdım” deyə  özünüzü həvəsləndirin. Və yaxud həyatınızda sevdiyiniz, tərəf müqabili olduğunuz biri yoxdursa, “mən çox xoşbəxtəm, sevilirəm” deyin. Bu zaman həyatınız müsbətə foğru dəyişəcək. Əgər Yeni ildə özünüzə yeni avtomobil almağı düşünürsünüzsə, onun markasını da dəqiqləşdirin. Yəni taleyinizdən istədiklərinizi konkret deyin. Hədəflərinizlə bağlı olan cümlələri konkret şəkildə qurun və elə də yazın. Siyahı tutun. Sizin üçün ən önəmli olanları sıralama ilə yazın. Daha sonra hədəflərinizə çatmaq üçün addımlayın”.

Həmsöhbətimizin sözlərinə görə, hədəflər konkret şəkildə yazıldığı zaman onları həyata keçirmək də daha asan olur. “Məsələn, “mən bu ildən məşqə başalayacam” əvəzinə “həftənin çərşənbə, bazar günləri idmana gedəcəyəm” yazın. Bütün istəklərinizi bir kağıza yazıb, hər gün görə biləcəyiniz bir yerə asın. Bu isə hədəflərinizə çatmaqda yardımçı olacaq.  Hər gün kağıza yazdıqlarınız hədəflərinizi yadınıza salacaq”.

F.Mehmanqızı deyir ki, hədəflərə nail olmaq üçün onları dəqiqliklə təyin etmək lazımdır. Çünki nə istədiyini bilməyən insan heç nəyə çata bilməz. Hədəflərinizi təyin etdiyiniz zaman bunun sizin üçün önəmli olduğuna, iqtisadi vəziyyətinizə, təqviminizə, ailənizin ehtiyaclarına da diqqət edin. Əks halda, hədəflər hər il olduğu kimi gələn yeni il ümidi ilə xəyal olaraq qalar.

Müsahibimiz bildirir ki, hədəflərin həyata keçməsi üçün özünüzə və ailənizə bir zaman cədvəli hazırlamalısınız. “Hədəflərinizi hansı zamana qədər reallaşdıra biləcəyinizi təxmin edərək həmin cədvəldə qeyd edin. Və hər bir istəyinizə çatdıqca qeyd etdiyiniz hədəfi işarələyin. Bu cədvələ baxıb etdiklərinizi görmək sizi ruhlandıracaq. Ən başlıcası isə hədəflərinizə çatmaq üçün özünüzə inanın.  Hədəflərinizi ailənizlə paylaşın. Ən çox da reallaşan hədəflərinizdən danışın”.

İnsanlarla aranızda sərhəd çəkməyi öyrənin. Sərhədləriniz sayəsində yoldaşlarınızın, yaxınlarınızın səhvlərinin azaldığını görəcəksiniz. Hər bir anın həzzini yaşamağı bacarın. Rahatlıq, sevgi, pul, uşaqlar və yoldaşlarınızla münasibətlərinizin hər anını dəyərli hesab edin. Sizə toksik təsir edən insanları həyatınızdan tamamilə çıxarın. Belə “maskalı” olduğuna qərar verdiyiniz insanlara zamanınızı və enerjinizi azaltmağa imkan verməyin. Unutmayın ki, yaşadığınız həyat qiymətlidir və onu necə yaşayacağınıza ancaq siz qərar verə bilərsiniz.


 ekspress.az